“Beşinci kolon” məsələsi və xəyanətin aqibəti KÖŞƏ YAZISI

Hələ də müzakirə edilən məşhur toy qalmaqalının ardınca “Beşinci kolon” mövzusu yenidən gündəmə gəlib və nə qədər acı təəssüf hissi yaratsa da deməliyik ki, vaxtilə “hakimiyyətə sədaqət” andı içmiş birilərinin paxırları, gizlinləri yavaş-yavaş üzə çıxmağa başlayır. “Dövlətimə və dövlətçiliyimə bağlıyam...”, “heç vaxt xəyanət etməmişəm və etmərəm də...” tipli başaldadıcı fikirləri ilə siyasi fokus-mokus göstərənlər barədə mediada çoxsaylı faktlar üzə çıxdıqca, adam lap məəttəl qalır. Məəttəl qalır ki, yaşı-başı olan kəslər öz vicdanlarına, ləyaqətlərinə bu cür çalın-çarpaz xətləri necə çəkirlər..?!

Dəhşətlisi isə budur ki, dövlət ali məqamları bu kimi fərdlərə etibar edir, onlar isə həmin etibarlardan sui-istifadə etmələri qalsın bir yana, dövlətdən qazandıqlarını çevirirlər, məhz dövlətin üzərinə - “beşinci kolon” olmaqla, xarici ölkələrdəki anti-Azərbaycan xislətli dairələrlə gizlin iş birliklərinə girməklə və daha nələrlə.

Hətta dövlət strukturlarının media resurslarını öz şəxsi malları kimi istifadə edib, xalq arasında fikir haçalığı yaratmaqla məşğuldurlar

Ancaq bütün bu reallıqlar ortaya çıxdıqdan sonra belə, hələ də nəyi isə sübut etməyə çalışan “beşinci kolonun” gizli və ya artıq ifşa olunmuş üzvləri müxtəlif vasitələrlə mətbuata çıxaraq “təmiz”, “vicdanlı”, “əqidəli” olduqlarını zorla ictimai rəyə sırımağa cəhdlər göstərirlər. Hətta vəzifədə olanlar da var ki, çalışdıqları müəyyən dövlət strukturlarının media resurslarını öz şəxsi malları kimi istifadə edib, xalq arasında fikir haçalığı yaratmaqla məşğuldurlar. Üstəlik, haqlı tənqidə, haqlı etiraza, haqlı fikrə dözümsüzlük nümayiş etdirib, utanmadan məhkəməylə-filanla hədələyirlər. Minnət qoyurlar ki, dövlətə və s. xidmət göstəriblər (?!). Məgər dövlətə əlavə təmənna ilə xidmət edirlər, yoxsa minnət qoymaqla? İşləmisiniz, məvacibinizi almısınız, üstəlik, altdan-altdan da doyunca, lap doyunca və ya hələ də doymayınca yeyibsiniz yeyə bildikcə! İndi bu qədərmi gözləriniz tutulub? Belə məsələyə dövləti sevmək adını vermək nə qədər doğrudur axı..?

Məlum toy qalmaqalı üzə çıxdıqdan sonra “beşinci kolon” məsələsinin aktuallaşması elə-belə, havadan yaranmayıb

Yaxud, götürək sabiq prokuror, eyni zamanda Azərbaycanın Serbiyada, Bosniyada, Monteneqrodakı keçmiş səfirimiz (ya da kimlərinsə səfiri) Eldar Həsənovu. Bu adam həbs olunduğu günə qədər özünü təpədən-dırnağa qədər “sədaqətli dövlətçi” kimi təqdim edirdi. Amma sonra nə baş verdi? Məlum oldu ki, Avropadakı bütün əxlaqi dəyərlərimizi ayaq altına atan və “söyüş müxalifəti” deyilən qaragüruh sürüsünü yemləyirmiş, onları maliyyələşdirib-qısqırdırmış Azərbaycan dövlətinin və hakimiyyətinin üzərinə. Hələ bu da azmış kimi, ermənilərə gizli yollarla satılan silah biznesi barədə də xəbərdar imiş, özü də necə deyərlər, haqqını-əvəzini alıbmış. Qısası, Eldar Həsənov Azərbaycan dövlətinin pulu ilə, məhz Azərbaycanı da hədəfə alıb və bu da azlıq etdiyinə görə, düşmən çörəyinə belə tamah salıb.
Və bu gün məlum toy qalmaqalı üzə çıxdıqdan sonra “beşinci kolon” məsələsinin aktuallaşması elə-belə, havadan yaranmayıb. Dədələrimiz deyib ki, od olmasa, tüstü çıxmaz. İndi od da var, tüstüsü də, özü də elə bir tüstü ki, hələ bir müddət havadan asılı olaraq qalacaq. Bundan sonrası isə, ölkə rəhbərliyimiz tərəfindən inam, etibar və etimad göstərilən, dövlətimizin təhlükəsizliyini mühafizə edən qurumlardır.

Bax, bunu demək istəyirdim...

Hə, yeri gəlmişkən, Prezident İlham Əliyev cənabları etdiyi çıxışlarında həyata keçirilən siyasi, iqtisadi və kadr islahatları barədə fikir və mülahizələrini irəli sürərkən bir sıra məmurların özlərini xan, padşah kimi aparmalarını xatırlatdı. Bu xatırlatmadan yəqin ki, bir çoxları öz paylarını götürdü. Amma bununla iş bitməməlidir, əksinə iş davam etməlidir. Məmurlar dərk etməlidirlər ki, qanun aliliyi qarşısında hər kəsin boynu qıldan incədir. Yox, əgər məmur bunu anlamayacaqsa, altdan-altdan dövlət siyasətinə ləkə vurmağa, xəyanət etməyə çalışacaqlarsa, bu zaman onlar da “beşinci kolonun” üzvlərinə çevriləcəklər – xalqı qəsdən hakimiyyətdən, dövlətdən narazı saldıqlarına görə. Fəqət, onu da unutmamalıdırlar ki, artıq hər şey başqa cürdür, hətta dünən gur-gur guruldayanların aqibəti heç də onların istədikləri kimi başa çamır. Bax, bunu demək istəyirdim...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə