Müxalifətdaxili çəkişmələr və qarşıdurmalar fonunda diqqətçəkən məqamlardan biri də, AXCP funksionerlərinin Müsavata qarşı ittihamlarını daha açıq və geniş formada səsləndirmələridir. Demək olar ki, AXCP sədr Əli Kərimli başda olmaqla partiyanın üzdə olan trolları ağına və bozuna baxmadan Müsavat rəhbərliyini tənqid və təhqir edir, onları gözdən salmağa çalışırlar. AXCP-nin sözçüsü Natiq Ədilov sosial şəbəkələrdə paylaşdığı statusunda iddia edib ki, müxalifin inteqrasiyasına ən çox problemləri başqan Arif Hacılı yaradır. Onun sözlərinə görə, hər dəfə müxalifətin yeni qurumunun yaradılması ideyası ortaya çıxanda A.Hacılı və partiya funksionerləri buna ciddi əngəllər yaradırlar. N.Ədilovun Müsavata ünvanlanan ittihamlarına cavab isə özünü çox gözlətməyib. Müsavat başqanının qardaşı Mustafa Hacıbəyli N.Ədilovun öz sözünü deyil Ə.Kərimlinin sifarişlərini yerinə yetirdiyini bildirib: “Hər kəs bilir ki, Ə.Kərimli facebookda saxta səhifələr yaradaraq müxalifətin üzdə olan simalarını təhqir edir və müxtəlif ittihamlar səsləndirir. Araşdırsaq məlum olar ki, Ə.Kərimlinin çoxsaylı saxta səhifələri var. Saxta səhifə yaradıb, Müsavatı hədəf seçən Ə.Kərimlinin özünü və dediklərini ciddi qəbul etmək olmaz. O başdan–ayağa qədər saxtakarlıqdan ibarətdir”.

Mustafa Hacıbəyli: “Əli Kərimli başdan –ayağa qədər saxtakarlıqdan ibarətdir”

M. Hacıbəylinin qeyd etdiyi saxta profillərin yaradılması məsələsini AXCP-dən istefa vermiş cəbhəçilərdə təsdiqləyirlər. AXCP-nin keçmiş təşkilat şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu bildirib ki, AXCP-dəki trolların əsas işi-gücü saxta profillər vasitəsilə partiya sədri Ə.Kərimlinin “like”larını artırmaqdır: “Saxta profillər kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, onlarla saxta profilləri var. Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. Çünki 70-80 faiz saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da bunlar üçün adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar. Bunlar artıq o işlərdə “püxtələşiblər”.

O, qeyd edib ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi Facebook səhifəsində sədrin statuslarının layklarının sayılmasına gedirdi: "Bu qədər xırdalıqlara getmək düzgün ola bilməz. Laykları saymaq düzgün siyasət ola bilməz. Mən bu xırdalıqların hər zaman əleyhinə olmuşam".

AXCP sədrinin keçmiş müavini R.Nurullayevdə bildirib ki, Ə.Kərimli tərəfindən Facebook-da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. Facebook-da şərtlər sərtkləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".

AXCP sədrini keçmiş müavini partiya sədri Əli Kərimlinin partiyanın digər üzvlərinə qarşı şantajdan istifadə etdiyini bəyan edib: "Partiya üzvlərinə qarşı şantaj yolunun seçilməsi doğru deyil. Əgər bir sədr ki, özü şantaja məruz qalıbsa və buna baxmayaraq, özü də digərlərinə qarşı şantajdan istifadə etməsi qətiyyən düzgün deyil". gətirilməldiir".

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev “Səs” qəzetinə açıqlamasında bildirib ki, Ə.Kərimli ətrafında saxladığı qolçomaqlarla internet üzərindən hücumlar edir, ölkədəki sabit və idarə olunan vəziyyətə kölgə salmağa çalışır, özünün quruluşçu rejissorluğu ilə yeni tamaşa səhnələri qurur, ictimai rəyi üzərinə çəkmək üçün dəridən qabıqdan çıxır, vurnuxur: “Fəqət, çıfayda, effekt yoxdur. Əksinə, maraq daha da azalıb. Bəyin “layk”ları tükənib. Diqqət sıfırdır. Bata bildikcə batır bu adam. Dövlət ayaq üstdədir. Hökumət tərəfindən atılan bütün addımlar yerindədir və düzgündür. Artıq xəstəliyə yoluxanlarla sağalanların arasındakı fərq ciddi bir şəkildə ikincinin xeyrinə doğru dəyişməyə başlayıb. Ümumbəşəri pandemiya üzərində qələbə qazanacağımız gün çox yaxındadır. Bu isə o deməkdir ki, “Milli Şura” ətrafında cəmlənən radikalların köməyinə koronavirus da çatmadı. Mənfur ünsürlər yenə öz xislətlərinin badına getdilər. Qazdıqları quyuya düşdülər. Arzuları bətndəcə dəfn olundu. “Milli Şura”, Ə.Kərimli və onların təəssübkeşləri Azərbaycan xalqının açıq və birmənalı düşmənləridir! Koronavirus dövründə müşayət edilən hadisələr də bir daha sübut etdi ki, belələrinin əsl layiq olduğu yer siyasət məkanı deyil, tarixin zibilliyidir! O yer ki, illərdir məskunlaşıblar, gömülüb qalıblar. O yer ki, ömürlük ünvanları olacaq”.

Cəbhəçilər də Əli Kərimlidən imtina edirlər

Göründüyü ki, Ə.Kərimli şantaj və böhtanlarını əsasən sosial şəbəkələr üzərindən yaratdığı saxta profilləri vasitəsi ilə həyata keçirir. Bu isə, ekspertlərində də, qeyd etdiyi siyasi dəllallığın açıq nümunəsidir. Söz yox ki, bu metodda Ə. Kərimlinin uzaqlara hesablanan siyasi oyunlarına yaramayacaq. Çünki, hər kəs, o cümlədən AXCP-də təmsil oluna sıravi cəbhəçilərdə aydın şəkildə dərk edirlər. Ümumiyyətlə, AXCP ilə yanaşı digər müxalif partiyalarda ağır və üzücü fəaliyyət dönəmi keçməkdədirlər. Hazırkı məqamda ən təlatümlü və narahat partiyalar AXCP, ADP, KAXCP və Müsavat partiyalarıdır. Müsavatda cərəyan edən hadisələr maraqlı nüansları ortaya çıxarır. Arif Hacılının başqanılığa gətirilməsindən sonra partiya daxilində qarşıdurmalar günbəgün artmaqdadır. Partiya başqanı A.Hacılının idarəçiliyindən narazı olan qruplar açıq müstəvidə mübarizəyə başlayaraq, situasiyanı öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Bundan istifadə edən AXCP sədri Ə. Kərimli yaranmış vəziyyətdən səmərəli istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu iki partiya arasında əzəli düşmənçilik mövcuddur. Hər iki partiya funksionerləri bir-birini sıradan çıxarmaq üçün məqam gözləyiblər. Müsavatda baş verənlər Ə.Kərimlinin işinə yaradığından, o, bütün qüvvəsi ilə Müsavatı tamamilə sıradan çıxarmağa çalışır. AXCP-nin həmlələri qarşısından geri çəkilmək fikrində deyillər. Araşdırmalara və proseslərə əsasən, demək olar ki, hazırkı mərhələdə daha cox AXCP-Müsavat qarşıdurması diqqəti çəlb edir. Xüsusilə də, Müsavatın "Milli Şura" deyilən qondarma qurumdan çıxmasından sonra iki partiya arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur. ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, müxalifətin ciddi iflasa uğramasının başlıca günahkarı AXCP və Müsavatdır: “Bu partiyaların bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə "Demkonqres"in, "Azadlıq" siyasi blokunun, "SİDSUH"un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...