M.Ə.Sabir Fondu yeni layihə üzərində çalışır

M.Ə.Sabir Fondu yeni layihə üzərində çalışır

Bu gün görkəmli şair Mirzə Ələkbər Sabirin anadan olmasının 153-cü ildönümü münasibətilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə şairin adını daşıyan fondun rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Sevda Tahirli açıb. O, çıxışında bildirib ki, M.Ə.Sabir Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaratmış böyük satirik ustad, mahir pedaqoqdur. Azadlıq ideyaları, istiqlal uğrunda mübarizə aparan şairin mövzu problematikası çox geniş, tənqid hədəfləri, ifşa üsulları güclüdür. Şairin nəvəsi Sevda Tahirli vurğulayıb ki, Sabirin xalqı qəflət yuxusundan oyatmaq, ictimai quruluşun dəyişməsi amalı yolunda apardığı mübarizə sərhəd tanımayıb. Onu bir ölkə çərçivəsindən çıxarıb dünyanın şairinə, yoxsulların, əzilənlərin, hüququ əlindən alınan insanların müdafiəçisinə çevrilib.

S.Tahirli fondun yeniliklərindən də söz açıb. O, bildirib ki, fondun fəaliyyətinin əsas məqsədlərindən biri cəmiyyətimizə insanların milli dəyərlərimizə sahib çıxa bilməsi və onların qorunması, eləcə də Sabirin hər zaman vurğuladığı kimi, insanlarda xüsusilə gənclərdə vətənpərvərlik hissini daha da dərinləşdirməkdən ibrətdir: " Buna görə də biz imkanlarımız daxilində bu məqamlara diqqət yetirməyə çalışırıq. İlk hədəfimiz "dilimiz" olub. Bu bir sirr deyil ki, hazırda cəmiyyətin müxtəlif sahələrində dilimizin tətbiqi zamanı mütəmadi olaraq bir çox ürəkağrıdıcı hallara yol verildiyinin şahidi oluruq. Bunlara Televiziya və radio məkanlarından tutmuş, internet saytlar, hər növ xidmət sahələri də daxil olmaqla reklam və elanlarda, eləcə də digər sahələrdə rast gəlinir. Vəziyyət ciddi bir həyəcan, haqlı narahatlıq yaratdığından bu sahədə layihə üzərində çalışırıq. İstiqamətimiz Azərbaycan ədəbi dilinin müasir dövrdəki vəziyyətinin monitorinqidir. Doğrusu, ötən iki il ərzində bu sahədə bəzi addımlar atmışıq və bundan sonra da sözügedən məsələni diqqətdə saxlamaq niyyətindəyik".

Qeyd edək ki, sonra müxtəlif KİV-ləri təmsil edən nümayəndələrlə milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra maraqlı təkliflər irəli sürülüb. Söhbət zamanı jurnalistlərə M.Ə.Sabirin "Hophopnamə"si hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə