Yeniləşmənin ayaq “SƏS”ləri KÖŞƏ YAZISI

Artıq dünəndən etibarən, bu yaxınlarda 29-cu yaşını qeyd edən “SƏS” qəzeti yeni dizayn, yeni nəfəs və yeni görkəmi ilə oxucularının qarşısına çıxmağa başlayıb. Əslində, belə bir ideyanın reallaşdırılması ölkə mətbuatında bir çox ilklərə imza atmış “SƏS”in növbəti uğuru və növbəti ilkidir desək, heç də yanılmarıq. Ancaq buna qədər daha bir məqamı xatırlatmaq yerinə düşərdi. Qəzetimiz daha öncələr də bu ideyanı həyata keçirmək istəsə də, müxtəlif səbəblərdən onun reallaşdırılması planı növbəti vaxtlara qədər saxlanılırdı. Ancaq necə deyərlər, “əldən qalan, əlli il qalar” aforizmi bir daha öz təsdiqini tapdı və nəhayət, bu addım atıldı. Artıq bizim sədaqətli oxucularımızdan çoxsaylı zənglər gəlməyə başlayıb və bu yeniləşməyə “xeyirli olsun” deyirlər. Əlbəttə ki, belə zənglər biz səsçilərin yeni ruhda, yeni gücdə, yeni simada və yeni çalarlarda fəaliyyətimizə rəng qatmış oldu. Biz yeniləndik və yenilənməyimizə daha bir səbəb də var...

Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar həyata keçirilməkdədir və Onun tərəfindən edilən yeniləşmə çağırışları əlbəttə ki, mətbuat sahəsində də öz əkskini tapır. Bu baxımdan, qəzetimizin rəhbərliyi də reallaşdırılan islahatlara dəstək məqsədi ilə, “SƏS”in 29-cu ildönümündə belə bir kreativliyə, yeniliyə imza atmış oldu. Əbəs deyil ki, bir çox tanınmış siyasətçilər, media ekspertləri qəzetimizlə bağlı fikirlərini bildirəndə daim vurğulayıblar ki, “SƏS” qəzeti tarix yazır. Bu dəfə də belə oldu. “SƏS”imizin daha əvvəlki tarixi dizaynı, görkəmi dövlətçilik tariximizin bir parçasına çevrildi. Lakin dəyişilməyən bir faktorumuz sona qədər davam edəcək – Ulu Öndər Heydər Əliyev ideologiyasının təbliği, bu ideologiyanı uğurla davam etdirən cənab Prezident İlham Əliyev siyasətini dəstəkləmək və əlbəttə ki, Azərbaycançılıq məqamını uca tutmaq. Əbəs deyil ki, “SƏS”in yeni dizaynında da Ulu Öndər Heydər Əliyevin “SƏS” qəzeti mənim üçün ən əziz qəzetdir” kəlamı qorunub-saxlanılıb və eyni zamanda, xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının loqosu yer alıb. Bu, bizim ideoloji prinsipimizin bariz, dəyişilməz göstəricisidir.

Daha bir məqam isə, dizaynla yanaşı, mətbuat leksikonu ilə desək, şablondan çıxmaq ideyasının reallaşdırılmasıdır ki, artıq bu kimi məsələlərdə də, qəzetimiz öz oxucularının qarşısına yenilikləri ilə çıxacaq. Ölkə başçımızın da vurğuladığı kimi, jurnalistlər Onun ən yaxın dostlarıdır və O, bütün məlumatları KİV-lərdən öyrənir, informasiyaları mediadan alır. “SƏS” həm də ictimai nəzarət funksiyası, xalqın problemlərinin həllinin işıqlandırılması kimi məsələlərdə, eləcə də, dövlətçilik maraqlarımızın təbliği əsasındakı mövzularında ciddi, maraqlı yazıları, araşdırmaları, köşə yazıları və xəbərləri ilə oxucularının qarşısına çıxacaq. Bir sözlə, bu hər birimizin uğuru və özəlliklə Azərbaycan mediasında yeniləşmənin ayaq “SƏS”ləridir. Nə deyək, xeyirli olsun!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə