Prezident barmaq silkələməsə... KÖŞƏ YAZISI

Təssüf ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də şəxsi mənfəətlərini, cib maraqlarını insan həyatından üstün tutan mənfəttpərəstlər, sui-istifadəçilər və işbazlar mövcuddur. Dövlət başçısının gördüyü qətiyyətli tədbirlər, cəzalandırılmalar təəssüf ki, hələ də bəzilərinə dərs olmur. Həyat tərzini pul-para üzərində qurmaqla insanlıq dəyərini ən arxa plana atan, hətta bu dəyərə ümumiyyətlə sahib olmayan, qiymət verməyi bacarmayan həmin məxluq və məxluqatlar sanki pusquda dayanıblar ki, hər hansı hadisə baş versin, onlar da bu hadisədən pullar qazanıb ailələrinə, uşaqlarına yedizdirsinlər. Bir sözlə, haramçılıq, qeyi-insanlıq və s...

Yəqin çoxlarının xatirindədir ki, bir neçə il əvvəl heç nədən, sadəcə işbazlıq xətrinə yumurtanın qiyməti az qala 30-35 qəpiyə qədər artırılmışdı – Prezident müdaxilə etdi və yaradılan süni problem aradan qaldırıldı. Yaxud, devalivasiya zamanlarında dolların qiymətinin artmasını "səbəb" göstərən haramzadələr çörəyin, unun və s. strateji məhsulların qiymətini ehtiyac olmadan qaldırdılar kəlləçarxa. Yenə də dövlətimizin başçısı bu məsələni şəxsi nəzarətinə götürdü, qiymətlər əvvəlkinə geri döndü.

İndi də koronavirusun dünyaya meydan oxuduğu bir vaxtda sözdə biznesmenlər, əməldə isə, sözün əsl mənasında xalqın cibinə girən oğru-əyri ünsürlər, talançılar və sui-istifadəçi məxluqlar dərhal apreklərdə 5-10 qəpiyə satılan respirator maskalarını, tibbi istiqamətdə işlədilən spirt və s. dezinfeksiyaedici məhsullarının qiymətlərini 10 dəfə və daha artıq qaldırdılar (?!-R.N.) Əcəba, nəyə görə? Hansı səbəbləri əsas gətirərək belə bir rüsvayçı əməllərə rəvac verdilər? Məgər dünənə qədər həmin işbazlar satdıqları bu məhsullardan gəlir əldə etmirdilərmi? Əlbəttə ki, edirdilər. Sadəcə bu dəfə də əsl vətəndaşlıq cavabdehliyi, vətəndaşlıq məsuliyyəti, insanlıq amili atıldı bir kənara və maddi maraq hər şeyi üstlələdi. Necə deyirlər, alırsan-al, almırsansa da qoy canın çıxsın, vətəndaş! Halbuki, dövlətin, səhiyyə strukturuna aid müəyyən bazalar maskalarla və s. ehtiyac olan məhsullarla doludur.

Baxın, dünya COVID-19-la mübarizəyə qalxıb, müxtəlif beynəlxalq təşkilatlar – Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və s. strukturlar külli maliyyələr ayıraraq, bəşəriyyəti bu virusdan qorumaq yönündə addımlar atırlar. İşbazlar isə...

Yeri gəlmişkən, Prezident İlham Əliyev cənabları Goranboy rayonuna etdiyi səfərində səhiyyə müəssisəsinin açılışı zamanı bu məsələyə toxundu və vurğuladı ki, buna heç cür izahat tapmaq mümkün deyil. Hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. İndi belə bir sual yaranır ki, məgər dünyada baş verən qlobal ictimai-siyasi hadisələr fonunda dövlətimizin başçısı süni şəkildə yaradılmış bu cür məsələlərə də hər dəfə ayrıca münasibət bildirməlidir? Dələduz, möhtəkir sui-istifadəçilərə xəbərdarlıq edib, barmaq silkələməlidir? Axı ölkəmizdə görüləcək daha böyük işlər, nəhəng layihələr, inkişaf və tərəqqi planları dayanır və bütün bunların fonunda işbaz, sui-sitifadəçi möhtəkirlər həyasızcasına, mənfurcasına, hətta düşməncəsinə xalqın cibinə soxulurlar. Amma bundan sonra söz yox ki, soxula bilməyəcəklər. Hətta bunu istəsələr belə, layiqli, qətiyyətli, amansız cəzalarını alacaqlar. Çünki insanlıq, humanizm deyilən amil hər zaman xeyir olaraq, şərə qarşı qalib gəlib. Bu dəfə də belə oldu, hər dəfə də belə olacaq!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə