Mitinq azarı: Müxalifət onlayndan çıxa bilmir

Ənənəvi müxalifətin mütəmadi olaraq siyasi-ictimai rəydə öz aktuallığını itirməsi, ümumiyyətlə heç bir maraq doğurmaması, eləcə də yersiz, mənasız fikirləri ilə gündəmdə qalmaq cəhdləri növbəti şou xarakterli fikirləri ilə yadda qaldı. Məsələ ondadır ki, bu dəfə AXP sədri Pənah Hüseyn sosial şəbəkə vasitəsi ilə mitinq keçirmək barədə guya “ideya” irəli sürdü və hətta “dəstək” də aldı. Ancaq gülünc məsələ ondadır ki, heç vaxt öz ideyaları ilə ictimai rəyə təsir edə bilməyən ənənəvi müxalifət təmsilçiləri bu dəfə də başqa ölkədə (Rusiyada) baş verən siyasi olayı dərhal özünküləşdirib tətbiq edəcəklərini anonsladılar. Hətta bu fikrə ADP, Ağ Partiya, AMİP, BAP kimi partiyalar da dəstək göstərib və s.

Çullarını sudan quru çıxarmaq üçün ən “ideal” variantları məhz sosial şəbəkələrdir

Söz yox ki, ciddi dayağı, kütləvi elektoratı, sosial bazası olmayan müxalifət partiyalarının çullarını sudan quru çıxarmaq üçün ən “ideal” variantları məhz sosial şəbəkələrdir. Yalnız şəbəkələr üzərindən varlıqlarını sübut etməyə çalışan “liderlərin” zatən başqa yolları da qalmayıb...

Amma gəlin görək, hətta onlayn mitinq olsa belə, kimlərdənsə dəstək alacaqlarmı? Əlbəttə ki, bu mümkün olmayacaq. Uzağı öz yaxın ətrafları və xahiş-minnətlə rəy yazan trollar...

İtən, yox olan cəmiyyətdən dəstək ala bilməyən müxalifətin növbəti oyunbazlığı, hətta sirk tamaşasıdır

Başqa tərəfdən, bu gün dünyanı narahat edən əsas məsələ koronavirusla mübarizə və insanların sosial vəziyyətlərinin diqqətə alınması, sağlamlıqlarının mühafizəsidir ki, bütün bunları dövlət tətbiq edir. Ümumiyyətlə, Azərbaycan azsaylı ölkələrdəndir ki, bu gün öz vətəndaşlarını hərtərəfli qayğıyla təmin etməklə yanaşı, mövcud vəziyyətdə bütün imkanlarını maksimum şəkildə səfərbər edir. Yəni qısa desək, mitinqlərin keçirlməsinə zərurət və tələb, sosial sifariş də yoxdur. Onda belə bir nəticəyə gəlmək olar ki, bu sadəcə itən, yox olan cəmiyyətdən dəstək ala bilməyən müxalifətin növbəti oyunbazlığı, hətta sirk tamaşasıdır, özü də onlayn rejimdə. Daha dəqiq deəsk, onlayn mitinqin keçirilməsi iddiası düşərgənin hələ də mövcud xəstəlikdən sağalmamasının göstəricisidir. Bu xəstəliyin adı isə mitinq azarıdır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə