Müasir musiqinin ən parlaq nümayəndəsi olan görkəmli bəstəkar

Ötən əsrin 90-cı illərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığımız illərdə bir çox tanınmış müəllimlərdən, sənətkarlardan dərs almış, onların sayəsində musiqinin sirlərinə bələd olmuşuq. Həmin dövrdə bizə dərs deyən müəllimlərdən biri də Firəngiz xanım Əlizadədir. 1990-cı illərdə Firəngiz xanım yaradıcılıqla məşğul olmaqla yanaşı, həm də gözəl müəllim kimi maraqlı mühazirələr aparır, pedaqoji işlə məşğul olurdu. Firəngiz xanım bizə “Orkestr musiqisi tarixi”ndən mühazirələr oxuyurdu. Bu maraqlı, rəngarəng, hərtərəfli mühazirələrdə geniş dünyagörüşü ilə yanaşı, gözəl nitq qabiliyyəti olan Firəngiz xanımın geniş erudisiyası, savadı bizi heyran edirdi. Təbiidir ki, Qara Qarayev kimi möhtəşəm bəstəkarın yetirməsi olan Firəngiz xanım bütün müasir dünya musiqisindən xəbərdar idi. Klassik bəstəkarların əsərləri ilə yanaşı o, daim mühazirələrdə bizim diqqətimizi müasir bəstəkarlara yönəldir, onların musiqisini həm disklərdə səsləndirir, həm də özü fortepianoda ifa edirdi. Məhz bu məşğələlər, onun mühazirə və seminarları sayəsində biz XX əsr dünya musiqisinin tanınmış bəstəkarları – Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Bela Bartokun yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə etdik.

Firəngiz Əlizadə dünya səviyyəsində tanınan bir bəstəkar, Qara Qarayev məktəbinin davamçısıdır. Bu ziyalı xanım 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Sədridir. Onun fəaliyyəti və yaradıcılığı layiqincə qiymətləndirilmiş, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir. 1998-ci ildə Firəngiz xanım professor elmi adına layiq görülmüşdür. Bəstəkar “Uğur”, “Zirvə” mükafatı, AMEA-nın “Üzeyir Hacıbəyli” mükafatı, “The Frist” mükafatı ilə təltif edilmişdir. 2019-cu ildə “Nəsimi ilahiləri” (“Nasimi Passion”) əsərinə görə dünyanın ən nüfuzlu təşkilatlarından biri olan “Aga Khan Music Award – 2019” (creation) Beynəlxalq Musiqi mükafatına layiq görülmüşdür. 2022-ci ilin may ayında isə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə möhtərəm Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Firəngiz xanım respublikanın musiqi üzrə bütün ictimai tədbirlərinin keçirilməsində böyük fəaliyyət göstərir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən bütün “Muğam Aləmi” Beynəlxalq Musiqi Festivallarına rəhbərlik etmişdir. F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəki şəhərində keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, eləcə də “Üzeyir dünyası” layihəsinin koordinatoru və baş redaktoru kimi fəaliyyət göstərir. Firəngiz xanımın ilk növbədə ictimai fəaliyyətini vurğulamağımız heç də təsadüfi deyildir. Azərbaycanın musiqi-ictimai həyatında bu qədər fəal və məhsuldar çalışaraq fəaliyyət göstərən başqa bir bəstəkar tapmaq çox çətindir. Firəngiz xanım “Azərbaycan muğam ensiklopediyası”nın, eləcə də Heydər Əliyev Fondunun nəşr etdiyi “Üzeyir dünyası” layihəsinin koordinatoru və baş redaktorudur. O, 1986-1991-ci illərdə Bakıda ilk dəfə keçirlən “Müasir Musiqi Festivalı”nın təşkilatçılarından biri olmuşdur.
Firəngiz xanımın yaradıcılıq tərcümeyi-halının bəzi səhifələri onun xarici ölkələrdəki fəaliyyəti ilə bağlıdır. 1992-1998-ci illərdə bəstəkar Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında çalışmışdır. 1999-2007-ci illərdə Almaniya Berlin İncəsənət Akademiyasında bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.

Firəngiz xanım həm də bacarıqlı musiqişünas-alimdir. O, 1994-cü ildə “Azərbaycan bəstəkarlarının simfonik musiqisində orkestr üslubunun formalaşması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1998-ci ildə Firəngiz Əlizadənin “Azərbaycanın simfonik musiqisi” adı monoqrafiyası nəşr edilib.

Firəngiz xanım gözəl nitq qabiliyyətinə malik natiq və mühazirəçidir. 2013-cü ildə onun Avropada – Almaniyanın Berlin şəhərində keçirdiyi ustad dərslərinə dünyanın müxtəlif ölkələrindən – ABŞ, İngiltərə, Fransa, Çexiya, Polşa, İsraildən bir sıra gənc bəstəkarlar toplaşmışdılar. Bu ustad dərsinə olan dəvətnamədə Firəngiz xanımın adı “müasir musiqinin ən parlaq nümayəndəsi olan görkəmli bəstəkar” kimi qeyd edilmişdi.

Dünya musiqiçiləri Firəngiz xanımın yaradıcılığını müxtəlif obrazlı ifadələrlə səciyyələndirirlər. Bəziləri onu Qərbdə müasir klassik musiqi sahəsində böyük uğurlar qazanmış müsəlman aləminin yeganə nümayəndəsi adlandırırlar (Doktor Hans Sikorski). Firəngiz xanımın adı XX əsr musiqisinə böyük yeniliklər gətirmiş A.Şönberq, A.Berq, C.Keydj, O.Messian, D.Şostakoviç, V.Lyutoslavski kimi bəstəkarlarla bir sırada çəkilir. Firəngiz xanımın əsərləri dünyanın ən tanınmış ifaçıları – Mstislav Rostropoviç, Hillari Hahn, Yo-Yo Ma, Evelin Qlenni, Yulius Berger, eləcə də ən məşhur orkestr və ansambllar tərəfindən ifa edilir.

Bəstəkarın yaradıcılığında iki aləm – Şərq və Qərb qovuşaraq uzlaşır. Firəngiz xanımın yaradıcılığının özünəməxsusluğu ondadır ki, bəstəkarın musiqisi qədim muğam sənəti ilə müasir bəstəkarlıq texnikasının kəsişməsində yaranmışdır. 1979-cu ildə yaranmış “Habilsayağı” əsəri buna parlaq nümunədir. Kamança ustası, istedadlı ifaçı Habil Əliyevin çalğısından ruhlanan bəstəkar Qərb aləti olan violonçeli sanki kamança kimi danışdırır. Bəstəkarın məşhur “Kronos” kvarteti üçün “Muğamsayağı” əsəri “Habilsayağı”nın ənənələrini davam etdirir. “Ağ atlı oğlan haqqında əfsanə” rok-operasında isə (libretto şair Dilsuz Mustafayevə məxsusdur) muğam intonasiyaları estrada musiqi ritmləri ilə birləşir.

F.Əlizadənin Amsterdamda keçirilən III Beynəlxalq Flamenko festivalı üçün bəstələdiyi “Muğ-flamenco” əsəri xanəndə, flamenko ifaçısı və ansambl üçün nəzərdə tutulmuşdur. Flamenko və muğamın sintez edildiyi bu kompozisiyada tar, xanəndə partiyası və qəzəlxan, şair Əliağa Vahidin “Ey gül, sənə qəlbimdə məhəbbət yenə vardır...” qəzəli istifadə edilmişdir.

2001-ci ildə Almaniyada yaşayan bəstəkarın burada yaranıb ərsəyə gələn “Bayatılar” əsəri Azərbaycan musiqisində müşayiətsiz vokal kvartet janrının ilk nümunəsidir.

“Gottes ist der Orient” əsərinin premyerası 28 may 2000-ci ildə – bəstəkarın ad günündə Almaniyanın Köln şəhərində keçirilmişdir. Avropada (Almaniya, İsveç, Danimarka) dəfələrlə ifa olunduqdan sonra 2013-cü ildə V.Şapiro (dirijor) tərəfindən ABŞ-ın Nyu-York şəhərində ilk dəfə təqdim olunmuşdur. Azərbaycan və alman dilində bəstələnən bu kantatada bəstəkar Höte və Nizaminin poeziyasına istinad etmişdir.

F.Əlizadə Azərbaycan klassik poeziyasının vurğunudur. “Nasimi passion” kimi orijinal əsərində bəstəkar mədəniyyətlərin dialoqu ideyasını həyata keçirərək, böyük şairin iztirablarını əks etdirmişdir. Nəsimi poeziyası ilk dəfə bəstəkarı “Zikr” əsərində (1994) maraqlandırmışdır. Sonra bəstəkar Nəsimi ilə bağlı “Dərviş” septetini yaradır. Əsərdə violin, viola və violonçel alətləri ilə yanaşı, həm də milli musiqi alətləri – ney, tütək, qoşanağara, qanun səsləndirilir. Bəstəkarın bu silsilədən olan “Nasimi passion”u Azərbaycan dilində yazılmış ilk passiondur. Bu əsər “Amsterdam Royal Concertgebow” mədəniyyət təşkilatının sifarişi ilə yaranmışdır. “Nasimi passion”a görə F.Əlizadə 2019-cu ildə Portuqaliyanın paytaxtı Lissabonda “Aqa Khan Foundation” Beynəlxalq fondunun ilk dəfə olaraq musiqi sahəsində təsis etdiyi “Aga Khan Music Award” mükafatına layiq görülmüşdür. “Nasimi passion” əsəri sonradan səhnələşdirilərək, vokal-xoreoqrafik poema kimi səslənmişdir və 2019-cu ilin sonunda “Nəsimi ili”nə yekun vurmuşdur.

Bəstəkarın ilk baleti olan “Boş beşik” Türkiyədə Mersin Opera və Balet Teatrının binasının açılış mərasimi üçün xüsusi sifarişlə bəstələnmişdir. Alleqorik xarakter daşıyan bu baletdə (türk yazıçısı Nicat Cüməlinin eyniadlı poeması əsasında) fəlsəfi ideyalar, insanla təbiətin vəhdəti verilir.

F.Əlizadənin kamera-instrumental əsərlərinin musiqisi əsasında baletlərin yaradılaraq səhnə təcəssümü alması artıq onun yaradıcılığı üçün bir ənənəyə çevrilmişdir. Amerikada bəstəkarın “Muğamsayağı” əsərinin musiqisi əsasında elektron effektlərlə işlənilmiş “Song of Azerbaijan” balet kompozisiyası təqdim olunmuşdur.
“Abşeron” kvinteti əsərinin musiqisi üzərində müasir texnologiyalara əsaslanan “Kronos” kvarteti və müəllifin ifasında “Du Don de Sol?” (“Günəş haradadır?”) baleti dünyanın bir çox şəhərlərində səsləndirilmişdir. 2000-ci ildə Berlin İncəsənət Akademiyasının səhnəsində təqdim olunan “Ştadt-Graniza” (“Şəhər-sərhəd”) baletində Xeyir və Şərin qarşılaşması ideyası incəsənətin əbədi mövzusu üç simvolik obrazın – Kişi, Qadın və İblisin obrazları üzərində açılır.

Onun dünya şöhrətli violonçel ifaçısı M.Rostropoviçə həsr etdiyi və 2005-ci ildə Parisdə keçirilən M.Rostropoviç adına VIII Beynəlxalq müsabiqədə ilk dəfə ifa olunan solo violonçel üçün “Oyan!” əsərinin musiqisi əsasında mono-balet Kanadanın Toronto şəhərində Ağa Khan Muzeyində “Saşar Zərif Dans” qrupunun ifasında təqdim olunmuşdur. Bəstəkarın “One”(“Tənha”) baleti Helsinki truppasının daimi repertuarına daxil edilmişdir.

İlk adı “Qarabağnamə” olan “İntizar” operası AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılaraq, Qarabağ mövzusunu, xalqın faciəni canlandırır. “İntizar” müasir üslubda bir səhnə əsəridir və burada maqnitofon yazıları, elektron musiqinin imkanlarından təsviri vasitə kimi istifadə edilmişdir. Bu opera Azərbaycan operasının ən gözəl ənənələrini davam etdirir. Eyni zamanda operada XX əsr bəstəkarı Arnold Şönberqdən başlamış müasir dünya musiqisini təmsil edən bir sıra digər bəstəkarların ənənələri də öz davamını tapır. 2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında Heydər Əliyev Sarayının səhnəsində bu əsərin konsert ifası da nümayiş etdirilir.

2007-ci ildə qədim Romanın möhtəşəm Müasir İncəsənət Mərkəzində F.Əlizadənin “Al-Kamandjati” (“Violin çaları”) musiqili dram tamaşası nümayiş etdirilir. Tamaşa real hadisələrə əsaslanır. Tamaşanın ssenari müəllifi israilli jurnalist Amira Hass həm də iştirakçıdır.

2011-ci ildə Firəngiz Əlizadə Amerika “Houston Qrand Opera”nın təklifi və sifarişi ilə “Sənin adın Dənizdir” operasını bəstələyir. Bu operanın librettosunu da bəstəkar özü yazmışdır. Opera incəsənətin əbədi mövzusuna – məhəbbətin tərənnümünə həsr olunmuşdur.

Firəngiz xanım yaradıcılığının müdriklik çağındadır. O, yenə yaradıcılıq axtarışlarındadır, yenə gənclik şövqü ilə işləyir. 2022-ci il dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin 75 illiyi münasibətilə əlamətdar oldu. Bununla əlaqədar olaraq, F.Əlizadənin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Dünyanın bir çox ölkərindən başlayaraq keçirilən bu tədbirlərdə F.Əlizadənin yaradıcılıq nailiyyətləri işıqlandırılmış və görkəmli bəstəkarın əsərləri səsləndirilmişdir.

Firəngiz xanımın hər yeni əsəri Azərbaycan mədəniyyətinin yeni uğurudur.

Bəstəkarın yubileyinə həsr edilmiş musiqi festivalında yeni bir əsəri – “Nizami Cosmology” (“Nizami fəzası”) Azərbaycanda ilk dəfə səslənmişdir. Böyük simfonik orkestr və elektron səslər üçün yazılmış “Nizami Cosmology” adlı misteriya Nizami mövzusu ilə bağlı irihəcmli əsərlərdəndir. Xarici musiqi tənqidçiləri “Nizami Cosmology” əsərini A.Skryabinin “Prometey” və “İlahi poema” əsərləri ilə müqayisə edirlər. Eyni zamanda F.Əlizadənin orkestr üslubu XX əsr müasir musiqi sənətinin nümayəndəsi olan fransız əsilli Amerika bəstəkarı Edvard Varezin ənənəsini davam etdirir.

Firəngiz Əlizadənin zəngin yaradıcılıq irsini məqalənin hüdudları çərçivəsində işıqlandırmaq mümkün deyildir. Firəngiz xanım Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında, musiqimizin dünyaya tanıdılmasında müəllimi Qara Qarayevin ənənələrini layiqincə davam etdirən bir sənətkardır. Dünya şöhrətli bəstəkarımıza yaradıcılıqda yeni zirvələri fəth etməyi arzulayır və daim yazıb yaradan, sənətinin aşiqi olan Firəngiz xanımla bağlı məqaləni onun yubiley tədbirində səslənən fikirlə tamamlamaq istərdik: “Firəngiz Əlizadə türk-müsəlman dünyasının Avropanı fəth etmiş ən dəyərli bəstəkarlarından biridir. O, Azərbaycan motivini və fəlsəfəsini Qərb musiqisinin dili ilə dünya ictimaiyyətinə çatdırmaqdadır. Firəngiz Əlizadə Qərbdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli işlərə imza atmaqla yanaşı, Qərb ölkələrində yeni növ mədəniyyətin – Şərq ağırlıqlı Qərb mədəniyyətinin formalaşmasında iştirak edən nadir bəstəkarlardan biridir”.

Aytən Babayeva,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə