DÖVLƏT və PREZİDENT amili XALQ faktorunu ön gördü

Hər bir xalqın xoşbəxt və firavan yaşaması, eyni zamanda onun liderinin apardığı siyasətin tərkib hissəsi ilə ölçülə bilər. Əslində bu gerçəklik həm də aksiomadır. Yəni lider xalqının maraqlarının təmin olunmasında xarizmatik keyfiyyətlərini ortaya qoymaqla həm də iradəsini nümayiş etdirir – millətinə, dövlətinə xidmət iradəsini...

Dünya koronavirus pandemiyasında çalxalanır, dünən özlərini ən aparıcı dövlətlər sırasına aid edən ölkələr epidemiya böhranının demək olar ki, bütün zərbələrini, ağrı-acılarını çəkirlər. Dayanmayan insan itkiləri, infeksiya yoluxanların sayının hətta proqnozlaşdırılan məcradan da kənara çıxaraq kütləviləşməsi, gözlənlməyəm nəticələrə yüksəlməsi bəşəriyyəti ciddi şəkildə təlaşlandırmaqdadır. Bu təlaşın arxasında yalnız insan həyatı dayanmır. Çünki insan həyatının mühafizəsi, yaşamını normal təminatlarla davam etdirməsi üçün bunun iqtisadi tərəfləri də var. Məhz təməlində iqtisadiyyat reallığı dayanan bu amil nəticə etibarı ilə sosial həyata söykənir. Bəs nə baş verir dünyada? Niyə ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlər hələ də koronavirusun mənəvi, maddi və s. cəhətdən hücumlarının qarşısını almaqda acizlik göstərir. Vəziyyət o həddə çatıb ki, vaxtilə sevdikləri peşələrindən qürur duyan həkimlər, tibb işçiləri işsizlik problemini belə gözlərinə almadan xəstəxanaları, müalicə müəssisələrini on minlərlə xəstələrin, tənha ölənlərin ucbatından tərk etmək məcburiyyətində qalırlar. Dözmürlər... Çatdırmırlar... Tab gətirmirlər...

Qərbdə iqtisadi böhrana yol açan ölümcül infeksiya insanların sosial təminatlarının qarşısında da bir sıra dövlətləri, hökumətləri acizləşdirir. Görün vəziyyət nə həddə çatıb ki, hətta bir ölkənin digər ölkəyə göndərdiyi tibbi maskalar və s. ləvazimatlar üçüncü ölkələr tərəfindən gömrüklərdəcə müsadirə edilir. Bu, əslində amansız COVID-19-un sosial, iqtisadi zərbəsi ilə yanaşı, həm də insan övladına vurduğu mənəvi zərbədir. Ümumiyyətlə, belə bir ürəkağrıdıcı mənzərənin 21-ci əsrin dünyasında görmək həqiqətən də dəhşətlidir!

Allaha çox şükürlər olsun ki, Azərbaycanımızda belə hallar yaşanmadı, ictimai panika, hay-küylər baş vermədi. Çünki DÖVLƏT və PREZİDENT amili XALQ faktorunu ön gördü. Koronavirus dünyanın digər ölkələrində ayaq açıb-yeridiyi bir zamanda xalqının Lideri İlham Əliyev bütün mümkün önləyici tədbirlərin dərhal reallaşdırılması üçün göstərişlərini verdi. Karantin rejiminin elan olunmasından başlayaraq vətəndaşların sağlamlıqlarının mühafizəsi yönündə atılan addımlar, həmçinin sosial təminat və ərzaq təhlükəsizliyinin qorunub-saxlanılması, bolluq təminatı, qiymətlərin artırılmaması, karantin rejimində qalan vətəndaşların əmək haqlarının ödənilməsi, sosial ehtiyacları olan insanlara birdəfəlik ödənişlərin verilməsi, təqaüdlərin ödənişi, sosial qayğıya ehtiyacı olan yaşlıların diqqətdə saxlanılması, xarici ölkələrdə qalan vətəndaşlarımızın ölkəyə geri gətirilməsi və s. kimi faktlar LİDER-XALQ birliyinin bariz mücəssəməsi olaraq tariximizin səhifəsinə qürur imzası atdı. Məhz ona görə də, yazımın əvvəlində “Hər bir xalqın xoşbəxt və firavan yaşaması, eyni zamanda onun Liderinin apardığı siyasətin tərkib hissəsi ilə ölçülə bilər” ifadəsini qeyd etdim.

Yeri gəlmişkən, onu da qeyd etdim ki, bəzi özündən müştəbehlər, qaragüruhçu siyasiləşmiş qruplar müxtəlif sosial şəbəkələrdə hətta ümummilli məsələlərdə belə, düşmənçilik maraqlarını sərgiləmiş oldular. Düzdür, belələrinin nə danışdıqları kimsəyə maraqlı deyil, sadəcə burada bir el məsəlini də qeyd etmək yerinə düşərdi: Milçək iyrənc deyil, könül bulandırır...

Bu gün Azərbaycan xalqı bir daha əmin oldu ki, öz seçim iradəsində əsla yanılmayıb, əksinə ötən 16-17 ildə əldə etdiyi uğurların davamına dəstək göstərib. Bu dəstəyin məntiqi nəticəsidir ki, hətta ən fors-major hallarda dövlət öz vətəndaşını qayğısı ilə əhatə edib və o cümlədən, vahimə trayektoriyasından çıxa bilməyən bir sıra ölkələrə örnək, nümunə olaraq təqdim olunmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə