İkram Manafov mükafatlandırılıb
Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Atabala oğlu Manafov 2015-ci ilin 12 avqust tarixində 50 yaşı tamam olması münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunmuş və mükafatlandırılıb. SİA-nın məlumatına görə, İkram Manafov 30 ildən çoxdur ki, mədəniyyət və musiqi təhsili sahəsində çalışır, 2001-ci ildən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. O öz vəzifə borcunun öhdəsindən bacarıqla gəlir, daima yüksək peşəkarlıq nümayiş etdirir, çalışqanlığı, işgüzarlığı, təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilir. İ.Manafov məktəbdə təlim-tərbiyə prosesinin təşkili, istedadlı uşaqların üzə çıxarılması, beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli iş aparır. Məktəbin şagirdləri respublikada və xarici ölkələrdə keçirilən müxtəlif mədəni tədbirlərdə, müsabiqə və festivallarda fəal iştirak edirlər. İ. Manafovun müəllim və ifaçı kimi fəaliyyəti də təqdirəlayiqdir.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İkram Manafov Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə (mədəniyyət sahəsində) Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə