“Azərbaycan mədəniyyəti” Daşkənddə FOTOLAR

“Azərbaycan mədəniyyəti” Daşkənddə FOTOLAR

Orta Asiyanın nüfuzlu ali məktəblərindən olan Daşkənd İslam Universitetində yaradılan Benəlmiləl tələbə hərəkatı ilk tədbirini Azərbaycana həsr edib. SİA-nın verdiyi məlumata görə, tədbirə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatı dəstək verib.

Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan diaspora təşkilatının əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Daşkənd İslam Universitetinin rektoru Rövşən Abdullayev tələbə hərəkatının ilk tədbirini Azərbaycana həsr etməsini bu qardaş ölkəyə olan sevgi və hörmətdən irəli gəldiyini qeyd edib. Rektor çıxışında Özbəkistanda Azərbaycanın zəngin mədəniyyətinə böyük maraq olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi Əlişir Nəvai dövründən başlanan Azərbaycan-Özbək dostluğunun tarixinin qədim dövrlərə təsadüf etdiyini qeyd etdi. O, Azərbaycan dövlətinin Özbəkistanla bütün sahələrdə, xüsusi ilə mədəniyyət sahəsində əlaqələrə xüsusi önəm verdiyini bildirmiş və Azərbaycanın müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin Özbəkistanla əlaqələrin yaradılmasında müstəsna rolundan danışıb.

Azərbaycan Diaspora təşkilatının icraçı direktoru Firdovsi Hüseynov və digər natiqlər tədbirin əhəmiyyətindən və iki xalq arasında dostluq münasibətləri barədə çıxış ediblər.

Daha sonra Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzlərinin və Daşkənd İslam Universitetinin birgə hazırladığı musiqi nömrələri, rəqslər və səhnəciklər təqdim edilmişdir. Azərbaycanlı müğənni Rəna Əzizova Azərbaycan mahnılarını, "Azərbaycan qızları" rəqs ansamblı isə milli rəqslərimizi ifa etmiş, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərindən səhnələri iştirakçılara təqdim edilib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair suvenirlərin, milli musiqi alətlərinin sərgisi keçirilib, habelə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Özbəkistan-Azərbaycan əlaqələri, Ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, dağlıq Qarabağ münaqişəsinə dair kitablar Universitetin müəllim və tələbə heyətinin marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə