Bu gün çoxları arasında heç də xoş olmayan fikir formalaşıb. Yəni kimi dindirsən, danışdırsan və ya hansısa məsələ ilə bağlı mübahisələr yaratsan həmsöhbətin “onun axırına lap az qalıb” və ya deyəcək ki, “bu ABŞ-ın, İsrailin, Avropanın bir oyunudur”, ən zəif bilgi sahibi isə fikrini “bu bir siyasətdir” deyib, sağolsuz, hələliksiz dabanı üstə 180 dərəcə fırlanıb, gedəcək işinin gücünün dalınca. Səndə təbii ki, bu əndrabadi münasibətdən təəccüblənməyəcəksən. Ona görə ki, səndə kiməsə eyni sifəti nümayiş etdirmisən. Sən də, dostlarınla, tanışlarınla söhbətində dəxli olmayan müdrikliklə demoqogiyadan yaralanmasan. Avstraliyalı yazçı Safir Moriç yaxşı deyib, “hər kəs özünün uzaqgörən siyasətçi və ən savadlı təbib olduğunu iddia edir”. Doğurdanda bu gün kimi dindirsən deyəcək ki, Zbiqnev Bjezinskidən daha siyasi təfəkkürə və analitik təhlilərə malikdir və ya iddia edəcək ki, Hipokratdan öncə dünyaya gəlsə idi, bu gün dünya həkimləri onun adı ilə and içib, peşələrinin icrasına başlayacaqdılar. Bu baxımdan bu sətirləri oxuyarkən qımışma, gülümsəyib, özünü çox bilmiş kimi də göstərmə. Nəisə...

Bu gün cəmiyyətdə beyinləri məşğul edən əsas mövzu koronavirus pandemiyasıdır. Dünyanın istənilən nöqtəsində eyni anda bir-neçə münaqişə bölgəsi yaradan, döyüşlər aparan, insanları qırğına verən, planetlərdə kəşflər aparıb, bunla bağlı fərəhlə bağıran böyük-böyük dövlətlər virusun əlində əsir-yesir olub. Xüsusilə, koronovirus epidemiyası tibb elminin inkişaf etdiyi iddia edilən ABŞ-ı, İsraili və Avropa dövlətlərini böyrü üstə qoyub. Hər gün bu dövlətlərdə minlərlə insan virusa yoluxur, yüzlərlə biçarə həyatlarını itirir. Hakimiyyətlər isə yazıq-yazıq yoluxmalara və ölüm hallarına baxıb, köks ötürürlər. Vəziyyətdən çıxmaq üçün bəzən bir-birini ittiham da edirlər. Çin iddia edir ki, virusu ABŞ ordusu Uhanda yayıb. Tramp hakimiyyəti də, Çini bilərəkdən insan qırğınlarına nail olmaq və dünya iqtisadiyyatını çökdürmək üçün virusun ölkələrə yayılmasını həyata keçirib.

Bu arada Almaniya, Brazilya və İtaliyada ABŞ-ın mövqeyindən çıxış edərək, Çini ittiham edib və rəsmi Pekinə qarşı 3 trilyon dollar təzminat tələbi ilə beynəlxalq məhkəməyə müraciət etmək fikirlərini açıqlayıblar. Maraqlıdır ki, dünya ölkələrinin bir-birinə dəydiyi, siyasətçilərin çarəsiz vəziyyətdə ora-bura vurnuxduğu halda sadə insanlar yenədə, ənənəvi sadəliklərindən əl çəkmirlər. Bu gün kiminlə görüşsən, söhbət etsən koronavirusdan danışır. Əksəriyyəti də, pandemiya ilə bağlı özünün düşüncələrini dilə gətirir, ağıllı məsləhətlərini verir, təkliflərini dilə gətirir. Bəzəndə açıq şəkildə deyirki, virus – filan yoxdur, bütün bunlar böyük dövlətlərin oyunlarıdır. O günləri də televiziyaların birinin hazırladığı reportajda polisin “niyə maska taxmamısınız” sualına vətəndaş “mən ölmək istəyirəm” cavabını eşidəndə heç də təcüblənmədim. Çünki, məsuliyyətsizlik, laqeydlik bəzi insanların sanki qanlarına hopub. Amma 3-5 məsuliyyətsizə görə bütün cəmiyyət əziyyət çəkməməlidir.

Hesab edirəm ki, hər kəs vətəndaşlıq mövqeyini ortaya qoymalı və “Biz birlikdə güclüyük” çağırışına əməl etməlidir. Yalnız bu halda pandemiyya qalib gəlmək olar. Məndən demək və yazmaqdır. Herbert Uels deyirdi ki, “Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan”.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə