Şuşada Paşinyan üçün son zəngi kim çalacaq?

Buyur, mayın 21-də ermənilər Şuşada “andiçmə” mərasimi keçirdilər. Nikol Paşinyan jurnalist arvadını da götürüb gəlmişdi kef damağa. Çaldılar, oynadılar, yedilər-içdilər vəəə... and içdilər. Bilirsən nə andı?,- bir daha Qarabağı azərbaycanlılara qaytarmamaq andı. Bu açıq meydan oxumaq demək idi. Bu, həm də bizi qəflət yuxusan oyandırmaq üçün əsl SON ZƏNG idi!.

Həm də bir xalq olaraq bizim üşün əsl dəhşətli gün idi. Ictimai rəy çılğına dönmüşdü, hamımız onların qarasınca ən “bərk gedən” söyüşlərdən guppuldatdıq və sairə və sairə. Paşinyanın xalası, bibisi, nəsli-kökü barədə içimizdəki qəzəbi ifadə edən kəlmələr havada uçuşdu. Nəticə?,-nəticə heç nə. O gəldi Şuşada dığaların andiçməsini də keçirdi, ermənilərə əminlik yaratdı, hələ bir Şuşa barədə dəhşətli fikirlərini də açıqladı. Bizim söyüşlərimiz də hər gün havada, oksigen qatında “mənzil salır”, Vəssalam.
Biz hələ ki, ancaq söyüş guppuldada bilirik, ardı gəlmir. Ona görə ki, cəmiyyət bütünlüklə torpaq qaysağına hələ də laqeyddir. Fərd olaraq yüzlərlə, minlərlə azərbaycanlı dünən erməni faşistlərinin Şuşada tədbir keçirməsinə qəzəbləndi, sosial şəbəkələrdə heç olmasa klaviatura üzərindən də olsa etiraz səsini qaldırdı. Farsların sözü olmasın, bu xub. Amma o dünən oldu və cəmiyyətin Qarabağı düşünən bu hissəsinin də səsi dünəndə qaldı. Bu gün yenə TV-lər öz işindədirlər. Mayın 21-dəki milli hüzn gününə bərabər olan o hadisə getdi işinin dalınca. Yenə “tik-tok” səhifəsində “bərk gedən”, savadsız, milli düşüncədən milyon dəfə uzaq olan ləçər müğənnilər bu orucluq ayında belə, yeyib-içmək məclisindən kefli hallarını “tik-tok” səhifəsində nümayiş etdirirlər, həyasız və ləçər efir “xanımları”, qulağısırğalı “kişi” aparıcılar yenə öz işindədir. Hə, bax elə bu ictimai mövqeyimizi və genetik olaraq milli qüsurlarımızı bildiyi üçündür ki, meymuna bənzəyən N.Paşinyan arvadını da qoltuğuna vurub rahatca Şuşada Yerevan konyakından vurur, cıdır düzündə ləzzətli kababın dadına baxıb yallı gedir. Yalanmı deyirəm a kişilər?.

10-12 yaşlı məktəbli qızların başına qara yaylıqlar bağlayıb ağı söylətməklə, yeniyetmə oğlanlara mərsiyə xarakterli şeirlər əzbərlətməklə biz ancaq və ancaq özümüzə, milli qürurumuza, vətənpərvərlik hisslərimizə balta endiririk, vəssalam!. Axı yeniyetmə uşaqlara qorxaqlıq və təslimçilik ruhu aşılamaq, onlara vətəni geri qaytarmaq əvəzinə ağı söylətmək, nisgil, ağlaşma dolu şeirlər əzbərlətmək ŞUŞANI, QARABAĞI, XANKƏNDINI, LAÇINI bizə geri qaytarmır!.
Şuşanın işğalı günü TV efirlərində deyilən ağılar, Qarabağlı xanəndələrin nisgilli ifaları gəncliyimizdə vətənpərvərliyi, torpaq həsrətini deyil, ancaq və ancaq təslimçiliyi, əzbərçiliyi və ən dəhşətlisi döyüş meydanına atılıb öz torpağını qanı ilə geri qaytarmaq əvəzinə, bir ömür ağı deyib şeir əzəbərləməyi aşılayır.

Neçə illərdir ki, məktəblərimizdə həqiqi vətənpərvərlik, torpaq sevgisi əvəzinə şablon şeirlər, hər faciəli tariximizin anım ildönümündə isə, divar qəzetinə vurulan yazılar, məktəb səhnəsində göz yaşlarından düzəldilən səhnəciklər “göz doldurur”. Ancaq və ancaq ŞABLON, vəssalam! Həqiqi vətənpərvərlik, düşmənə ölümcül zərbə vurmaq, vətəni necə azad etmək barədə düşünmək gənc nəslin şüuruna güllə kimi daxil olmalıdır. Yalnız həqiqi vətənpərvərliklə qidalanan gənclik bizə əsrlər boyu itirdiklərimizi geri qaytara bilər. İndi iş ordumuza düşüb. Paşinyan üçün Şuşada son zəngi hamılıqla çalmalıyıq, başqa yol yoxdur. Ağlaşma qurmaq hələ heç kimə TORPAQ QAYTARMAYIB cənablar!.

Bütün xəbərlər Facebook səhifəmizdə