Ərzurumdakı Atatürk Universitetində Azərbaycanlı Tələbələr Dərnəyi, bu şəhərin Gənclər və İdman İdarəsi və Türk Dünyası Tələbə Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Ərzurum valisinin müavini Lokman Düzgün, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Ərzurum Texniki Universitetinin rektoru, professor Bülent Çakmak və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Ərzurum valisinin müavini qardaş Türkiyə və Azərbaycan xalqları arasında ortaq tarix və mədəniyyətə əsaslanan dostluğun sarsılmaz olduğunu qeyd edib.
O, Ankaranın qardaş ölkənin tarixinin ən çətin dövrlərində Bakının yanında olduğunu vurğulayıb. L.Düzgün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycan xalqının sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri isə bizim kədərimizdir” sözlərini xatırladıb, Türkiyənin də problemlər və çətinliklər qarşısında Azərbaycanın qardaş dəstəyini hiss etdiyini vurğulayıb.
Vali müavini 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi iki ölkə arasında həmrəyliyin ən yaxşı nümunəsi adlandırıb.
O əlavə edib: “Bizim birliyimizə daha bir nümunə, əlbəttə ki, 2023-cü ildə baş verən dağıdıcı zəlzələlər fonunda Azərbaycanın Türkiyəyə göstərdiyi yardımdır”.
Sonra konsert proqramı olub.
İştirakçılar üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət süfrə açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə