Çingiz Qənizadə keçmişinə qayıdır

Eşitmişik, həm də oxumuşuq ki, insan yaşlaşdıqca, müdrikləşər, nurani görkəm alar. Bu halda, danışanda sözünü bilər, oturanda ədəb-ərkanı ilə seçilər. Amma nə yazıqlar ki, günümüzün reallığında yaşlaşmaqda olan elə insanlar var ki, bir növ ömrünün qürub çağı olmağına baxmayaraq, utancverici danışığı, hərəkətləri ilə tanınır. Elə uzağa getməyək, zamanında qondarma hüquq müdafiəçisi kimi tanınmış, sonradan deputat statusu ilə var-gəl edən və nəhayətdə, yenidən əski mövqeyinə qayıdan Çingiz Qənizadəni misal olaraq, göstərmək olar.

Ç.Qənizadənin tərcümeyi-halına nəzər yetirdikdə, bəlli olar ki, bu şəxs qaranlıq keçmişə malikdir. AXC-Müsavat hakimiyyəti dönəmində Bakı şəhər prokuroru işlədiyi zaman Ç.Qənizadə yuxarılardan verilən göstəriş və tapşırıqlara əsasən, vətənpərvər, dövlətçilik və milli maraqlar uğrunda mübarizə aparan ziyalılara, elm adamlarına, ictimai-siyasi xadimlərə qarşı qəddarlığı ilə seçilib. Hətta xalqın çağırışı və istəyi ilə yaradılmaqda olan Yeni Azərbaycan Partiyasının təşkilatlanmasına, formalaşmasına qarşı Ç.Qənizadə əngəllər yaratmağa çalışıb. O, partiya qurucularına qarşı repressiv əməlləri ilə AXC-Müsavat iqtidarının gözündə yüksəlməyə cəhd edib. YAP-ın tanınmış simalarından olmuş Zahid Qaralovu, Siruz Təbrizlini və digərlərini şərləyən Ç.Qənizadə onların incidilməsinə və apardıqları mübarizədən yayındırmağa çalışmışdır. Amma bütün cəhdlərinə baxmayaraq, onun bəd əməlləri elə özünün başında çatladı, AXC-Müsavat hakimiyyəti tarixin zibilliyinə atıldı.

Sonradan hüquq müdafiəçisi rolunda çıxış edən Ç.Qənizadə hakimiyyətə yarınmaq üçün müxtəlif məlum əməlləri ilə diqqət mərkəzinə çevrilməyə çalışmışdı. Bu yolda keçmiş silahdaşlarını "baqaja" qoymaq, onları keçi qiymətinə satmaqdan da çəkinməmişdi. İstək və arzusu təsadüf nəticəsində, Milli Məclisə deputat seçilməklə, reallaşdı. Ancaq bəlli olan fakt ondan ibarətdir ki, İmişli-Beyləqan seçiciləri parlamentdə təmsilçiləri olan Ç.Qənizadənin fəaliyyətindən narazı qalıblar. Məhz buna görə də, insanlar 9 fevral parlament seçkiləri zamanı yenidən İmişli-Beyləqan seçki dairəsində peyda olan Ç.Qənizadə ilə ünsiyyət qurmaq, görüşlər keçirməkdən yayınıblar. Dəfələrlə insanlar əllərinə çomaq götürüb, onu kənd-kəsəkdən də qovublar. Ç.Qənizadə isə, deputat mandatına yenidən yiyələnmək üçün seçicilərin sərt təpkisinə, irad və tənələrinə baxmayaraq, öz seçki marafonunu davam etdirmişdir. Arzusuna çatmaq üçün o, müxtəlif şirnikləndirici metodlardan, qanunsuz əməllərdən və digər qeyri-ənənəvi vasitələrdən də bəhrələnməkdən çəkinməmişdir.

Təbii ki, bu, yolverilməzdir, Seçki Məcəlləsinin tələblərinə tam ziddir. Məhz buna görə də, Mərkəzi Seski Komissiyası Ç.Qənizadənin namizədi olduğu 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. MSK-nın bu qərarından sonra, Ç.Qənizadənin əsl sifəti bəlli olub. Bütün fəaliyyətini cəmiyyətdə tanınan nüfuzlu şəxsləri ləkələməyə, onları şər və böhtanları ilə hörmətdən salmağa çalışan Ç.Qənizadə, hətta dövlət tədbirlərində baş verən anlaşılmazlıqları da qlobal problem kimi qabardıb, özünü mətbuatın gözündə yüksəltməyə çalışıb. Məsələn, iddia edib ki, 2018-ci ildə İspaniyanın paytaxtı Madriddə "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı baş verən məlum hadisələrdə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun günahı olub.

Araşdırmalar zamanı isə, məlum olub ki, Ç.Qənizadənin bu məsələ ilə bağlı danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Birincisi, ona görə ki, Ç.Qənizadə sözügedən tədbirin əsas iştirakçısı olmadığından, orada nələrin baş verdiyindən və hansı məsələlərin nümayəndə heyətinin üzvləri arasında müzakirə edildiyindən xəbərdar ola bilməzdi. Çünki həmin tədbir dövlət tədbiri olduğundan, Madridə də, məhz məlum şəxslər gedib ki, onların da sırasında Ç.Qənizadə olmayıb. Ç.Qənizadə, sadəcə, özünün təşəbbüsü ilə yüngül əxlaqlı qadınla birlikdə tədbirdə peyda olub və oradan da Türkiyəyə gedib. Sonradan onun ağzıgöyçəklik edərək, Madriddə baş verən məlum hadisələr haqda özünün prizmasından TV-lərə və qəzetlərə açıqlamalar verməsi yalnız və yalnız türkiyəli iş adamı "Evsen" Fondunun rəhbəri Eli Evsenin ona verdiyi 30 min avronun qarşılığında olub. Bu məsələdə Eli Evsenin marağının nədən ibarət olduğu başqa söhbətin mövzusu olduğu üçün məsələnin üzərində çox dayanmaqdan uzağıq. Ancaq onu, birmənalı şəkildə, bildirmək vacibdir ki, Ç.Qənizadə öz ağlı ilə Madrid hadisələrinə şərh verməyib.

Bir sözlə, indiki məqamda özünü vətənpərvər və sadiq mübariz şəxs kimi mətbuata sırımağa çalışan Ç.Qənizadə, əslində, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Eldar Namazovun və digər zamanında bir mövqedə, indi isə başqa bir mövqedə olan şəxslərin tipik simasıdır. Bu baxımdan, sabah onun hansısa müxalif partiya sədrinin yanında olduğu bəlli olsa, təəccüblənməyə dəyməz.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...