Çalxalanan müxaliflərin növbəti vertualı savaşı

Hər zaman demişəm, yazmışam, deməkdən və yazmaqdan da usanmıram ki, bizim siyasi müxalifətimiz şəxsi maraqlar üzərində qurulub və onun da siyasət aləmində keçimli olmadığı gün kimi aydındır. Usanmıram ona görə ki, bu özünü siyasi müxalif adlandıranlar yeni-yeni əndrabani oyunlar oynamaqdan usanmırlar və utanmırlar. Belədə mən niyə usanım, ya da utanım? Bu dəfə əsas özəyini AXCP təşkil edən Milli Şura deyilən millilikdən çox uzaq qurum bütün dərd-sərini buraxıb, düşüb REAL-ın üstünə.Zatən bu milli olmayan şura yaranandan bəri, hər zaman real həyatdan, dünyada və cəmiyyətdə baş verən real proseslərdən uzaq olub.Bunu anladıq. Uzaq ol, amma REALla savaşmaq niyə? Sən bir partiyanın hoqqasıynan yaranmış gərəksiz bir qurumsan, o da bir partiyanın özüdür ki, istəyi də indiki iqtidara müxalif olmaqdan və onun eyiblərini tapıb, göstərib, özünün daha yetgin siyasi qurum olduğunu isbatlamaqdan və sonra da xalqa üz tutub “MƏNİ SEÇİN” deməkdən ibarətdir. Siz də həmin yolu gedirsiniz, onlar da. Yeganə fərq ondadır ki, siz bu yolda nəinki ivanlara, seyyidlərə, conlara, hələ haylara da “dayı” deyib ətəyindən tutmağı özünə rəva görənlərdənsiniz, REAL isə bu sarıdan bir balaca özünü və sözünü qoruya biləndir. “Qonaq qonağı sevməz, ev yiyəsi heç birin” deyə bir məşhur deyim var. Onu suyasiləşdirəndə belə alınır: ”Müxalifət müxalifəti sevməz, iqtidar da heç birin”. Yəni bu iqtidara fərq etməz, müxalifətəm deyib kim bağırır. Fərq onda edər ki, real bir qüvvə olaraq cəmiyyətin inkişafında iqtidara da, müxalifətə də(təbii ki, xaricdən idarə olunanlar istisnadır)və ümumən cəmiyyətə gərəkli olan töhfələr versin. İndi hüququnun bərpasını xaricdə deyil, öz ölkəsində arayıb, sonda onu tapan realçı İlqar Məmmədov olub düşmən, yaxud iqtidarla separat əlaqə yaradan!

Qarşıdurma getdikcə güclənir və bu qarşıdurmanın da səbəbi, Ali Məhkəmənin Plenumunun REAL sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verməsi, mənəvi təzminat təyin etməsidir.Cəbhəçilər və milli şuraçılar açıq şəkildə barələrində qərar çıxarılanları aşağılayır, onları hakimiyyətlə anlaşmada ittiham edirlər. Bunlar olmadan, belə qərarın verilməsinin mümkünsüz olduğunu vurğulayırlar.

Həm də savaş təkcə REAL-Milli Şura arasında getmir. ABŞ-dan internet üzərindən canlı yayımlar təşkil edən Sevinc Osmanqızı ilə REAL-ın sabiq funksioneri, tarixçi alim Altay Göyüşov arasında ciddi gərginliyin yaşanması, bu savaşın miqyasının hələ çox genişlənəcəyindən xəbər verir. S.Osmanqızının işlətdiyi bir cümlə aləmi bir-birinə vurub. ““Qədeşbala” professor Altay Göyüşöv məni bəyənmir, təəccüblənmirəm, amma “fırıldaq” dediyi nədir? Mən onun kimi gah REAl-a girib, gah çıxıb, gah yenə girib, yenə çıxmıram”. Və sairə...

Üzü üzlər görmüş o qızın dediklrini burda təkrarlamağa ehtiyac görmürəm. Bunu da ona görə yazdım ki, oxucu bilsin bu savaşa kənardan fitva verənlər kimlərdir. Yəni ilana (Oxu: Cəmil Həsənliyə və Əli Kərimliyə) ağı verən kərtənkələnin (Oxu: Sevinc Osmanqızının) istəyi ortadadı. Nəyin bahasına olursa olsun, müxalifləri bir-birinə vuruşdurmaq! Əks halda onlar birləşsə Osmanqızının qurduğu oyun özünün başında çatlayacaq. Nə isə... Hər kəs özü bilər, mənə nə kim kiminlə savaşdı, kim kiminlə söyüşdü. Mənim bircə istəyim var, o da əvvəllər dəfələrlə yazdığım kimi, bu millətə allah gerçək və ədalətli bir müxalif qüvvə yetirsin.

Amma görünən odur ki, Milli Şura ilə AXCP elə canlı sədd qurmaq istəyirlər ki, inhisara aldıqları bu düşərgəyə heç top-tüfənglə də kimsə yaxın düşə bilməyəcək. Və belə getsə hələ çox eşidəcəyik “biz gəlirik” və “iqtidardakılar saxtalaşdırdı” bağırtılarını. Yenə deyirəm, onların hamısı cəhənnəmə, allahın bu millətə yazığı gəlsin, bu siyasət oyunbazlarınıdan canını qurtarsın. Yoxsa bunlar nə usanan deyil, nə utanan deyil, nə də xəyanətlərinə son qoyası, real siyasətə dönüş eliyəsi deyillər. İndi anladım, niyə köhnələr təzələri belə daşa basırlar. Axı onun adı REAL-dı! Bunların da ən qorxduqları elə reallıqdır də...

Sonda REAL sədrinin bir ifadəsini xatırlatmaöa ehtiyac duyuram. İlqar Məmmədov: “Əli Kərimli kimiləri Afrikada olsaydılar, Mandelaya da satqın deyərdilər".

Belə!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə