Biz niyə taclı ölümlə “rəqs edirik”?

Bilmirəm hardan başlayım ki, içimdəki hirsimi cilovlayım, fikirlərimi köçürüm bu sətirlərə. Acığım koronavirusdan daha çox bizim cəmiyyətdəki anlamazlara, üzü Füzulidən bizimlə “yol gələn” milli qüsurlarımızadır. Düzəlmirik ki, düzəlmirik. Sanki kiminsə nəfsinə tuş gəlmişik. Eyni qüsurlar, eyni şüur və təfəkkür beynimizin içində yuva salıb, neçə əsrlərdir ki, bizimlə addımlayır. Nə isə, keçək mətləbə. Mətləb də budur ki, bizlər vətəndaş olaraq dövlətin koronavirusa qarşı gördüyü işləri gerçəkdən yüksək dəyərləndiririk. Dövlət, ilk gündən olduqca ciddi addımlar atdı, ilk günlərdən qonşu İranın gününə düşməmək üçün nə gücü varsa ortaya qoydu. Dövlət, sözün əsl mənasında vətəndaşına sahib çıxdı. Xub. Bu əla. Bəs sonra nə oldu?.

Mart ayı ərzində sərt karantin oldu. Öyrəşməmişdik. Bu, anlaşılandır. Çox ağır idi, həddən artıq. Həmin günlərdə psixoloji sarsıntı belə keçirdik. Günlərlə evdə oturduq, bayıra çıxmadıq. İşlər də qaydasında gedirdi elə bil. Sonra yumşalma başladı. Həəəəə, bax indiki baş verənlər elə ordan başladı. “Qılınc müsəlmanı” olduğumuz tam çılpağlığı ilə ortaya çıxdı. Yumşaldıq, nə yumşaldıq. Sanki sovet əyyamı gəlibmiş kimi kefli günlər başladı. Heç kim Çindən yayılan bəlanı vecinə də almadı. Sanki koranavirus bir aylıq qonaq gəlmişdi, çıxıb getdi burdan. Elə həmin andan başladıq özümüz özümüzə qəbir qazmağa. Sözün bütün mənalarında!.

Ay kişi, anlayıram çətindir evdə qalmaq. Çətindir qazanmadan yaşamaq, çətindir evdə fikir çəkə-çəkə yaşamaq. Bunları anlayıram. Amma bəs Allah eləməmiş balaca körpənin, həyat yoldaşının, ixtiyar ata-ananın cəsədini öz əllərinlə məzara qoymaq necə, o asan məsələdir?. Bütün sevdiklərini boğula-boğula qəbirə yuvarlamaq çoxmu asandır həəəəəə???. Nədir, 1-2 ay karantin rejiminə dözüb bu bəladan ellikcə canımızı qurtarmaq axı elə də çətin deyil ay camaatım.

İndi gələk məsələnin ikinci hissəsinə. Dövlət qərara aldı ki, hər həftə cəmi 2 gün insanlar evdə qalsınlar, Useyn Bolt sayağı uçuşa keçən yoluxma bəlkə azalsın. Yenə də XUB!.

Cəmi bu 2 gün üçün nələr yaşanmadı ki. Cəmiyyət sanki ömürlük məhbəsə girirmiş kimi reaksiya verdi bu qərara. “Yasamal işi”ndən başlamış hər şeyə qədər. Bu baş verənlərdən belə bir təəsürat yarandı ki, sanki dövlət bu qərarı ona görə verib ki, yayda insanları evə tıxasın, özü çöldə-bayırda bahalı dondurma yeyib acıq versin.
Ay insan, ay əmim, ay dayım, ay bibim, ay qardaşım, ay kişi məsələ ciddidir. Şəhərdə, ölkədə elə bir düşmən gəzir ki, gecənin yox, elə gündüzün bir aləmində boğazımıza yapışıb nəfəsimizi kəsir, bizi sakitcə o dünyaya yollayır. Bu, erməni deyil bizimlə üz-üzə gələ, bu virus deyilən zəhirmardır. Bu alçaq və zalım bizim atalarımızı, övladlarımızı, ömür-gün yoldaşlarımızı da hər an əlimizdən alıb qara torpağa göndərə bilər. Necə ki, göndərir də. Hər gün azından 4-5 nəfər ölür bu virusdan. Nə etmək lazımdır ki, inanasan bu zəhrimara?.
Hələ avtobusları demirəm. Heç bir maskadan istifadə etməyən vətəndaşlarımız tökülüşür avtobusa. Bir çoxları da maskasını bilərzik yerinə qoluna keçirib oturub. Beləsini görəndə cin adamın başına necə vurursa, istəyirsən başını yarıb, beyninə koronavirusu yeridəsən ki, anlasın olan bitəni. Ay camaatım, əmilər, xalalar, o maska bilərzik deyileeee, ağız-burnunuzu qoruyun!.

İndi nə baş verib?, sosial şəbəkələr “partlayır” ki, bəs karvan dolu maşınlar rayonlara üz tutub. Məsuliyyətsiz vətəndaşlar gedirlər yayın kefini çıxarmağa. Mən, mənim kimilər də Bakıda 2 sutka evdə oturub koronavirusla mübarizə apardığımızı düşünürük. Belə görünür ki, biz avamlar elə avam olaraq da davam edəcəyik. Yəni qayda-qanuna əməl etmək, koronavirusla mübarizədə dövlətin yanında olmaq avamşılıq sayılırsa, demək biz bu kateqoriyaya aid insanlarıq. Postlardan min bir yolla “sivişib” Nabrana, İstisuya, nə bilim Masallıya, İsmayıllıya gedənlər oldular əsl “zəmanə adamı”. Hələ rayonlardan yeyib-içmək, macarə dolu video görüntüləri sosial şəbəkələrdə “partladanları” demirəm.

Ay bədbəxt insan, ay bəəələr, ay moooolar, ay düşüncəsiz bədbəxtlər, sizin bu elədiyiniz “cayıllıq” əslində əsl CAHİLLİKDİR, vəssalam!. Axı nə qədər düşüncəsiz, inək təfəkküründə biri olasan ki, real təhlükəni anlamayıb Çindən gələn koronavirusa dağlarda meydan oxuyasan?.
Axı inək təzəğindən yapılmış beyninə birdəfəlik həkk elə ki, yeyib-içdiyin dairədə onlarla insanı bu bəlaya yoluxdura bilərsən. Öz övladını, ata-ananı gözünün qabağında itirmək belə, bu düşüncə rəzillərini çəkindirmir. Axı bu rəzil hərəkətlərinlə kimə acıq verirsən ki?. Dövlətə, qaydalara riayət edən Mətləblərə, Əlilərə, Vəlilərəmi?. Ay insan, unutma ki, sən Nabranda kef məclisi düzlədib ordan mənə acıq verisən, əvəzində öz əzizlərinin ölümü üçün koronavirusa dəvətnamə göndəririsən, vəssalam!. Bu qədər sadə məntiq.
Bax biz hələki buyuq. Yenə on dördüncü, on beşinci əsrin təfəkkürü 21-ci əsrdə də yol gəlir bizimlə. Yenə milli qüsurlarımız avtobus salonlarından, post-buraxılış məntəqələrindən, nə bilim rəzalət dolu efirlərdən boy atıb acı-acı gülümsəyir bizə. Xeyri yoxdur, at qazalağından, faytonlardan düşüb, indiki zəmanədə bahalı “Bugatti”lərə, “Bentley”lərə, “Mersedes”lərə minsək də, yenə həmin təfəkkür, həmənki şüur davam edir. Genetik informasiyamız koronavirus əsrində də davam edir.

Axı yollardakı bu postlardan bu qədər insan necə keçib gedir rayonlara?. Karantin rejimi hamı üçündürsə, onda buna hamı riayət etməlidir, üstündə də dəmir domokl qılıncı asılmalıdır. Amma əvəzində nə baş verir?. əvəzində hamımız taclı koronavirusla sadəcə rəqs edirik. Həm də öz ölümümüzlə...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə