Akademik Ramiz Mehdiyevin nəvəsinə toy etməsi məsələsinin ardınca bu məsələnin ictimai rəydə kütləvi rezonans doğuracağı gözlənilən idi və gözlənilən daha bir məsələ, məhz ittiham olunan tərəflərin özlərini təmizə çıxarmaq cəhdləri oldu. Yəni həmin toyda iştirak edən şəxslərin bu və ya digər şəkildə mətbuata açıqladığı fikirləri...

Lakin indi həmin fikirlərin yenidən xatırlanmasına ehtiyac yoxdur, ehtiyac daha dərin təfsilatlara varmaqdan və bu xüsusda qeydlər etməkdən ibarətdir. Məsələn, rezonanslı toyun "akademik toplantı" kimi təqdim edilməsi, yaxud həmin "toplantıda" BDU-nun sabiq rektoru Abel Məhərrəmovun toy sahibinə xitabən mədhiyyələri. Əslində, sabiq rektorun toy sahibinin şəninə dedikləri heç mədhiyyə də deyildi, onun dedikləri uzun illər vəzifədə qalmasından, sözün əsl mənasında, vəzifəsindən sui-istifadə etməsindən doğan bir harınlıq nümunəsi idi. Halbuki, o uzun illər bu dövlətin müstəqilliyini qoruyub-saxlayan, xalqı qaranlıqdan-işığa çıxaran, Azərbaycanı dünya miqyasında dövlətlər sırasına çıxaran, bu yolda ömrünü şam kimi əridən DÜHAYA qarşı "ağ" oldu və danılmaz tarixi və siyasi zəhmətləri başqa birinin ayağına yazmağa cəhd göstərdi. Həmin Abel Məhərrəmov ki, BDU-nun rəhbəri olduğu zaman İspaniyada səfərdəykən, şərabın təsirinə düşməklə və "tələbələrini ayağa qaldıracağı" fikri ilə çörəyini yeyib, suyunu içdiyi ölkəsində "qiyam qaldıracağı" təhdidində bulunmuşdu... Necə deyərlər, dilin sümüyü yoxdur, ətdəndir və aradabir çaşar, sözün düzünü deyər!

Mədh olunan isə nədənsə (?!) həmin fikirlərlə razılaşdı və iradını belə bildirmədi! Niyə əcəba? Məgər Abel Məhərrəmov öz ifadələrində bu qədərmi haqlı idi?!

Fəqət, sözümün canı daha bir məsələdədir. Mədh olunan dərhal rəhbərlik etdiyi qurumun rəsmi saytında onun öz təbirincə deyərsək, "mədh" edənləri, əsasən də, jurnalistləri, media rəhbərlərini hədəfə aldı. Hədəfə alaraq şəxsi müstəvidə fikirlərini ictimailəşdirdi. Demə, bu gün müxtəlif media rəhbərləri onu "mədh" etmək üçün sıraya düzülüblərmiş (?!) Amma gəlin-görək, bu iddia nə qədər həqiqətəuyğundur?

Sirr deyil ki, Azərbaycanda dövlətçilik ənənəsi mövcuddur və bu ənənənin dayaq nöqtələrindən biri də mətbuatdır. Dövlət siyasətinin təbliğatı da məhz iqtidar və iqtidaryönlü qəzetlərdə, saytlarda aparılır. Burada çətin, ya da anlaşılmayacaq heç nə yoxdur əslində. Dövlətin, hakimiyyətin müəyyən strukturları var və həmin strukturların rəhbərləri daha ali rəhbərlikdən aldıqları tapşırıqlarını, tövsiyələrini növbəti strukturlara, eləcə də mediaya verirlər. Bu zaman sual yaranır ki: dövlət siyasətini dəstəkləmək, dövlət başçısının siyasi, iqtisadi, sosial, hərbi və s. sahələrdəki islahatlarını təbliğ etmək, ictimai rəyin diqqətinə çatdırmaq, dünya miqyasına çıxarmaq "mədhiyyədir", yoxsa iş prinsipi və dövlətə bağlılıq? Əlbəttə ki, dövlətə, dövlətçiliyə bağlılıq və bu bağlılığı ehtiva edən iş prinsipi! Onda nəyə görə nəvəsinin toyunda mədh olunan tərəf ona mədhiyyə edənin sözlərini kəsərək, doğru danışmadığını, dürüst nəticə çıxarmadığını bildirməsi yerinə, iqtidar mediasının kapitanlarını hədəfə alıb?

Daha bir sual: əgər mədh olunan və mədh edən tərəflər bu qədər "incə" nüanslara vara bilirdilərsə, nəyə görə Tovuz döyüşlərində torpaqlarımızın bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının 40-cı çıxmamış ruhları barədə bir anlıq olsa da düşünmədilər? Nəyə görə, insanlarımız öz şəhidlərinin əziz xatirələrini andıqları bir zamanda belə bir səhvə yol verdilər? Etinasızlıqmı? Mümkündür! Dövlətçilik maraqlarının arxa planda qalmasımı? Mümkündür! Düşüncəsizlikmi? Mümkündür! Bu mənada olan hər bir ifadə mümkündür!

Təəssüf ki, mədh edənlər və mədh olunan məşhur və rezonanslı toy iştirakçıları hələ də özlərini təmizə çıxarmağa çalışırlar. Amma təmizə çıxırlarmı, ya da təmizə çıxacaqlarmı? Yəqin ki, bu suallarımızın da cavablarını yaxın günlərdə öyrənəcəyik...

Rövşən NURƏDDİNOĞLU

P.S. Köşəmi bitirdiyim zaman informasiya əldə etdim ki, demə mədh edən də mədh olunan tərəfindən aldadıldığını bildirib və bu fikirləri ilə vəziyyətdən çıxmağa çalışıb. Amma bu bəhanə də heç nəyi dəyişmir zatən...

Bütün xəbərlər Facebook səhifəmizdə