Dövlət mənim, Dövlət sənin, Dövlət hər kəsin!

Allah müqtədir şairimiz Məmməd Araza qəni-qəni rəhmət eləsin. Və ruhu məni bağışlasın ki, onun dillərdə əzbər olmuş məşhur ifadəsinə dəyişiklik etmişəm. Yəni Məmməd Arazın “Dünya mənim, dünya sənin, dünya heç kimin” kəlamına “əl gəzdirməyim”ə görə deyirəm bunu. Amma bəzi həmvətənlərimə dünyanın deyil, Dövlətimizin və dövlətçiliyimizin bizim həyatımızda nə demək olduğunu anlatmaq istəyi beynimə düşəndən, fikrimi ifadə etmək üçün bundan dəyərli kəlam tapa bilmədim. Yenə ağzıgöyçəklər deyəcəklər ki, bizə dərs verir. Amma vallah, billah, ətrafımızda baş verənləri görüb, izləyib, mənim mənimlə müzakirəmdən sonra, baxıb görürəm ki, biz hələ də dövlət və dövlətçilik anlayışlarının içindəki fəlsəfi yükü doğru-düzgün anlamaqda çətinlik çəkir, ya da anlasaq belə, fərqinə varmaq istəmirik.

Təkcə Azərbaycan türkləri deyil, damarında türk qanı daşıyan hər kəsin Türkiyənin “Bozdağ” sinema studiyasının istehsalı olan “Diriliş Ərtoğrul” teleserialını izlədiyinə əminəm (Əslində bu serialı bütün dünya izlədi). Şəxsən mən bu serialın bütün bölümlərini təkrar-təkrar izləmiş və hər dəfə də dövlətçilik anlayışıma yeni bilgilər almışam. Çünki mövcud dövlətin problemləri, saray(İndiki zəmanəmizdə hakimiyyət, vəzifə) çəkişmələrinin incəliklərinə qədər təsviri insanda dövlətin əhəmuyyətini anlamaqda və dövlətçilik hissinin güclənməsində çox mühüm bilgilər verir. Həmin serialın 82-ci bölümündə Süleyman Şah oğlu Ərtoğrul belə bir cümlə işlədir: “Türkün gücündən qorxan düşmənlərimiz bizə qarşı hər zaman kəndi içimizdən xainlər tapıb qullanırlar”! Tarixi faktlar əsasında istehsal edilmiş serialı izləyənlər, başda Əmir Sadəddin Köpək və Bəypolad (Albastı) olmaqla bu xainlərin necə məhv edildiyinin şahidləridir. Oxucularım üçün maraqlı ola bilər ki, bu serialın bizim indiki dövrümüzlə və ya konkret Azərbaycanın indiki durumu ilə nə əlaqəsi? Dünya malı, vəzifə və mənsəb ehtirası güclü olan həmin xainlər, istəklərinə nail olmaq üçün hansı xəyanətlərə əl atmırlar? Hətta türkün o dövrdəki ən qatı düşməni olan tapanaqçılarla, moğollarla, Bizansla gizli əlaqələr qurub, öz mənafeləri naminə Səlçuqlu dövlətinin, türk obalarının mənafelərini düşmənin ayaqları altına sərirdilər. Qəribə və faciəvi faktdır ki, bu gün də Azərbaycanın dövlət və milli mənafelərini beləcə düşmənlərin ayaqları altına sərənlər var. Həm də, nə yazıqlar ki, belələri təkcə hakimiyyətə can atan müxalif adlandırılan qüvvələr daxilində deyil, həm də hakimiyyət içərisində özlərinə yer ala biliblər.

Bu gün ölkə başçısının birbaşa rəhbərliyi altında aparılan inqilabi xarakterli saflaşma və yeni idarəetmə islahatları, təəssüf ki, bunu deməyə əsas verir. On illər boyu bu dövlətdə yüksək vəzifə tutub, özünün iyrənc əməllərinə görə haqlı olaraq kənara itələnən bəzi eks-məmurların bəzi anti-milli müxalif qüvvələrlə birləşərək anti-dövlət fəaliyyətləri, bir vətəndaş olaraq məni hədsiz sarsıdır. Doğudanmı bizdə pula, mala, dövlətə, meşşan həyata o qədər güclü ehtiras var ki, insanlar tutduqları mövqedə, ölkə başçısının dönə-dönə vurğuladığı kimi, xalqın xidmətçisi olmaq əvəzinə, xalqın və dövlətin damarlarındakı qanı sormağa üstünlük verirlər? Ölkədə son iki ildə aparılan inqilabi dəyişikliklər fonunda, hələ də “ağıllanmayan”, hələ də meşşan həyatdan əl çəkmək istəməyən, belə həyat üçün də, xalq içində deyildiyi kimi, ağına-bozuna baxmadan çapmaq, talamaq istəyindən çəkilmək istəməyən bəzi üzqarası məmurların damarlarında axan hansı millıətin qanıdır görəsən?

İslam tarixi ilə bağlı bir hədis var. Havanın qaranlıq vaxtında bir yaxın adamı Həzrət Əli ilə görüşmək istəyir. Həmin şəxs otağa daxil olanda Həzrət Əli durub yerini dəyişir və durarkən qarşısındakı şamı söndürür. Həmin şəxs niyə o şamı söndürdüyünü soruşanda, Həzrət Əli deyir: “O şam beytül-malın (Yəni dövlət xəzinəsinin)şamıdır. Sən isə yanıma dövlət işi üçün gəlməmisən. Mən beytül-malın şamını qeyri-dövlət işində istfadə etsəm, dövlət malına israfçılıq etmiş olaram!” Məncə ibrətamiz nümunədir. Dövlətin, dövlətçiliyin nə demək olduğunu anlamayıb, dövlət vəsaitini istədikləri kimi dağıdan məmurlar qarşılarına gələn sənədlərə imza atıb dövlətin xəzinəsini gərəksiz yerlərə və öz şəxsi maraqlarına xərcləyirlərsə, demək onun dövlət və dövlətçilik haqqında anlayışı sıfıra bərabərdir.

Həmçinin, hər kəs işləmədən, dövlət xəzinəsinə bir manat da olsun xeyir vermədən dövlətdən almaq haqqında düşünürsə və bunun üçün hər cür iyrənc üsullara əl atmaqdan belə çəkinmirsə, demək onun da dövlətçilik anlayışı “yox”a bərabərdir. Hakimiyyətə müxalif olub, bütün fəaliyyətini dövlətin zəifləməsinə yönləndirən siyasi fiqurlardan isə danışmağa dəyməz. Onların bəziləri bunu bilməyərəkdən edirlərsə, bəziləri, yenə Süleyman Şah oğlu Ərtoğrul demiş, məhz içimizdən satın alınan, manqurtlaşdırılan kəslərdir ki, o barədə ölkə başçısının da yaxın günlərdə mesaj verməyə məcbur olması, gerçəkdən çox utancvericidir. Xülasə, mövzu o qədər geniş əhatəli bir mövzudur ki, bu barədə kitablar yazılsa da, fikir bitməz, tükənməz. Mənim konkret olaraq anladığım və cəmiyyətə demək istədiyim odur ki, kimsə dövləti özünün hesab etməməlidir. Və kimsə də dövləti kiminsə hesab etməməlidir.

Dövlət hər kəsindir. Prezidentdən tutmuş sadə peşə adamına qədər hər kəs də dövlətin qayğılarını öz qayğıları, dövlətin əmlakını öz əmlakı, dövlətin problemlərini öz problemi, dövlətin tərəqqisini öz tərəqqisi hesab etməlidi. Əksinə olarsa fərdlər varlana, öz imperiyalarını qura bilərlər. Ancaq arxasında dövlətin gücü olmayan heç bir imperiya əbədi qala bilməz. Bu həqiqəti anlayanda, dövlətin fəlsəfəsini də anlamış olarıq.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə