Samir Kərimoğlu: “Çünki bizdə praktika yoxdur”- MÜSAHİBƏ

Bu dəfəki müsahibim gənc rejissor Samir Kərimoğludur. İstedadlı rejissorun kinoya vəsiqəsi "Sirat körpüsü" kommersiya filmi ilə olub. Film tamaşaçı sevgisini qazanmaqla yanaşı peşəkarlar tərəfindən də rəğbətlə qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyinin gənclərə ünvanladığı "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkdiyi "Qanadlarıma sığal çək" qısametrajlı filmin uğuru ona bəslənən ümidləri doğruldub. Ardınca ilk böyük layihə - "Niyyət" tammetrajlı bədii filmi gəldi və dövlətdən ilk tammetrajlı film layihəsi alan gənc rejissor olub. Sözügedən ekran əsəri "İlin filmi" nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatına layiq görülüb.

Samir Kərimoğlunun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- İlk gənc rejissor olaraq dövlət tərəfindən tam metrajlı film çəkmək etibarı qazandınız. Etibar qazanası nə etmişdiniz?

- İlk olaraq 2006-cı ildə çəkdiyim "Sirat körpüsü" bunun üçün bir yol oldu. "Qanadlarıma sığal çək" filmi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çox xoşuna gəldi. "Bu meydan, bu ekran" müsabiqəsində film bəyənildi. Bundan sonra göstəriş gəldi ki, mənə tammetrajlı filmin çəkilişlərini versinlər.

- Bir çoxları yaxşı filmin ərsəyə gəlməməsi üçün maliyyə vəsaitinn az olmasını əsas gətirirlər. Teleserialların daha da təkmilləşməsi üçün dövlət büdcəsindən 5 milyon məbləğində vəsait ayrılıb. Sizcə bu kino sahəsinin inkişafına təkan olacaqmı?

- Mütləq nədənsə başlamaq lazımdır. Düşünürəm ki, bu da yaxşı göstəricidir.

- Baxmayaraq ki, o zamanki filmlər köhnə texnika ilə çəkilirdi, ancaq hələ də unudulmayıb. İndiki filmlər isə tam yadda qalmır. Buna səbəb nədir?

- O zaman tamam başqa sistemlə işləyirdilər. Onu da xüsusi qeyd edim ki, Azərbaycanda kino sahəsində 20 il fasilə oldu. Bu da kiçik rəqəm deyil. Buna baxmayaraq 3-4 il olar ki, kino sahəsində yenidən dirçəliş baş verir. İnanıram ki, yaxın gələcəkdə bizim kino sahəmiz bundan da artıq inkişaf edəcək. Ən azından peşəkar kadrlarımız çoxalır.

- Rüstəm İbrahimbəyovun Kino Akademiyasında təhsil almısınız. Həmin akademiya niyə fəaliyyətini davam etdirə bilmədi?

- Dəqiq məlumatım elə də yoxdur, ancaq maddi vəsait baxımından bağlandığı deyilir.

- Filmlərinizdə ən çox psixoloji janrlara müraciət edirsiniz. Bu mövzuda işləmək sizə rahatdır?

- Digər mövzulara da müraciət etmişəm. Hazırda da yeni filmin ssenarisi üzərində işlər gedir. Bu sahədə çəmək mənə rahatdır. Drama psixologiyaya daha yaxındır. Komediya janrını elə də xoşlamıram. Hal- hazırdada bu barədə düşünmürəm.

- Serial çəkmək fikriniz varmı?

- Serial çəkmək fikrim var. Təklif də var. Başqa layihə üst üstə düşdüyünə görə ola bilsin ki, gec olsun. əlimdə iki ssenari var. əsasən sosial problemlər burada öz əksini tapacaq. Bununla yanaşı, Eqor Konçaloviskinin "Bakı mən səni sevirəm" layihəsi başlayıb. Rusiyanın tanınmış rejissoru E. Konçaloviski 10 film çəkəcək ki, həmin filmlərdən biri mənim məhsulum olacaq.

- "Dirijor" adlı film çəkmək istəyirdiniz. Aqibəti necə oldu?

- "Dirijor" adlı film çəkmək istəyirdim. Ssenarini Kamran Ağabalayevlə birgə işləyirdik. Əgər bəyənilsə, dram janrında, 30 və 60 yaşlı iki musiqiçinin həyatından bəhs edən tammetrajlı film olacaq. Filmdə fərqli yaşda olan insanların tapdığı, söykəndiyi daxili həqiqətlərdən danışılır. Filmdə baş rola - yaşlı musiqiçi roluna xalq artisti Yaşar Nurini çəkməyi planlaşdırırdım. Ancaq aktyorun hazırdakı səhhətindəki vəziyyətlə bağlı hələ təxirə salınıb.

- Bildiyimiz qədəri ilə də həmin filmdə aktyor rolunda da özünüz çəkiləcəksiniz....

- Bəli belə istəyim var.

- Ancaq müsahibələrinizin birində "Sirat körpüsü"dəki rolunuzu səhv adlandırmışdınız...

- Əgər çəkilmişəmsə deməli səhv deyil. Buna baxmayaraq başqa filmdə çəkilmərəm. Hətta başqa bir rejissorun çəkdiyi filmdə də çəkilmərəm.

- Aktyorluğa xas olan hansı keyfiyyətləri özünüzdə hiss etdiniz ki filmdə çəkildiniz?

- Çünki özüm özümü yaxşı başa düşürəm. Ancaq başqası çətin ki, başa düşə bilər. Baxmayaraq ki, aktyorluq qabiliyyətim yoxdur, ancaq öz filmimdə işin içindən çıxa bilərəm.

- Filmlərinizdə çox vaxt qeyri- peşəkarlara üstünlük verirsiniz. Yoxsa peşəkarlarla işləmək çətin gəlir?

- Filmlərimin 70-80 %-də qeyri peşəkarlardan istifadə edirəm. Əksinə peşəkarlarla işləmək daha rahatdır. Peşəkarlara sözü bir dəfə deyirsən.

- Belə çıxır ki, çətinliklərlə işləmək xoşunuza gəlir...

- Bəli. Onlarda hər dəfə bir yenilik tapıram. Onlarla işləmək daha yaxşı olardı.

- Rejissorluq təhsili almamısınız. Özünüzü peşəkar rejissorlardan nə ilə fərqləndirirsiniz?

- Bu da bir istedaddır. Fərq yalnız stildə ola bilər. yaxşı və pis anlamı deyə bir anlam yoxdur.

- Özünüzü Azərbaycanda fəaliyyət göstərən rejissorlardan kimlərlə müqayisə edərdiniz?

- Pis və yaxşı deyə bir şey yoxdur. Fərqli bir janrlarda çalışanlar var. Yavər Rzayev, İlqar Nəcəf və bir çoxları. Onların ekranlaşdırdıqları filmlər isə bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüblər.

- Onlara baxıb nəsə götürürsünüz?

- Düzünü desəm yox. Ancaq xarici filmlərdən isə nəsə bəyənə bilərəm.

- Çəkilən bir çox filmlərimiz efir üzü görmür...

- Efirlərə çıxarılacaq. Nizami kinoteatrının açılışından sonra bir çox yeni çəkilən filmlərimiz orada nümayiş olunacaq.

- Bəlkə reklam işləri yaxşı təşkil olunmur...

- O işlərə prodüserlər məşğul olmalıdır.

- Bir çoxları da filmləri qazanc məqsədi ilə çəkirlər...

- Kino bazarı böyük bir təbliğatdır. Bunu tarixdə sübut edir.

- "Sirat körpüsü"nü yenidən çəksəydiniz nə yeniliklər edərdiniz?

- Başqa texnika ilə çəkərdim və o zaman daha yaxşı alınardı. Ancaq daha çəkmərəm. Oldu bitdi. Başqa vaxt o mövzulu bir şey çəkmək olar.

- Bizə yaxın hansı ölkənin kino sahəsi daha yaxşı inkişaf edib?

- Türkiyənin filmləri, serialları və reklamları maraqlıdır.

- Niyə onların filmlərinə baxanda daha təbii, bizimkilərdə isə süni alınır?

- Çünki bizdə praktika yoxdur. Azərbaycan kinosunun problemləri onun uzun illər durğunluq yaşamasından irəli gəlir. Amma ötən illərlə müqayisədə hal-hazırda millikino müsbət istiqamətdə irəliləyir. Təbii ki, qısa müddətdə mükəmməl film gözləmək real deyil. Amma zamanla bu da olacaq. Çünki bizim rejissorların potensialı buna imkan verir. Yetər ki, bu sahədə peşəkar komanda olsun. Türkiyədə isə kino sahəsi 20 ildir ki, inkişaf edir.

- Kinonun çəkilişinə nə qədər çox vəsait ayrılsa o qədər də yaxşı nəticə alınar. Bu fikirlə razısınız?

- Bu fikirlə razı deyiləm. Ssenaridən çox şey asılıdır. Əgər fantastika çəkirsənsə o zaman maliyyə lazımdır, çünki çoxlu texnikadan istifadə olunur. Həyati drama çəkirsənsə elə də çox vəsait lazım deyil.

- Döyüş filmi çəkmək arzunuz var...

- İstəyərəm. Bəlkə də tarixi mövzuda da film çəkərəm.

- Hansı tarixi qəhrəman haqqında film çəkərdiniz?

- Koroğlu haqqında çəkərdim. Çünki burada döyüş səhnələri az deyil.

- Bu sahənin insanları övladlarının bu sahəyə gəlməsini istəmirlər. çətinliklərə görə istəmirlər?

- Düzü qızımla, kiçik oğlumu epozodik rollarda, massovkalarda çəkmişəm. Amma böyük oğlumu "Sirat körpüsü" kinosunda çəkmişdim. Orda mənim oynadığım əsas rolun uşaqlığını canlandırmışdı. Bundan sonra isə ona başqa rejissorlar tərəfindən artıq təkliflər edilməyə başladı. Amma düzü mən övladlarımdan heç birinin bu sənəti davam etdirməsini istəməzdim. Yəni əslində kinoya çəkməklə onları bu sənətə öyrətmək istəmirəm. Oğlum çox istəsə razı olaram. Ancaq qızımı yox.

Bütün xəbərlər Facebook səhifəmizdə