“İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür” FOTOLAR

“İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür” FOTOLAR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş "İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür" mövzusunda elmi-nəzəri konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Universitetin rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, universitetin Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev, xalq artisti, professor Bəsti Cəfərova, xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, filologiya elmləri doktoru, professor Aqşin Babayev, xalq artisti Canəli Əkbərov və başqaları iştirak ediblər.

Konfransı Universitetin rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq bugünkü tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib.

Ardınca isə Universitetin "Rejissor sənəti" fakültəsində hazırlanmış "Həmişəyaşar sənətkar-İlyas Əfəndiyev" adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

"İlyas Əfəndiyev teatrı milli özünüdərkin və milli-mənəvi dəyərlərin güzgüsüdür" mövzusunda məruzə edən universitetin Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev İlyas Əfəndiyev yaradıcılığının klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə bağlı olduğunu bildirib: "Ədəbi qəhrəmanlarını dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvür etmək mümkün deyil. İlyas Əfəndiyev dramaturgiyasının bədii-psixoloji məziyyətlərini təhlil edərək onu Azərbaycan mədəniyyəti tarixinin "İlyas Əfəndiyev mərhələsi"dir. Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda tapdı. Ədib özünün "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" və s. tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib".

Konfransda çıxış edən xalq artisti, professor Bəsti Cəfərova İlyas Əfəndiyev pyeslərinin tamaşaları Akademik Milli Dram Teatrının tarixində adi tamaşalar olmadığını diqqətə çatdırıb: "Onların hər biri yeni sənət qələbəsindən, kamil və möhtəşəm obrazlardan xəbər verir. Mən İlyas Əfəndiyev yaradıcılığını "Böyük sənət qələbəsi" adlandırardım".

Yaradıcılığında sənətlə şəxsiyyətin vəhdətindən danışan filologiya elmləri doktoru, professor Aqşin Babayev Azərbaycan ədəbiyyatının nəhəng siması, görkəmli yazıçı və dramaturq, ictimai xadim, yaradıcılığı ilə teatr aləmində lirik-psixoloji üslubun təməl daşını İlyas Əfəndiyevin qoyduğunu söyləyib: "İ.Əfəndiyevin qəhrəmanları mərd, mübariz, heç nədən qorxmayan, heç kəsin qarşısında əyilməyən insanlardır. Bu qəhrəmanların hər biri İlyas Əfəndiyevin şəxsi keyfiyyətlərinin ruporudur. Sənəti ilə şəxsiyyəti vəhdət təşkil edən İlyas Əfəndiyev haqqında çox xatirələr işıq üzü görüb. Bu xatirələrin hər birində İlyas müəllimin bənzərsiz sənətkarlığından, böyük ürəyindən, səxavətindən, əyilməzliyindən, mərdliyindən, kişiliyindən, əsilzadəliyindən söz açılır".

Qeyd edək ki, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş "İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür" mövzusunda elmi-nəzəri konfransı yekunlaşdıran ADMİU-nun rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev İlyas Əfəndiyev ədəbi irsinə verilən yüksək qiymətə görə konfrans iştirakçıları və şəxsən öz adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə