Azərbaycanın Çex Respublikasındakı səfirliyi və diaspora fəalları tərəfindən ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün “Novruz xonçası” aksiyası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Praqanın tarixi mərkəzində yerləşən “BakuLounge”da təşkil olunan aksiyada iştirak edən bütün tələbələrə ənənəvi bayram şirniyyatlarından ibarət Novruz xonçaları paylanılıb.

Tədbirin açılışında çıxış edən səfir Yaşar Əliyev iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib. Səfir xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması barədə danışıb. Ölkəmizin son illərdə əldə etdiyi uğurları diqqətə çatdıran səfir Çexiyada təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. O, Çexiyada təhsil alan tələbələrimizə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması və qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.

Gün ərzində keçirilən aksiyaya Çexiyada təhsil alan yüzə yaxın azərbaycanlı və xarici tələbə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə