"Söz mətbəxi" kitabı təqdim olundu

Bu gün Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun "Söz mətbəxi" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda millət vəkilləri Qənirə Paşayeva, Rafael Hüseynov, İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisdə insan hüquqları komitesinin üzvü Aytən Mustafayeva, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, Təbii üsullarla müalicə edən həkim-loğman Seyfəddin Əsəd, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri ilk olaraq Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov açaraq insanları yeməyə sadəcə qida kimi deyil, həm də sənət əsəri mövqeyindən baxmağa dəvət edib: "Mən bu kitabı yazmaq fikrində deyildim. Çünki nə yazıçı, nə də şair deyiləm. Mənim bir neçə cızma-qaramı görəndə çox böyük alimimiz Məhərrəm Qasımlı onları özünün "Folklor və Etnoqrafiya" jurnalında çap etməyə başladı. Beləliklə, bu kitabın yazılmasına sizin dəyərli vaxtınızın sərf edilməyinin səbəbkarı, günahkarı Məhərrəm müəllimdir. Mən dünyaya, hadisələrə mətbəxdən baxdığım üçün əlbəttə ki, nədən yazdığıma baxmayaraq, hər yerdən mətbəx gələcək".

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva sözügedən kitabı böyük tövhə hesab etdiyini dilə gətirib: "Tahir müəlllim peşəkar olduğu üçün etdiyi işləri də elm ilə əsalandırır. Təbii ki, bu da çox sevindirici haldır. Millətin tarixi həm də onun mətbəxinin mədəniyyətindən başlayır. Tahir müəllim də Azərbaycan mətbəxini kifayət qədər ölkədən kənarda yüksək səviyyədə təbliğ edir. Tahir Əmiraslanovun kitablarının xaricdə də nəşr olunmasını istərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə