Nofəl Vəliyev mükafatlandırıldı FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev 18-23 avqust tarixlərində Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində "Teatr tətili" yay məktəbində iştirak edib. Bu il yaradılan və Türkiyənin müxtəlif şəhərlərindən məşhur teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə aktyorumuz ustad dərsləri ilə çıxış edib. SİA-nın məlumatına görə, 2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu "XV Direklerarası Seyirci Ödülləri" qurumunun qərarı ilə adıçəkilən aktyorumuz iki nominasiya ilə də mükafatlandırılıb.

"Ən yaxşı rejissor işi" nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Türkiyə Cümhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb.

"Türkiyə xaricində mükafata layiq görülən teatrlar" nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin may ayında Türkiyə Cümhuriyyəti Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən "Qaçaq qocalar" tamaşası layiq görülüb.

Qeyd edək ki, sözügedən tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə