Prezident növbəti dəfə sübut etdi ki...

Ötən həftənin ən yaddaqalan hadisəsi dünyanın nüfuzlu beynəlxalq qurumlarından olan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə video-konfransının keçirilməsi oldu. Hər şeydən əvvəl həmin video-konfransda Avropanın siyasi liderlərinin Azərbaycana xüsusi hörmətlə yanaşmasının, Azərbaycanın əzəli və əbədi düşməni olan Erməistanın isə istehza ilə qarşılanması içimizdə gerçək bir qürur hissinin yaşanmasına səbəb oldu.

Təbii ki, yaxın keçmişə qədər öz maraqları və erməni hiyləgərliyi, xüsusən, XIX əsrin sonlarından dünya güclərinin dəstəyi ilə yaranıb formalaşan erməni lobbisinin yardımı hesabına Ermənistana açıq-aşkar dəstək verən bir mötəbər beynnəlxalq birliyin siyasi dönüş nümayiş etdirməsi Azərbaycanın sürətli inkişafı və bu inkişafla yanaşı diplomatiya sahəsində əldə etdiyi uğurlu nəticədir və bundan qürur keçirməmək mümkün deyil. Video-konfransda Azərbaycan Prezidentinin əsl diplomatik məharətlə Ermənistanı, o cümlədən işğalçı ölkənin indiki səviyyəsiz rəhbərini ifşa etməsi isə xüsusilə qeyd edilməlidir. Bu gün təkcə Azərbaycan cəmiyyətində deyil, həm də Ermənistan və dünya mətbuatında geniş müzakirə olunan bu fakt haqqında ətraflı danışıb vaxt aparmağa lüzum görmürəm.

Sadəcə Azərbaycan liderinin, Ermənistana və dünyaya Dağlıq Qaranbağla bağlı ölkəmizin haqlı mövqeyini göstərməklə, diplomatik ustalıqla xalqımızın bu torpaqların işğalı ilə barışmayacağını birmənalı şəkildə ortaya qoyması ölkəmizin növbəti diplomatik qələbəsidir ki, indiki ikili standartlarla yaşayan dünyada bu faktın bizim üçün nə qədər əhəmiyyətli olduğundan danışmağa ehtiyac yoxdur.

Azərbaycan Prezidentinin artıq ənənəyə çevrilmiş bu diplomatik uğurlar seriyasının davamı olan növbəti siyasi qələbə, qarşılıqlı olaraq onsuz da küncə qısnanmış Ermənistanın dalandakı durumunu daha da pisləşdirdi. Bu növbəti uğura qiymət verərkən onun ikinci məqamına da diqqət yetirməyə ehtiyac var. Bu da ibarətdi ondan ki, indiki dünyada dövlətçilik təcrübəsini, siyasi müdrikliyin və diplomatik məharətin nə qədər önəmli olduğunu anlamayanlara, bu qələbə əsl siyasi dərsdir. Məhz İlham Əliyev növbəti dəfə onu da sübut etdi ki, güclü, siyasi baxımdan yetkin, xalqın gerçək dəstəyinə malik lider diplomatik uğurları ilə bəzən bütöv bir ordunun görə bilmədiyini reallaşdıra bilir. Hesab edirəm ki, cəmiyyət olaraq növbəti diplomatik qələbənin məhz bu nöqteyi-nəzərdən də təhlilinə ehtiyac var.

Bu gün Azərbaycanda cəmiyyəti meydanlara çağıran, özünü siyasi müxalifət adlandıran bəzi qüvvələrə də ciddi dərs olan bu uğurun əsas səbəbini anlatmaq, düşünürəm ki, məqamı çatan məsələlərdəndir. Paşinyan hakimiyyətə məhz meydandan gəldi. Təbii ki, xaricdən verilən dəstəyin hesabına! Həmin xarici dəstəkçilərin küyünə aldanan bizim bəzi müxaliflər hakimiyyətə meydandan gələnlərin rüsvayçı aqibətini görüb nəticə çıxarmalıdırlar. Heç bir siyasi, diplomatik və idarəetmə səriştəsi olmayan, pafoslu çıxış qəhramanları bunun fərqinə varmalı və xalqa yalan vədlər verib iqtidara gəlib, sonda necə rüsvayçı duruma düşdükərinin fərqinə varmalıdırlar.

Təbii ki, Azərbaycan xalqı artıq kifayət qədər yetkinləşib, 90-cı illərin əvvəllərindən fərqli olaraq indi “çörəkçi”ni də tanıyır və “çörəyi kimə verməli” olduğunu da yaxşı bilir. Ən azı vaxtilə meydandan gələn, başında Əbülfəz Elçibəy kimi həqiqi vətən və millət sevgili bir şəxsiyyətin olmasına rəğmən ölkənin bütün sahələrdə necə ağır duruma düşdüyünü görən xalq bunu görüb və bilir. Ancaq, nədənsə bəzi siyasət dəllalları bunun fərqində olmaq istəmirlər ki, bu da cəmiyyətin əksər hissəsini narahat etməyə bilməz. Özlərini iqtidara müxalif kimi qələmə verib, əslində dövlətə və xalqa müxaliflik edən qüvvələr üçün də indiki iqtidar liderinin bu diplomatik uğuru ciddi dərs olmalıdır.Bir sözlə, ölkə başçısı növbəti dəfə təkcə ermənilər, onların liderləri üzərində diplomatik qələbəyə nail olmadı, həm də ölkəmizdəki bəzi siyasilərə də əməlli-başlı dərs vermiş oldu. Qalır yaxşı şagird, yaxşı müdavim olub, bu dərsi yaxşı-yaxçı mənimsəmələri. Ağılları olsalar, mənimsəyəcəklər, olmasa, vay onların hallarına!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə