Bəlkə deputat olmaq istəyənlər də imtahan versinlər?..

Ölkəmizdə ədalətin, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə, kadrların imtahan verərək işə qəbul edilməsi kimi dəyərli bir ənənə, artıq neçə illərdir ki, formalaşıb. Səmimi deyək ki, bu ənənə təsadüfi adamların həm dövlət qulluğuna, həm də digər sahələrdə işə düzəlməsinin qarşısını xeyli alıb. Bunu hər birimiz gündəlik qarşılaşdığımız müxtəlif sahələrdəki məmurlarla, hüquq-mühafizə işçiləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdəki əməkdaşlarla ünsiyyətimiz zamanı açıq-aydın hiss edirik.

Birbaşa ölkə başçısının təşəbbüsü olan bu ənənə, yəni hər bir kadrın imtahanla seçilib təyin edilməsi, cəmiyyətimizin inkişafında çox ciddi, əhəmiyyətli rol oynayır. İnkişafımızın sürətinin ilbəil artmasında, heç şübhəsiz, bu ənənə mühüm əhəmiyyət kəsb edir. Yəni müəllimdən başlamış səhiyyə, mədəniyyət, məhkəmə, prokurorluq və polis əməkdaşlarına kimi, işləmək istəyən hər kəs DİM tərəfindən təşkil olunan testdən keçərək, işə qəbul edilmək hüququ əldə edir. Amma xüsusi bilik tələb edən çox mühüm bir sahə var ki, orada hər şey yalnız seçicilərin səs vermələri ilə həll edilir. Bilirəm, bu sözlərimə dodaq büzən, hətta yazının ardını oxumadan qəzeti qatlayıb kənara qoymaq istəyənlər olacaq. Ancaq məsləhət görərdim ki, bir azca hövsələ göstərib, yazını axıra kimi oxusunlar, sonra haqlı olub-olmadığıma qərar versinlər. Söz yox, hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da Prezident, millət vəkilləri və bələdiyyə şuraları xalqın səsverməsi ilə müəyyənləşir. Bu, ölkəmizin Ali Qanunu - Konstitusiyası ilə təsbit edilmişdir ki, bunu da kimsənin dəyişmək haqqı yoxdur. Ancaq deputat olmaq istəyən, parlamentdə təmsil olunmaq istəyən hər kəs gərək özünün buna daxili potensialının olub-olmadığını müəyyən edə bilsin. Yəni bir vətəndaş nümunəvi müəllim, həkim, mədəniyyət xadimi, vətənpərvər hərbçi və sairə ola bilər. Kimsə Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq şücaəti göstərə bilər, əlil ola bilər, kimlərinsə atası, həyat yoldaşı, qardaşı Vətən yolunda canından keçə, şəhid ola bilər. Ancaq bütün bunlar onun hökmən deputat seçilmək haqqı olduğuna dəlalət eləmir.

Parlament- qanunların qəbul edildiyi və cəmiyyətə düzən verilməsini təmin edən ali qurumdur. Bu quruma düşmək istəyən hər kəs Vətən qarşısındakı xidməti ilə yanaşı, özünün siyasi, hüquqi, iqtisadi savadı haqqında da düşünməlidir. Bu günlərdə Vətən uğrunda sağlamlığını itirən, gerçək vətənpərvər bir namizədin vəkili zəng vurub, namizədin mənimlə görüşmək istədiyini söylədi. Çox hörmət bəslədiyim həmin Vətən fədaisi ilə onun öz qərargahında görüşdüm. Çox sevindim ki, keçmiş döyüşçü dostum mənimlə açıq söhbət elədi və əgər məsləhət olsa, ona dəstək verməyimi istədi. Ona da sevindim ki, qeyrətli Vətən oğlu kimi mənim dediklərimin hamısını səmimi qəbul etdi və hətta konstitusiyanın neçə fəsildən, neçə maddədən ibarət olduğunu bilmədiyini belə etiraf etdi.

Söhbətimizin nəticəsi o oldu ki, dostum namizədliyini Allahın ümidinə buraxacağını, ciddi təbliğat qurmayacağını, həmin dairədən namizəd olan digər daha savadlı və layiqli namizədin seçilməsinə dəstək verəcəyini bildirdi. Razılaşaq ki, bəzən cəmiyyətdəki anormal məqamları görsək də, kimsə inciyər deyib o barədə danışmaq istəmirik. Dövlətimizin taleyi ilə bağlı məsələdə, hesab edirəm ki, bu stereotipdən imtina olunmalıdı. İnsanlara həqiqəti doğru-düzgün izah edəndə, əlbəttə, dövlətini sevən insan özü bu yanlışlıqdan dönə bilər. Nəticədə, daha peşəkar, daha savadlı deputatlardan ibarət parlament formalaşmış olur ki, bundan da dövlət və xalq qazanmış olur. Yox, əgər özümüz bunu müəyyən etməyi bacarmırıqsa, o zaman namizədliyi qeydə alınmazdan əvvəl, hər bir deputat olmaq istəyən vətəndaş hüquqdan, iqtisadiyyatdan, ixtisasından və xüsusilə, siyasətşünaslıqdan test olunsun. Bu test elektron vasitələrin köməyilə açıq şəkildə seçicilərə çatdırıla bilər ki, bu da obyektivliyin təmin olunmasına yardım etmiş olar.

Mənim təklifimə kim necə baxır-baxsın, amma hesab edirəm ki, gec-tez bu bir zərurət olaraq cəmiyyət tərəfindən qəbul olunacaq.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə