Açılışda Ədalət Vəliyev erməni işğalı altında qalan şəhərlərin teatrlarından danışıb
Bu gün Akademik Milli Dram Teatrında II Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılışı olub. SİA-nın məlumatına görə, ilk olaraq Ədalət Vəliyev çıxışında bildirib ki, son illər Azərbaycan teatrının inkişafı ilə bağlı bir sıra vacib tədbirlər həyata keçirilir.
Onun szölərinə görə, tarixən zəngin inkşaf yolu keçən Azərbaycan teatrı hazırda da inkşaf etməkdədir: "Teatrın inkşafına ən böyük töhfəni Prezident İlham Əliyev verib. Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında prezidentin sərəncamı bu sahənin inkişafını sürətləndirir".
Çıxışında Azərbaycan teatr sənətinin tarixindən, görülən işlərdən söhbət açan nazir müavini erməni işğalı altında qalan şəhərlərin teatrları haqqında məlumat verməyi də unutmayıb. O, Şuşa Dövlət Musiqili Dram, Ağdam, Füzuli, İrəvan Dövlət Dram teatrlarının qaçqın vəziyyətə düşdüyünü, binalarının dağıdılıb yandırıldığını, əmlakının talan edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən UNESKO-nun Sülh Artisti, Beynəlxalq Teatr İnstitutunun vitse prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi vurğulayıb ki, Azərbaycanla əlaqələr qurmaqda olduqca böyük maraq var: "Çalışaq ki, hər zaman sülh mədəniyyətimiz olsun. Bunun üçün də incəsənət hər zaman öz sözünü deyə bilir".
Konfrans zamanı I Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan foto-sərgilər nümayiş olunub. Konfransdan sonra "Milli identifikasiya və inkişaf" komitəsinin idarə heyətinin toplantısı keçirilib.
Konfrans çərçivəsində baş tutacaq tədbirlərdə MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80-dan çox qonaq, o cümlədən Litva Mədəniyyət Nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone və bir sıra qonaqlar iştirak edir.
Məlumat üçün bildirək ki, konfrans çərçivəsində bu gün həmçinin Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə "Qadın intizarı", noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında "Vağzal heç yerə getmir" tamaşaları göstəriləcək. Noyabrın 7-də isə Mişel Vaysın (10.00 - 11.45, Milli Dram Teatrı) iştirakı ilə seminarlar keçiriləcək.
Qeyd edək ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB