Qurban Məmmədovun siyasi terror oyununun pərdəarxası məqamları

Düz 22 il bundan əvvəl baş vermiş, anoloqu olmayan bir cinayət hadisəsi ilə bağlı vaxtilə verdiyim bir sıra açıqamalardan sonra susmağa, dostluq, insanlıq və dövlətçilik baxımından həddən artıq utancverici olan bu hadisəni unutmağa çalışmışam. Hərdən digər tərəflərin atmacalarına, özlərini təmizə çıxarmaq cəhdlərinə də təbii yanaşmışam və bəzi mətbu orqanların təkidlə israr etmələrinə rəğmən susmağa, bu barədə danışmamağa üstünlük vermişəm. Ona görə yox ki, baş vermiş hadisədə özümü güahkar bilirəm və tərəflərin iddialarını da qəbul edirəm. Ona görə ki, birbaşa Azərbaycanın milli və dövlətçilik baxımından nüfuzuna zərbə vurmağa yönəlik bu hadisənin, ümumiyyətlə gündəmdən çıxmasını istəmişəm və bunun ən yaxşı yolunu da susmaqda görmüşəm.

Ancaq, atalar demiş, sən saydığını say, fələyin saydığıni kimsə dəyişə bilməz. Həmin olayın əsas iştrakçıları Qurban Məmmədov və Cəmaləddin Əhmədov yenə köhnə ampulalarında qalmaqla özlərini aydan arı, sudan duru, ağ süddən çıxma qaşıq kimi cəmiyyətə sırımağa və az qala həmin hadisənin yeganə günahsız tərəfi kimi haqsızlığa uğrayan məni baş verənlərin əsas oyunçusu kimi qələmə verməyə can atırlar. Son vaxtlar bu “sırıma” cəhdinin daha da dərinlərə getməsi məni yenidən danışmağa vadar elədi. Məsələ bundadır ki, Londondan – massonizmin mərkəzindən sosial şəbəkənin verdiyi imkandan istifadə edib müstəqil Azərbaycan dövlətinə açıq-aşkar böhtanlar yağdırmaqla məşğul olan Qurban Məmmədov son çıxışlarında bu iyrənc cinayətlə bağlı tamamilə həqiqətdən uzaq fikirlər səsləndirməyə başlayıb. Mən bu fikirlərin həqiqətdən uzaq olduğunu SƏS TV vasitəsilə cəmiyyətə çatdırdıqdan dərhal sonra olayın üçüncü iştrakçısı – Cəmaləddin Əhmədov özünün imkanlarından istifadə edib sosial şəbəkədə bir video-paylaşım etdi. Bu video-paylaşımda qarşı tərəf olaraq məni aşağılamağa çalışan C.Əhmədovun dediklərinə şərh vermək fikrindən uzağam. Necə deyərlər, danışanın özü öz sözləri ilə özünün daxili aləmini təqdim edirsə və bu aləmi onu dinləyənlərin hər biri anlayırsa, burda əlavə şərhə nə ehtiyac?

Həmin cinayət hadisəsi ilə bağlı çox deyib, çox yazmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki,mən o qədər də sadəlövh biri deyiləm və məni aldatmaq elə də asan olmazdı, əgər dost deyib illərlə bir yerdə çörək kəsdiyim, bir elin, bir obanın sakini olan, özü etiraz etsə də, faktiki ikitərəfli qohumluq əlaqəmiz olan biri bu yalanı mənə deməsəydi. Həm də həmin yalan əgər mənim hələ 70-ci illərdən idealım olan, o zamankı ölkə Prezidenti, Ulu Öndər Heydər Əliyevin həyatına sui-qəsd hazırlanması üzərində qurulubsa, mən buna laqeyd qala və susa bilməzdim. Əvvəlcədən məni yaxşı tanıyan və məni hansı variantla aldatmağın mümkünlüyünü ölçüb-biçən adamlar, əminəm ki, bunu nəzərə alaraq belə bir “siyasi terror oyunu” qurmağa qərar vermişdilər. Qurban Məmmədovun Rəsul Quliyevdən yaxşı pul qoparmasına, paralel olaraq o zaman Milli Təhlükəsizlik Nazirliyinin agenti kimi xidmət göstərdiyi qurumda mövqeyini daha da gücləndirməyə, ən başlıcası isə Ulu Öndər Heydər Əliyevin güclü dövlət idarəetməsinə zərər yetirməyə yönəlmiş üçlü planı və onların bu istəkləri ilə digər istəkləri üst-üstə düşmüş, həm də mənimlə üzdə ən yaxın dostluq əlaqələrində olan, lakin mənə o zamankı ölkə rəhbərliyinin etimad göstərib yüsək dövlət vəzifəsinə irəli çəkmək istəyini daxilində həzm edə bilməyən, bu təyinata mane olmağa çalışan Cəmaləddin Əhmədovun eyni mövqedən çıxış etmələri təsadüfi ola bilməzdi. Hadisə baş verəndən sonra, məhbəsdə bütün baş verənləri təkbətək qaldığı zaman saf-çürük edərək, vicdanı ilə hesablaşmaq zorunda qalan C.Əhmədovun məhz məhbəsdə olduğu zaman, 05 fevral 2002-ci il tarixdə mənə yazdığı və yaxınları vasitəsilə göndərdiyi iki "ümumi dəftər" həcmində etirafları, hadisəni öz baxışı ilə təhlil etməsi və həmin məktubda məni tamamilə günahsız tərəf kimi etiraf etməsi dediklırimə və demək istəyib demədiklərimə də aydınlıq gətirmək üçün kifayətdir.

Bunu nəzərə alaraq həmin məktubdan bəzi sətirləri heç bir şərh vermədən oxucuların diqqətinə çatdırmağa qərar verdim. Qoy kimsə məni qınamasın ki, iki nəfər arasında olan yazışmani niyə ictimailəşdirirəm? Qınamaq istəyənlərə xatırlatmağı lazım bilirəm ki, bu insanlar məhz mənimlə çörək kəsə-kəsə gizli kamera ilə söhbətimizi lentə almışlar və orda məişət xarakterli söhbətləri belə çıxarmadan Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmişlər. Belə olduğu halda həmin tərəflərdən birinin mənə yazdığı etirafları mtbuata verməyimdə, hesab edirəm ki, hər hansı qəbahət axtarmağına dəyməz.

Beləliklə, 1998-ci ildə Qurban Məmmədovun təşkilatçılığı, Cəmaləddin Əhmədovun iştrakı və Təhmasib Novruzovun vasitəçiliyi ilə baş vermiş cinayət hadisəsi ilə bağlı Cəmaləddin Əhmədovun etiraflarından sitatlar. Sitat 1: ”...Qazanılmış vaxt ərzində Qurban Məmmdovdan və ADP-dən xüsusi komanda almış təəssübkeş qəzetlər ittihamları bir-birinə qatışdırmaq, sübutların xronoloji ardıcıllıqlarını pozmaq, hadisələrin zaman və məkanını qəsdən dəyişik salmaq, ittiham ünvanını dolaşıq ifadələrlə göstərmək və bu kimi digər üsullarla ictimai fikri hadisələrin əsl mahiyyətindən uzaqlaşdıraraq ölkə və dünya ictimaiyyətininin diqqətlərini ciddi-cəhdlə sənə (T.Novruzova-T.N.) yapışdırılan adlara yönəldib əsl mahiyyətin üstünə pərdə çəkə bildilər.” (1-ci dəftər, Səh.7)

Sitat 2: ”Həmin ərəfədə ADP maliyyə və siyasi gücə malik olmayan, eyni zamanda aparıcı müxalifət partiyaları sıralarından çox-çox kənarda qalan bir partiya olmuşdur. Beləliklə də hər iki problemin tez, ucuz və keyfiyyətli həlli Rəsul Quliyevi özünün maliyyə və ictimai-siyasi gücünün hesabında tapılaraq, özünün etiraf etdiyi kimi, “dövlət əhəmiyyətli mühüm məlumatları həmişə MTN-in yüksək vəzifəli əməkdaşı (Orijinalda həmin yüksək çinli MTN generalının adı yazılsa da, xüsusi xidmət orqanlarının fəaliyyətinin mahiyyətini nnəzərə alaraq həmin adı qeyd etməkdən vaz keçdim-T.N.) vasitəsilə dövlətə çatdıran” Qurban Məmmədov həmin MTN əməkdaşı ilə gizli məsləhətləşmələr apararaq Rəsul Quliyevin ADP-yə qiyabi həmsədr gətirilməsi nəticəsində onun bütün maliyyə, ictimai və siyasi gücünü ADP-də birləşdirmək, beləliklə də Rəsul Quliyevi uzun müddət oyundankənnar vəziyyətdə saxlamaqla, onun qüvvələini ADP-də idarə etmək, özbaşınalıq edənləri və iqtidar üçün daha təhlükəli olanları dərhal müəyyən edib təcrid etmək, beləliklə rəsulçuları və ona meyl edə biləcək digər partiya liderlərini daimi nəzarətdə saxlamaqla bərabər, həm də ADP-ni aparıcı müxalif partiyalar cərgəsinə qoşmaqla çoxmərhələli bir plan işləyib həyata keçirməyə başlamışlar”( 1-ci dəftər,Səh.17)..

Sitat 3: ”Rəsul Quliyevin ölkə Prezidentinə terror və təxribat hazırlaması haqda yalan məlumatı T.Novruzovdan və C.Əhmədovdan 7-8 gün əvvəl Qurban Məmmədov MTN-in yüksək rütbəli yetkilisinə, o isə MTN Nazirinə ötürmüşdü... Yeni yaranmış hal Qurban Məmmədovu xoflandırmış və hadisələrin inkişafını sürətləndirməklə yanaşı onun özünü Sərdar Cəlaloğlu ilə MTN arasında ikibaşlı oyun oynamağa məcbur etmiş, girova çevirmişdir”( 1-ci dəftər,Səh.21, 23).

Sitat 4: ”Yaranmış vəziyyət yalan məlumatın yayılmasına səbəb olan Qurbanı xoflandırmış, mənim onun MTN-lə olan gizli əlaqələrinin izinə düşdüyümü zənn etmiş, əlaqədə olduğu MTN yetkilisi ilə danışmış, C.Əhmədovun həqiqətən nazirlə görüşdüyünü dəqiqləşdirmiş və yaranmış fürsətdən istifadə edərək C.Əhmədovun bilə-bilə qəsdənT.Novruzov vasitəsilə MTN-ə yalan məlumat verməsinin sübutu kimi qiymətləndirilə biləcək, keçmiş tarixə saxtalaşdırılmış video çəkiliş aparması haqqında tapşırıq almışdır... C.Əhmədov həmin vaxt video kamera qarşısında çıxış etdirilərək lentə alınmasına digər heç bir zərurət olmamışdır və Q.Məmmədov C.Əhmədovun həbs edilənə qədər T.Novruzov vasitəsilə MTN-ə Rəsul Quliyevin Prezidentə qarşı terror hazırlaması haqda bilə-bilə yalan məlumat verməsini sübut edə biləcək köhnə tarixə videolent saxtalaşdırılmışdır. Belə ki, otağa videokamera ilə qayıdan Qurban kameranın titr yazısı göstəricisindəki tarixi 17 gün geriyə çəkmişdir. Yəni yanvarın 14-nü yazaraq, guya həmin tarixdə ADP-nin tapşırığı ilə R.Quliyev haqda, MTN agenti kimi şübhələndiyi T.Novruzova qəsdən yalan məlumat verilmiş, T.Novruzovun isə həmin xəbəri MTN-ə çatdırmasını deməklə, Qurban özünü sığortalamaq istəmişdir”(1-ci dəftər, Səh.46, 51).

Sitat 5: “Qurban lenti alaraq bir surətini ABŞ-a - R.Quliyevə, digər surətini isə MTN-ə ötürmüşdür. R.Quliyevi Prezidentə guya terror təşkil etməsi üçün Bakıya terrorçu çeçen qrupu və külli miqdarda dollar göndərməsi haqda Qurbanın T.Novruzova məlumat verərək həm həmin qrupu yaxalamaq və həm də pulları ələ keçirmək üçün C.Əhmədovun adından T.Novruzovu nazirin yanına məsləhətləşmə aparmağa göndərməsi...” .(1-ci dəftər,Səh.64,68).

Sitat 6: ”Beləliklə, Rəsul Quliyevin ADP-yə sədr gətirilərək quliyevçi qüvvələr tədricən ADP-də cəmləşdirilmiş, ADP maliyyə və sosial baza və siyasi elektorat cəhətdən xeyli gücləndirilərək aparıcı radikal müxalifət partiyaları sırasına qoşulmuş, SİDSUH üçün külli miqdarda əlavə maliyyə vəsaiti ayrılmış, R.Quliyev özü isə oyundankənar vəziyyətdə saxlanılmışdır...” (2-ci dəftər, səh.13).

Sitat 7: “Mən hər zaman demişəm, bir daha qəti şəkildə təkrar edirəm: Təhmasib Novruzov heç vaxt bu işlə əlaqədar mənə tələ qurmayıb. O özüün ölməyinə razı olardı, mənim həbs edilməyimə razı olmazdı. O heç vaxt MTN agenti olmayıb və bu işdə də onun agent olmadığı gün kimi ortadadır. Bütün oyunları Qurban Məmmədov qurub, iki tərəflə işləyib, bizi də ustalıqla bu oyunun iştrakçısına çevirib”(2-ci dəftər, səh. 24).

İki dəftərlik yazının sonunda C.Əhmədov mənə öz imzası ilə təsdiq edilmiş etibarnamə göndərərək, onun hüquqlarını müdafiə etmək, mətbuatda onun adından yazılar dərc etdirmək üçün etibarnamə göndərmişdi. Həmin etibarnamənin foto-surətini yazıya əlavə edirəm.

Göründüyü kimi, 1998-ci ildə baş vermiş məşhur olayla bağlı Cəmaləddin Əhmədov gerçəkləri öz dili ilə söyləyir. Məncə onun bu etirafları həmin hadisənin mahiyyətini doğru-düzgün anlamaq istəyənlər üçün üçün kifayətdir və əlavə şərhə ehtiyac yoxdur. Nəhayət, həmin dəftərlərlə birgə Cəmaləddin Əhmədov Qurban Məmmədovun böyük qardaşı, o zaman həmin hadisələrin ideoloqlarından olmuş Sərdar Calaloğluna ünvalanan bir məktub da göndərmiş və onun mətbuatda dərc edilməsini xahiş etmişdi. Təbii ki, bu hadisələrdən uzaqlaşmaq istədiyimə və o zaman ADP rəhbərləri ilə qarşılıqlı iddialara moratorium qoyulması ilə bağlı razılıq əldə etdiyimizə görə, həmin məktubu heç bir mətbu orqana təqdim etmədim. Gərəkərsə, bu hadisələrin daha lokanik təsviri olan həmin məktubu da qəzetdə dərc etdirməyə hazıram. Yetər ki, cəmiyyət baş vermişlər və onların tərəfləri haqqında daha dolğun və obyektiv məlumat əldə etməyə nail olsun.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə