Azərbaycan nümayəndə heyəti Beynəlxalq Avropa Konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Avropa Konfransında iştirak edib

Litva Respublikasının paytaxtı Vilnüs şəhərində "Mədəni İrs və Aİ 2020 - vahid yanaşmaya doğru" mövzusunda Beynəlxalq Avropa Konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda mədəni irsin qorunması, təbliği və bərpası üzrə Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurası, dövlət müəssisələri və sivil təşkilatları təmsil edən rəsmilər, eləcə də bu sahə üzrə yerli və xarici mütəxəssislər iştirak ediblər.

Litva Respublikasının mədəniyyət naziri Birutis Sarunas beynəlxalq konfransın Avropa İttifaqının dəstəyi ilə mədəni irs siyasətinə həsr olunduğunu bildirərək, bu sahədə yerli, regional, milli və ümumavropa miqyasında əməkdaşlığın vacibliyini qeyd edib. Avropa Komissiyasının təhsil, mədəniyyət və gənclər məsələləri üzrə direktoru Yan Tuşinski Komissiya tərəfindən həyata keçirilən layihələr, xüsusilə Avropa İrs Günləri layihəsi barədə məlumat verərək, mədəni irs abidələrinin sosial faydalılığının artırılmasının əhəmiyyətini vurğulayıb. Avropa Parlamentinin üzvü Silvia Kosta parlamentdə üzv olduğu Mədəni İrs Komitəsinin fəaliyyətinə toxunaraq mədəni irsin müxtəlif sahələrdə inkişafı üçün strateji resurs olduğunu və özündə bütün Avropanın dəyərlərini əks etdirdiyini bildirib: "Yeni kreativ Avropa" layihəsi barədə məlumat verən Silvia Kosta Avropa strukturlarını və ölkələrini bu layihəni və ümumilikdə layihədə qeyd olunan mədəni sahəni daha çox dəstəkləməyə çağırıb. Avropa Şurasının Demokratiya direktorluğunun rəhbəri Snezana Samariç-Markoviç mədəni irs sahəsinin böyük iqtisadi potensiala malik olduğunu bildirib, həmçinin Faro Konvensiyasının tətbiqindəki çətinliklərdən, mədəni irs sahəsinə ayrılan maliyyə vəsaitinin yetərsizliyindən və yerli icmaların mədəni irsin qorunmasına cəlb olunmasının vacibliyindən bəhs edib. Mədəni irsin qorunması və bərpası sahəsində Avropanın nüfuzlu qeyri-hökumət təşkilatı - Europa Nostra təşkilatının icraçı direktoru Snezana Quadvliq-Mixailoviç Europa Nostranın Avropanın 50 ölkəsindən 250 üzv təşkilatı özündə birləşdirdiyini bildirərək, il boyu mədəni irsin mühafizəsinə həsr olunmuş tədbirlərin keçirildiyini və bu sahənin populyarlaşdırılması üçün Avropa strukturları ilə sıx əməkdaşlıqların qurulduğunu qeyd edib.

Tədbir noyabrın 14-də mədəni irsin ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və yerli iqtisadi inkişaf sahələri ilə inteqral əlaqəsinə həsr olunmuş paralel sessiyalarla davam edib. Tədbirin sonunda konfransın qətnaməsi qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və konfransda iştirak edən beynəlxalq təşkilatların, dövlət müəssisələrinin və eləcə də qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı V.Əliyev Azərbaycanda mədəni irs sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, mədəni irsin mühafizəsi, bərpası və təbliği ilə əlaqədar ölkəmizin beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiyini deyərək, qeyd edilən sahə üzrə beynəlxalq təcrübə mübadiləsinin aparılmasının mühüm addım olduğunu bildirib.

Qeyd edək ki, tədbirdə qonaq qismində iştirak edən nüfuzlu təşkilatların rəhbər şəxsləri ölkəmizi növbəti illərdə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslarda iştirak etməyə dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə