Yaxşı deyiblər, koronavirus bir bəladır, milləti qoyub pis günə. Ancaq pis gündən də çıxmaq üçün oturub gözləməmişik. Ölkəmizin başçısı elə ilk gündən yenə də xalqın pis günündə dayaq olub, işlər görüb, nəticəsi də, necə deyərlər, bu günümüzə şükür. Ancaq şükür etdiyimiz günümüzün daha da yaxşı olması üçün biz də deyilənlərə əməl etməliyik.

Dövlət başçımızın dediyi kimi, özlərini hamıdan yuxarıda hiss edən “ağa”, “xan” kimi aparan “mən deyən olmalıdır” iddiası ilə “karantin rejiminin nə qanunları” deyən məmurlar toy arzusuna düşüblər. Elə bu günlərdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinə etdiyi toy bir çox məmurların da “toyunu” etmiş oldu. Bu toyda “sevinmək” istəyən məmurların başı o qədər qarışmışdı ki… Heç karantin nə mənədir belə anlamırdılar. Bir də onda ayıldılar ki, başlarından böyük qələtlər ediblər, özü də böyük, bağışlanılmaz...Anlamadılar ki, hüquqi dövlətdə yaşayırlar. Anlamadalar ki, hamı qanun qarşısında bərabərdir, heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı verilmir. Məgər bütün bunları bilmirdilər? Bilirdilər ki, qanundan yan keçmək, gizlənmək olmaz, qanunları pozan hər kəsi qanun cəzalandıracaq.

Bəli, ay məmurlar, bizim qanun da məmur, vəzifəli şəxs məsələsi rol oynamır, hər kəs qanun qarşısında eyni qaydada məsuliyyət daşıyır. Çünki yığdığınız o haram sərvətlər gözünüzü o qədər kor edib ki, qanunlarımızın başlıca prinsipi ədalət olduğunu, hüquq insanlara deyil, konkret əməllərə qiymət verildiyini bilə-bilə «şah qanundur» iddialarınızı həyata keçirmək istədiniz. Nəticəsi nə oldu - dövlətin qanunlarına hörmətsizlik. Bu kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, hər kəs törətdiyi əməllərin cəzasını qanun çərçivəsində alacaq! Çünki heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. İndi gördünüz ki, QANUN ŞAHDIR, şah qanun deyil. Heç bir şəxs də öz mövqeyindən, statusundan istifadə edərək qanunları və qanunun tələblərini poza bilməz, bütün atılan addımlar da Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

Necə deyərlər, görünür yolunu azanlardan adam olmaz. Və bu gün özünü “ağa”, “xan” kimi aparan, insanlara “yuxarıdan aşağı baxan” məmurlar bir daha anlamadılar ki, bir xalqın xoşbəxt və firavan yaşaması onun liderinin apardığı siyasətin tərkib hissəsi ilə ölçülə bilər, daha haram sərvətlərlə yox! Əslində, bu gerçəklik həm də aksiomadır. Yəni lider xalqının maraqlarının təmin olunmasında xarizmatik keyfiyyətlərini ortaya qoymaqla həm də iradəsini nümayiş etdirir – millətinə, dövlətinə xidmət iradəsini...

Lakin bu gün həmin bu məmurlar elə zənn edir ki, "bu qanun elə kasıb-kusub üçündür?”. Və anlamırlar ki, (əslində, çox yaxşı anlayırlar və anlaya-anlaya bunu edirlər- R.H.) bu cür davranışlar cəmiyyətdə insanların hökumətə qarşı inamını sarsıdır, xoşagəlməz rezonans yaradır. Nəticədə belə özündən müştəbeh yolunu azan, özünü “ağa”, “xan” kimi aparan qudurğan məmurların sonu… Toyu qara gəlmək buna deyirlər. Özü də bu toyun davamı qanun kürsüsündə… Bax, budur qanunun şah olduğu! İndi qalıb qanunun şah olduğu ittihamlar kürsüsündə qanunun tələblərini pozanların cəzasına – bu adamlar əməlləriniə görə mütləq şəkildə cavab verməli olacaqlar!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə