Elçin Bayramlı

“Milli psixoloji xəstəliklərimiz” silsiləsindən 1-ci yazım (yalançılıq sindromu- https://sia.az/az/news/articles/950142.html) oxucularımız tərəfindən maraqla qarşılanıb. Zəmətkeş xalqımızın nümayəndələri açıq etirafda bulunublar ki, bəli, biz beləyik. Hətta bir radikal vətəndaşımız şərhdə yazıb ki, guya mən bunun səbəblərini bilirəm, amma açıq yaza bilmirəm...

Nə isə, sözüm onda deyil, bu dəfəki mövzumuz birincidən heç də geri qalmayan ağır bir pataloji xəstəlik haqdadır- yaltaqlıq sindromu. Bu xəstəliyin kökü əslində çox qədimlərə gedib çıxır, amma məni oraları maraqlandırmır. Sindrom son dövrlərdə daha da şiddətlənib və xroniki hala keçib.

Ölkəmizdə yaltaqlıq üzrə sanki bir çempionat başlayıb- insanlar sıraya düzülüb, kim birinci və daha çox, həm də daha “layiqli” yaltaqlıq edəcək. Bunu primitiv şəkildə edənlər daha çoxdur, amma peşəkar mütəxəssislər də az deyil. Bunun üçün xüsusi istedad, ağıllı beyin, elm, zəka, idrak, təfəkkür, daxili yaradıcılıq kimi xüsusiyyətlər tələb olunur. Bunu bacarmaq akademik olmaq kimi bir şeydir.

Yüksək müsaidənizlə, əyani bir nümunədə bunu izah edim. Bir neçə ay əvvəl qələm yoldaşlarımla rayonlardan birində bir yas məclisinə təşrif aparmışdıq. Mağarda bizi qarşılayan adam xarici görkəmimizə baxaraq nədənsə bizi vəzifəli şəxslər zənn etdi və yuxarı başa- mollanın böyür-başındakı “şərəfli” yerlərə dəvət etdi. Biz də ədəb-ərkanla oturub çayımızı içməyə və mollanın qorxulu nağıllarını, saxta hədislərini dinləməklə feyziyab olmağa başladıq.

Hal bu ikən, qəfildən mağarın qarşısında bir canlanma müşahidə olundu, hamı özünü yığışdırdı. Məclisə xüsusi bir əda ilə yekəqarın və qalstuklu bir dəstə daxil oldu. Mağarın girişinə yaxın və orta yerlərdə boş yerlər çox olmağına baxmayaraq baş tərəfə doğru irəliləməyə başladılar. Yanlarında və arxalarında isə yas sahibləri və məclisə qulluq edən adamlar quyruq bulayırdı.

Onlardan qabaqda gələn biri yüyürüb bizə yaxınlaşdı və pıçıltı ilə dedi ki, zəhmət olmasa siz bir az bu tərəfə (əli ilə mağarın giriş tərəfini göstərdi) keçin, müəllimlər burda otursunlar. Vicdan haqqı əvvəl elə bildim ki, bunlar həqiqi müəllimlərdir, o saat yerimdən qalxıb “problem yoxdur” demişdim ki, yanımdakı həmkarım ətəyimdən çəkib dedi- əşşi bir otur görək!

Bəndəniz müəllim ailəsində tərbiyə aldığından və müəllimləri dünyada ən şərəfli insanlar saydığından belə hərəkətdə bulunmuşdu. Ürəyimdə düşündüm ki, bir buna bax, adını jurnalist qoyub, xalqa qəzetdə tərbiyə verməyə çalışır, amma müəllimlərə hörmət etmir.

Mən bu fikirdə ikən, həmkarım qulluqçudan soruşdu- qardaş soruşmaq ayıb olmasın, bunlar nə müəllimləridir elə? Qulluq edən təşvişlə əyilib qulağımıza dedi- ay yerli, bunlar vəzifəli adamlardır- biri irayon maliyyə şöbəsinin rəisidir, o biri bələdiyyə sədridir, o yanındakı da icra başçısının müavinidir. Siz allah, onlara yer eləyin burda otursunlar.

Həmkarım “hörmətli” qonaqlar da eşitsin deyə boğazını arıtlayıb bir az ucadan- “qardaş bunlar balaca müəllimlərdir, biz özümüz professoruq, bax bu cavan oğlan (məni göstərir) elmlər doktorudur, yazıb-pozmaqdan beli əyri qalıb, biz irayon səviyyəsində məsələlərlə yox, qlobal səviyyədə problemlərlə məşğuluq, koroçe, biz heç yerə keçəsi deyilik, elə bura rahatdır, mollanın qızıl kimi nağıllarına qulaq asırıq burda”- demədimi??!

Bu şok açıqlamanı eşidən vəzifəli qonaqlar qapqara qaraldılar, keçib bizdən bir az aşağıda oturdular. Özlərini təhqir olunmuş hesab edirdilər, amma məyus olmağa heç bir əsas yox idi. Görəydiniz məclis əsli, qulluq edənlər onların böyür-başında nə tozanaq qaldırmışdılar. Biri ordan baş əyir, biri burdan salam verir, digəri ay uşaq tez ordan filan şey də gətir müəllimlərə deyə qışqırır, bir ayrısı yaxınlaşıb “müəllim ayrı bir şey lazımdırsa təşkil edək” deyə soruşur...

Nə başınızı ağrıdım, biz onlardan 15 dəqiqə tez gəlməyimizə baxmayaraq onlara bizdən tez ehsan verdilər. Üstəlik, yazmaq ayıb olmasın, onların stolunda menyuda olmayan bir-iki nemət də bulundurulmuşdu.

Bayırda isə, tozanaq davam edirdi, tez-tez gənclər məclisə girib “filan maşının sahibi kimdir” deyə soruşur, ondan maşını başqa yerə çəkməyi xahiş edirdi ki, müəllimlərin bahalı avtomobillərini mağara yaxınlaşdırsınlar ki, bu cənablar mağardan çıxanda birdən maşına qədər 12 metr piyada gedərlər, ayaqqabılarının altı toz olar...

Xülasə, bizdə iş yerində müdirə, məclisdə vəzifəli şəxsə, tədbirdə tanınmış adama, kitabda-qəzetdə-internetdə nüfuzlu insana yaltaqlanmaq adi haldır. Bunda yaltaqlıq edilən şəxslərin də böyük rolu var- onlar həmin şəxslərin “əziyyətini” necə lazımdırsa qiymətləndirirlər.

Məndən sizə amanat- həyatda və işdə uğur qazanmaq istəyirsinizsə, mütləq rəhbər şəxslərə yaltaqlanın, qonşuda, qohumda, dostların içində kimlərin pulu-vəzifəsi varsa, ona quyruq bulayın. Kasıb qohumunuz öləndə siyahiya 10 manat yazdırın, amma varlı qohumunuz öləndə 100 manat. Məclisdə varlı qohumunuzu yuxarı başa keçirin, kasıbı qapının ağzına oturdun.

Xülasə, boş-boş seriallara baxmaqdansa, bu elmi dərindən öyrənin, peşman olmazsınız. Siz mən deyənləri eləyin, əgər vəziyyətiniz əvvəlkindən xeyli yaxşı olmasa, bu mən, o da siz, gəlin abrımı bükün ətəyimə. Etiraz eləyən yaltaqdır... pardon, namərddir.

Bütün xəbərlər Facebook səhifəmizdə