Seçkilərə getmək qərarını vermiş müxalifətin indi də şantaj və qarayaxma yolunu tutub, siyasi zəifliklərini ört-basdır etmək cəhdləri göz önündədir. Dəstək resurslarının olmaması, elektoratsızlıq və s. kimi məsələlərdə geridə qalan ənənəvi düşərgə təmsilçiləri çox yəqin ki, uzun illərdir xidmət göstərdikləri müxtəlif xarici təşkilatlardan yetərincə sifarişlər alıblar. Əgər belə olmasa idi, bəlli xarici təşkilatlar, siyasiləşmiş QHT-lər son vaxtlar yenidən fəallaşaraq, “hesabatlar”, “bəyanatlar” verib, demokratik seçki mühitini hədəfə almazdılar. Hədəfə alınan şəffaf seçkilər reallığını kölgədə qoymaq istəyənlər isə məhz destruktivlik yolunu tutmuş, xalq tərəfindən dəstək ala bilməyən müxalifət düşərgəsidir. Hətta bəzən belə bir təəssürat yaranır ki, onlar heç də seçkilərə qalib gəlmək üçün deyil, əksinə seçkilərə ləkə vurmaq üçün bu prosesə qatılmaq qərarını verirlər. Cığalçılıq, çuğulçuluq isəə artıq əminliklə deyə bilərik ki, bunların qanlarına hopub. Bir sözlə, qanları zəhərlənmiş siyasi buqələmunlar yığnağı yenə də iş başındadırlar.

Maraqlısı isə budur ki, seçki prosesi bir çox ölkələrdə ideal şəkildə baş tutmur. Daha dəqiq desək qüsur, çatışmazlıq, müəyyən neqativliklər bu gün özlərini “demokratiyanın beşiyi” kimi dünya ictimaiyyətinə sırıyan ölkələrdə də möbcuddur, hətta çoxluğu ilə seçilir. ABŞ-da Donald Trampın qalib gəlməsi məsələsi ətrafında səslənən müxtəlif iddialar, seçki müdaxilələri kimi hallar barədə indi də danışılmaqdadır, yaxud bu gün Fransada və s. Avropa ölkələrində də seçki maxinasiyaları mövcuddur. Yəni belə olan halda dərhal Azərbaycanı hədəfə almaq marağının mövcudluğu bir sıra suallar yaradır. Sual oluna bilər ki, axı nəyə görə öz gözünüzdəki tiri görməyib, başqalarının gözündə tük axtarışına çıxmısınız? Niyə öz daxilinizdəki çatışmayan cəhətləri bir kənara qoyub, ya da problemlərinizi araşdırmamış dərhal Azərbaycanı hədədə alırsınız? Və ya (!) Ermənistanda cərəyan edən və xalqı get-gedə daha kəskin narazı hala gətirən mövcud Paşinyan hakimiyyəti barədə bir kəlmə də olsun dəm vurmursunuz? Yoxsa Paşinyan hakimiyyətinin Soros dayısı vasitəsi ilə “məxməri inqilab” etməsi buna imkan vermir? Axı fakt budur ki, bu gün Ermənistan parlamentində qəbul edilən sərsəm qərarlar, qanunlara edilən düzəlişlər və bu düzəlişlərin repressiya xarakterli olması, xalqın marağına cavab verməməsi gerçəkliyə çevrilib! Ermənistanın Milli Təhlükəsizlik Xismətinin sabiq rəisinə qarşı başladılan repressiyalara görə, ya da Konstitusiya Məhkəməsinin sədrinin siyasi təqiblərə məruz qalmasına görə kim cavab verməlidir? Əlbəttə ki, Paşinyan! Amma bu gün Azərbaycanda aparılan və dünyaya örnək hesab olunan siyasi, iqtisadi, sosial islahatlar, seçki və parlament islahatları nədənsə bəzilərinin gözlərinə iti ox kimi batmaqdadır. Onlara bu məsələdə çuğulluq edeənlər isə sapı özümüzdən olan paslı “baltalardır”. Amma bu “baltaların” heç birinin zərbəsi, təsir qüvvəsi ola bilməz. Bu qüvvənin qarşısını alan xalqın dövlətə, Prezidentinə bağlılığı faktorudur. Ona görə də, indi durub seçkilər ətrafında var-gəl edənlər anlamalıdırlar ki, bu dəfə də heç nə onların istədikləri kimi olmayacaq, məhz xalqın istədiyi kimi olacaq. Bax onda cığalçılıqları qalsın bir tərəfə, çuğulçuluqlarına görə də cavab verməli olacaqlar. Həm millətə, xalqa, həm də xarici ağalarına. Ona görə ki, xarici ağalarının verdikləri növbəti sifarişləri də nəticəsiz qalacaq və hətta qalmağa başlayıb da...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə