Bizim özünü “ana”, “ata” müxalifət adlandıran gözəl-göyçək, nazlı-qəmzəli, şərdən tutmuş böhtana,təhqirdən tutmuş söyüşə qədər bütün pis əməllər sarıdan çox bacarıqlı, əvəzolunmaz siyasi oyunbazlarımıza lap məəttəl qalmışam. Ha istəyirsən ki, onlarda bircə dənə də olsun müsbət keyfiyyət tapıb, bir yaxşı yazı yazasan, tapılmır ki, tapılmır.

Allah qəni-qəni rəhmət eləsin (Rəhmət oxudum a..Yeddisini istəməyin), Molla Nəsrəddin bir gün bazardan bir uzunqulaq (Yəni, ayıb olmasın, eşşək) alıb gətirir. Oğlunu çağırıb deyir ki, get heyvancığaza bir az su ver. Oğlu gəlir, su arxından vedrəni doldurub qoyur heyvanın qabağına, heyvan başlayır suyu içməyə, oğlu da durub onu seyr edir. Uzunqulaq suyu içib qurtarmamış, Molla Nəsrəddin gəlir onların yanına. Soruşur ki, heyvana suyu hardan verdin. Oğlu deyir arxdan. Eləmir tənbəllik, oğluna bir şillə: Tez ol götür suyu, heyvanın ağzı dondu! Bir gün keçir, oğlu gedib sobanın üstündən çaydanı götürüb, tökür bir vedrəyə, gətirib qoyur uzunqulağın qabağına. Molla Nəsrəddin yenə gəlir oğlunun yanına, soruşur ki, suyu hardan götürdün? Deyir sobanın üstündən. Molla yenə oğluna bir tərs şillə ilişdirir: Tez ol götür, heyvanın ağzı yandı. Oğul da bu dəfə dözməyib atasının üzünə qayıdır: Soyuq verirəm vurursan, isti verirəm, vurursan. Bəs mən nə verim ki, vurmayasan?

Çoxlarına məlum olan bu lətifəni elə-belə danışmadım. Lətifəsi onlardan uzaq olsun (Lap yaxın olsa noolasıdı ki, ey...), Molla Nəsrəddinin heyvancığazı kimi, bunlara nə verirsən, deyir pisdi. Bir vaxtlar ölkədə kadr islahatının vacibliyindən danışırdılar. Hakimiyyət kadr islahatına başlayan kimi, vaxtilə qəzetlərində korrupsioner, rüşvətxor, hətta heyvan adlandırdıqları həmin kadrların balı çıxdı. Çəkdilər döşlərinə ki, a kişi, sənin qədrini bilmədi bu hakimiyyət, gətir pulunu bizimlə böl, biz sənə dəstək verək. Hakimiyyəti ölkə əhalisinin əmək haqqını, pensiyasını az verməkdə günahlandırırdılar. Bir ildə iki dəfə sosial paket qoyuldu ortaya, əmək haqqları da, pensiya da bir il ərzində 70-80 faiz qrtırıldı. Bu zavallılar il ərzində əməkhaqqı və pensiyanın belə artımı üçün dövlət nələr etdiyini anlamadıqlarından və iqtisadi siyasətin əlifbasından belə bixəbər olduqlarından, bunu da başladılar hakimiyyətin xalqa yarınması(?) kimi qələmə verməyə. Bir dəfə də olsun demədilər ki, hakimiyyətin bu addımını təqdir edirik və gələcəkdə davam etməsini istəyirik. Bütün sosial şəbəkələrdə bar-bar bağırırdılar ki, hakimiyyət bizimlə dialoqa getmir. Hakimiyyət bunu da nəzərə aldı. Prezident Administrasiyasında yeni bir şöbə yaradıldı. Bu şöbənin məqsədi ölkədəki siyasi partiyalarla əməkdaşlığı nəzərdə tutur. Dəvət edildilər.

Digər partiyalar dövlətin mənafeyi naminə əlində təkliflərlə buyurdular dialoqa. Amma “ana” və “ata” müxalifət obrazında oynayan AXGP və Milsiz Şura (Yanlışlığa görə üzr istəyirəm: AXCP və Milli Şura) daşları atdılar, başlarını tutdular ki, yox, bu xəyanətdi(???). Anlamaq olmur, milli və dövlətçiliklə bağlı tale yüklü məsələlərin müzakirəsində hakimiyyətlə birgə müzakirələrə qatılmaqdı xəyanət, yoxsa xaricdəki ağalarının sifarişi ilə bu dialoq imkanından imtina eləmək? Xülasə, sözüm onda da deyil. Məni ən çox bu yazıya vadar edən nə oldu, bilirsiniz? Arxiv iyi verən bu siyasət dəllalları az qala otuz ildi digər islahatlarla yanaşı məhkəmə islahatının həyata keçirilməməsindən də şikayət edirdilər. REAL partiyasının sədri İlqar Məmmədovun Ali Məhkəmənin Plenumuna verdiyi şikayət ərizəsinə baxılaraq, onun iddiasının əsaslı olduğu qənaətinə gəlinmiş və İlqar Məmmədova bəraət verilməklə, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi haqqında qərar çıxarılmışdır. Vəssalam! Sən demə İlqar Məmmədov hakimiyyətlə separat (?) danışıqlara gedibmiş. Buna görə də onun iddiası müsbət həll edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi bu yekun qərar yenə bütün ictimaiyyət, o cümlədən əksər siyasi partiyalar tərəfindən alqışlandı. Çünki İlqar Məmmədovu yaxından tanıyan hər kəs, mən də daxil olmaqla bilir ki, bu adam heç vaxt, heç kimə əyilməyən bir siyasətçidir. Xalqın və millətin mənafeyinə zidd olan, istənilən yerdən gələn təklifə də heç zaman boyun əyən biri deyil. Belədə, Məhkəmə sistemində islahatların işartısı olan bu qərardan sevinmək əvəzinə, həmin bayaq adlarını çəkməyə məcbur olduğum o iki qurum yenə əksinə getdi. Yaxşı, o zaman sual olunur, bu iqtidar milli və dövlətçilik mənafeləri baxımından daha hansı addımları atmalıdır ki, ağızları əyri olan bu şər-böhtan qruplaşması ondan razılıq etsin? Bunun da cavabı həmin lətifənin xalq arasında yayılan versiyasında var. Həmin versiyada Mollanın oğlu atasının bu hərəkətinə dözmür və gecə ikən uzunqulağı tövlədən çıxarıb, aparır meşəyə. Heyvancığazın başına nə oyun açırsa, qanmaz olsa da, daha o biri heyvanların üzünə çıxmağa utanır və Mollanın evini də, hələ desən kəndi də tərk edib gedir köhnə sahiblərinin yanına. Vəssalam!

Təhmasib Novrzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...