Bu yazını daha çox ona görə yazmaq istədim ki, ölkədə neçə vaxtdır reallaşdırılan islahatlara bəzi rüşvətxor məmurlar tərəfindən dəstək əvəzinə ziyan vurulması, cəmiyyət olaraq, belələrinə qarşı sərt və amansız olmamağımız, rüşvətxora göz yumub, mən yox. Başqası qoy desin, düşüncəmizin özü elə ən böyük milli bəladır. Cəmiyyət olaraq hamımız bir nəfər kimi rüşvətxor, süründürməçi məmura qarşı dirəniş göstərsək, bu cinayətə qol qoyanları ifşa edib cəmiyyətdə bihörmət etsək, gör onda bu sürüdən əsər-əlamət qalır ya yox. Hə, belələrinə qarşı qanunları "domokl" qılıncına çevirmək şərtilə!

Təsəvvür edin, dövlət başçısı islahat işinə girişib, yenilik, inkişaf siyasəti aparır, əvəzində bürokratlar, rüşvətxorlar, nə bilim illərdir insanların problemləri ilə maraqlanmaq bir yana qalsın, onları saatlarla, günlərlə qapı arxasında gözlədənlər, bürokratik sistem yaradıb get-gələ salanlar bu işlərdən nəticə çıxarıb DƏRS almaq əvəzinə, var gücləri ilə bu işlərə qulp qoyurlar. Neçə illərdir bu gerizəkalı "təfəkkürlə" yaşayan, dövlətə xidməti bir yana buraxıb, rüşvətə xidmət edənlərin zehniyyətində dəyişiklik gözləmək inandırıcı deyil. Burası belədir. Amma yeni başlayan işlərə, islahatlara bilərəkdən ziyan vurmaq artıq əsl cinayətdir. Necə bir qanmaz, vicdansızın təki olasan ki, ölkədə gedən prosesə bilərəkdən mane olasan, imkansız ailələr üçün dövlətin ayırdığı sosial müavinətlərə, bir sıra xırda sosial layihələrə "əl qoyasan". Hələ mən bunların dövlətin yerlərə ayırdığı milyonları caynaqlarına keçirmələrindən danışmıram. Ölkə Prezidenti İlham Əliyev keçən ilin dekabrın 23-də yerli mətbuata açıqlamasında nə deyirdi belələri barədə?. Sitat: "Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları əldə edib, oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun".

Buyur, bu da ölkə rəhbərinin açıq və prinsipial mövqeyi. Dövlət başçısı DƏRS götürsünlər dedi. Amma görünən odur ki, bəziləri rüşvətxor, kasıb boğazına şərik olmaq kimi vicdansız əməllərini yerə qoymaqdan çox uzaqdırlar. Axı sən dövlətin kasıb, bir tikə çörək qazanmaq üçün çapalayan insanları üçün ayırdığı o vəsaitə necə əl uzada bildin, heç o peyin iyi verən beynində utanc hisslərin sənə "bunu etmə" demədimi? Yox, deməyib. Çünki olmayan hiss hardan sənə "dur" desin ki. On illərdir ki, dayaz düşüncəsi və kirli əlləri anca bu işlərə adət edib. Başqa iş bunlarlıq deyil axı...

Bax, neçə gündür şəhərdəki apteklərdə qoruyucu maskalar "qeybə" çəkilib. 10 qəpiyə satılan bu ləvazimatı indi bəzi işbazlar qat-qat baha qiymətə satışa qoyublar. Koranavirus sanki bizim işbazlar üçün dəllalıq bazarına çevrilib. Bu virusla bağlı yalan məlumatlar yayırlar sosial şəbəkələrdə ki, bazarları "xod" getsin. Bu da sənə düzəlməyən milli qüsur. Öz camaatına qarşı bunları edənlər öz sapımızdan olan baltalardır, başqa heç kim...

Düzdür, bəzən fikirləşirsən ki, yazmayasan, üstündən keçəsən, "bəlkə düzəldi" deyib ümidini Allaha bağlayasan və sairə və sairə. Amma sonra düşünürsən ki, yox milli məsələdə güzəşt ediləcək hər şey tarixi cinayətə bərabərdir və gələcək nəsillər bu "güzəştlərə" görə bizi lənətləyəcəklər. Yazmalıyıq ki, bəlkə oxuyub nədənsə nəhayət ki, DƏRS çıxaraq, bizdən əvvəlkilərin və hazırda bizim özümüzün dad çəkdiyimiz qüsurlarımızdan gələcəkdə övladlarımız, nəvə-nəticələrimiz əzab çəkməsinlər. Onlar da bu qüsurların qurbanı olmasınlar, kasıb-küsubun boğazından kəsib "varlanmasınlar", bir-birlərinə dəyər versinlər, "məndən ötsün qardaşıma dəysin" prinsipi ilə yaşamasınlar...

Bax gördünüzmü, DƏRS çıxaracaq o qədər tərəflərimiz var ki, bizim ilk və əsas işimiz əsrlərdir ki, bizimlə yol gələn bu qüsurlarımızı aradan qaldırmaq olacaq. Hə, çoxlarınız deyəcəksiniz ki, axı sadaladığın o neçə əsrlərdən bəri bizimlə yol gələn qüsurları bundan sonra aradan qaldırmaq kimin beyninə girəcək, kim bu tərəflərimizi düzəltmək üçün qol çırmalayıb işə girişəcək. Əslində, bu gün qol çırmalayıb milli qüsurlarımızı və biganəliyimizi aradan qaldırmasaq, sonra çətin ki, qollarımızı çırmalamağa bir də fürsət tapaq.

Düzdür, çox vaxt bu qüsurlarımızı düzəltmək istəyimiz baş tutmur və hələ on beşinci əsrdə yazdığı "Şikayətnamə"də "Salam verdim, rüşvət deyil deyənə almadılar" sətirləri ilə öz dövründən ah-nalə çəkən dahi şairimiz Füzulidən, Nizamidən, hətta keçən əsrdə milli biganəliyimizdən, bir-birimizə dəyər verməməyimizdən şikayətlənib, "Millət necə tarac olur olsun nə işim var, düşmənlərə möhtac olur olsun nə işim var" deyib ibrətamiz sətirlər yazan, qorxulu düşüncəmizdən dad çəkən rəhmətlik Mirzə Ələkbər Sabirdən bu günə gəlib çatan qüsurlarımızı düzəldəcək nəsə bir iş görməmişik. Burası tamamilə düzdür. Düzələn heç nə yoxdur milli şüurumuzda.

O vaxt faytonlu arabaya minib "fors verirdilər", bu gün "İnamarkalar"a, "Porshe"lərə, canım sənə desin "Lamborgini"lərə, "Bugatti"lərə minib avtoşluq edirik. Amma özümüzü belə də olmalıdır kimi göstərib iyirmi ikinci əsrə bu qüsurlarla daxil olmağın, gələcək nəsillərə bu cür "hədiyyələr" buraxmağın da özü bir cinayətdir. Özü də yüz illər lənətlənəcək bir cinayət. Necə ki, biz bizdən əvvəlkiləri bugünkü qüsurlara görə "topa tuturuq", demək ki, bizdən sonra gələnlər də hazırkı qüsurlarımıza görə bizi tarixin "topuna" qoyub uçuracaqlar.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...