“Başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik”

Yaşadığımız dünyanın qəbul edilən və buna görə də, dəyərləndirilən müsbət özəllikləri ondan ibarətdir ki, normal dövlətlər insanlığa mühüm önəm verir və hakimiyyətlər vətəndaşlarının daha yaxşı yaşaması, təhlükəsiz ömür sürməsi, sosial-iqtisadi cəhətdən təmin olunması, hüquqi, demokratik imkanlardan bəhrələnməsi üçün hər cür şəraitlər yaradır. Xoş millətimizin halına ki, ölkəmizdə də, müasir dövrün demokratik tələbləri ən yüksək səviyyədə həyata keçirilməkdədir. Bu gün birmənalı fakt ondan ibarətdir ki, insanlar ölkəmizin yeralıtı və yerüstü sərvətlərindən istədiyi formada bəhrələnə bilir. Konstitusiyanın 1-ci maddəsində qeyd edildiyi kimi hakimiyyətin mənbəyi xalqa məxsusdur.

Azərbaycan xalqı hakimiyyətin formalaşmasında yaxından iştirak edir və bu səbəbdən də xalq-hakimiyyət birliyi möhkəm əsaslara malikdir. Düzdür, bəzi hallarda insanlarımız bürokratik əngəllərlə, məmur özbaşnalığı ilə üzləşirlər. Xırdada olsa qüsurlar, çatışmazlıqlar da ara-sıra gözə dəyir. Ancaq bütün bu hallar ümumi cəmiyyət həyatının həlli mümkünsüz görünən ağrılı problemi kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycanda ciddi və oturuşmuş dövlət aparatı mövcuddur ki, bu da imkan verir ki, problemlər ciddi nəticələrə gətirib çıxarmadan həll edilsin. Son vaxtlar ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, kadr dəyişiklikləri dövlət quruculuğunun və idarəetmənin yeni dövrün tələbinə uyğun atılan addımı kimi qiymətləndirmək olar. Eləcədə korrupsiyaya, rüşvətxorluğa yol verən icra hakimiyyəti başçılarının, bəzi nazirlik əməkdaşlarının həbs edilməsi cəmiyyətin inkişafına mane olan yaraların təmizlənməsi istiqamətində sərt tədbirlərin daha bir nümunəsidir. Yəni, dövlət vətəndaşların yaşayışına və təhlükəsizliyinə mane olan hər bir problemi həll etməyə qadirdir. Yetər ki, vətəndaş məsuliyyəti olsun və qəbul olunan qanunlara, qaydalara riayyət etsin.

Ancaq görünən odur ki, bəzən insanlar qanunlara əməl etmədikləri kimi, qaydalara da riayət etmirlər. Məsləhətləri, tövsiyyələri də qulaqardına vururlar. Elə uzağa getməyək, koronavirusun ölkəmizə ayaq açmağa başladığı ilkin dövrdə insanların məsuliyyətsizliyi, qaydalara əməl etməmələri səbəbindən yoluxanların sayı artdı, ölüm halları narahatedici mərhələyə yüksəldi. Bir ara cərimələrin artırılması, həbs qəti imkan tədbirlərinin sayının çoxalması da bir işə yaramadı. İnsanlara koronavirusdan qorunmalarının vacibliyini məsləhət bilirdinsə, səni məsləhətinə görə peşman edirdilər. Hərənin ağzından bir avaz gəlirdi. Bir qismi “Bu ABŞ-ın, Avropanın hoqqasıdır” deyirdisə, başqa bir qismi də “siyasi oyundur, baş qoşmağa, oyuncağa çevrilməyə dəyməz”deyirdilər. Elələridə vardı ki, bir qədərdə uzağa gedərək, virusun bialoji silah olduğunu və insanları bir növ manqutlaşdırmağa hesablandığını bildirdilər. Haqlı olduqlarını sübut etmək üçün sosial şəbəkələrdə vidiolar, xarici mətbuatdan əldə etdikləri statusları da paylaşırdılar. Nəhayət insanlar yaxınlarının bu virusdan əziyyət çəkdiklərini gördüklərindən və bununla paralel olaraq dövlətin sərt karantin qaydalarını tətbiq etməsi nəticəsində koronavirusu lokallaşdırmaq mümkün oldu. Artıq müsbət dinamika müşahidə olunmaqdadır. Lazımdır ki, bu vəziyyəti saxlamaq və koronavirusun tamamilə sıradan çıxarılmasınanail olaq. Bunun üçün maskadan istifadə edilməli və sosial məsafə qaydalarına riayət olunmalıdır.

Nəzərə almaq lazımdır ki, bir nəfərin məsuliyyətsizliyi səbəbindən onlarla insan əziyyət çəkə, ziyan görə bilər. Avstriya psixoloqu, psixoanalisti Ziqmund Freyd deyirdi ki, “bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik”. Həm də, “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” tezisinin reallaşmasına çalışmalıyıq. Məhz bu halda, nəinki, pandemiyanı məhv etmək olar, eləcədə qarşıda dayanan istənilən maneəni keçmək mümkündür.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə