Polis həqiqəti: bax və ayıl, ayıl və sənin kimi düşünənlərə də izah et ki...

Gəlin həqiqət və dürüstlük naminə etiraf edək ki, polis daim vətəndaşların keşiyində dayanmaqdadır və bu faktor özünü hər zaman, müxtlif hadisələr fonunda təsdiq edib. Ümumiyyətlə, Azərbaycan polisi deyərkən biz qanunun icrası mexanizmində güc strukturu ilə yanaşı, həm də daim xalqın yanında olan insanları görürük. Polisin “qanun şahdır” prinsipiallığı həm də onda irəli gəlir ki, əgər bu prinsipiallıq olmasa anarxiya, özbaşınalıq, müxtəlif cinayətkarlıq halları tüğayn edər, nəinki vətənədaşın, eləcə də dövlətçiliyin özünə ciddi təhlükələr yarana bilər. Biz polisi ən çətin məqamlrda yanımızda görmüşük: yanğınlarda, dağıntılarda, qəzalarda və s. hadisələrdə həyati təhlükələrə baxmayaraq xilasetmələrdə, yaşlılara, ahıllara, əlillərə yardımlarda və s...

Bu gün Azərbaycan polisinin şərəfli adında Qarabağ torpaqlarının düşməndən müdafiəsi kimi tarixi məqamları da dayanmaqdadır. Azmıdır polis vəzifəsini daşıyan Milli Qəhrəmanlarımız ki, onlar öz canları, qanları bahasına dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında fədakarlıqla iştirak ediblər, qazi və şəhid olublar? Bu kimi və digər faktları kifayət qədər sadalamaq mümkündür.

Lakin ən əsası, dövlətimizin, xalqımızın mühafizəsində dayanan polis qardaşlarımızın belə bir çətin dövrdə - pandemiya zamanında da həyatlarını risklərə ataraq keşiyimizdə dayanmaları bu həqiqətləri anlayanlarda qürur hissi oyadır. Həkimlərimizlə yanaşı, polislərimiz də əsl fədakarlıq, qəhrəmanlıq göstərərək bu dəfə xalqın mühafizəsi ilə yanaşı, həm də sağlamlıqlarının qeydinə qalırlar.

Bu gün dünyanın bir çox ölkələrində koronavirus epidemiyasının qarşısının alınması üçün polis qüvvələri cəlb olunub. Onlar insanların həyati təhlükələrlə qarşı-qarşıya qalmamaları üçün aldıqları müvafiq tapşırıqlarını icra edirlər. Amma fakt budur ki, bir sıra hallarda ABŞ, Fransa, Böyük Britaniya və s. Qərb ölkələrində polis aşırı gücdən, zorakı metodlardan istifadə edir, hətta insanları saxlanıldığı zaman izafi gücə yol verərək, onların ölümünə, ciddi xəsarət almalarına da səbəb olurlar.

Yeri gəlmişkən, o da əbəs deyil ki, ABŞ-ın Minnesot şəhərindən başlanan bəlli kütləvi etiraz dalğası artıq digər ölkələrə qədər yayılıb. Sanki Qərb insanları polisə qarşı səfərbər olaraq, bu strukturu “düşmən” kimi görməyə başlayıblar. Bəs daha sonra? Sonrası məlumdur: qarətlər, talanlar, yağmalamalar, digər cinayətlər, qətllər və s. Buna isə anarxiya deyilir. Hadisələr çərçivədən çıxıb və indi daha təhlükəli mərhələyə keçid alıb. Bir tərəfdən pandemiya, infeksiyaya yoluxma halının sürətlə artması, digər tərəfdən isə...

Bax, məsələnin də bir tərəfi budur ki, bu gün özlərini “müxalifət” adlandırıb “liderlik” edən siyasi kuklalar dərhal Qərb ölkələrində baş verən hadisələrin Azərbaycanda da yaşanması üçün maraqlı olduqlarını gizlətmirlər. Əslində dövlətçiliyimizə qarşı düşmən olan qaragüruhçu qrupların həmin maraqlarının əsasında da dümənə işləmək, düşmən dəyirmanına su tökmək kimi məsələlərin dayanması şübhəsizdir. Bu gün Azərbaycan polisini “dövlət xalqı susdurur” qismində təqdim etmək cəhdinin arxasında başqa nə dayana bilər ki?

Yaxud, niyə bugünlərdə Ermənistanda polisin vətəndaşa qarşı ABŞ polisi kimi kobud rəftarı ilə bağlı yayılmış videogörüntülərə qarşı bir dəfə də olsun əks fikir söylənilmədi?! Əlbəttə ki, bunu da etməyə cürətləri çatmadı, çünki onların pul-gəlir mənbələrinin bir tərəfi də bilavasitə erməni lobbisinə, erməni maliyyə donorlarına bağlıdır, bir sözlə sərf eləmədi..!

Ancaq bu kimi danılmaz faktlardan polizimizə həqarətlər yağdırmaq vasitəsi ilə utanmadan, qızarmadan yayınmaqla var-gəl edənlərə bir sualım da var – bu polis sənin də həmvətənindir, bir övladdır, bir övlad atasıdır, qardaşdır, dayıdır, əmidir... Bəlkə də qaragüruha qoşularaq sosial şəbəkələrdə hay-həşir salanlar fərqinə vara bilmirlər, ya da buna düşüncələri çatmır ki, geyimləri üzərində Azərbaycanın dövlət atrubutikaları olan polislərimizin üzərinə zibil atanlar, söyənlər həm də birbaşa dövlətimizə həqarət edirlər. Bunu anlamırlar və sonradan anlasalar, bu da çox gec olur... Necə deyərlər, arxadan atılan daş topuğa dəyər.

Ey polisimə söyüş söyən, küyə düşüb boğazını yoran düşüncəsiz, tərbiyəsiz və Vətən anlamını anlamayan ünsür, sən təhlükəyə düşməyəsən, yoluxmayasan, həyatın mühafizə olunsun deyə, gecə-gündüz dənizkənarı bulvarda, şəhərdə, parklarda, küçələrdə qorxa-qorxa gəzməyəsən, evinə, ocağına talançı, oğru, cinayətkar girməsin deyə sənin polisin məhz səni (!!!) yağışda, qarda, istidə, palçıqda qoruyur. Aç gözünü və anla ki, nə qədər ciddi səhvə yol verirsən, bax və ayıl, ayıl və sənin kimi düşünənlərə də izah et ki...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə