Güclü iqtisadi potensial və inqilabi islahatlar

Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə və istənilən şəraitdə yerinə yetirir

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən, Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. İşsizlik, məcburi köçkünlərin mənzil-məişət problemləri bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu.

Prezident İlham Əliyevin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində, 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə başçısı Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacağını demişdi. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. Xüsusilə, son 16 il ərzində, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Son 16 il ərzində, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Milyonların rifahına xidmət edən sosial islahatlar

Təbii ki, ildən-ilə daha geniş miqyas alan, milyonların rifahına xidmət edən sosial islahatların əsasında ölkənin iqtisadi qüdrəti və dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Yuxarıda bəzi xarakterik faktları xatırlatdıq. Deyilənlərə daha nəyi əlavə etmək olar? Belə ki, 2019-cu ildə ölkə üzrə ümumi daxili məhsul artıb ki, Azərbaycan sənayenin qeyri-neft sektorunda artımla dünya rekorduna imza atması və ölkəmizlə bağlı müsbət proqnozlar vətəndaşlarımızın gələcəyə daha nikbin nəzərlərlə baxmasına əsas verməklə yanaşı, sözsüz ki, Prezidentin reytinqinə də birbaşa təsir göstərir.

Vaxtilə banklardan kredit götürən on minlərlə vətəndaş devalvasiya nəticəsində, ciddi çətinliyə düşmüşdü. Problemli kreditlərlə bağlı məsələ Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə birdəfəlik həllini tapdı. 800 mindən çox insanın narahatlığına bir gündə son qoyuldu. Prezidentin vurğuladığı kimi, bu Fərmanın dünyada analoqu yoxdur: "Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır". İllərdən bəri yığılıb qalmış daha bir problem dövlət başçısının fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanla həllini tapdı. Bu sənəddən istismarına icazə verilməmiş yaşayış binalarında mənzil alan 340-400 minədək insan faydalanacaq.

Son 16 ildə Azərbaycanın siması və dörd Dövlət Proqramı

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə paytaxt Bakı ilə yanaşı, bölgələrimizin siması da tanınmaz dərəcədə dəyişib. Bu dövrdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla icra olunub, dördüncü proqram qəbul edilib. Prezidentin bölgələrə ənənəvi səfərləri daha da intensivləşib: son bir ildə 28 səfər. Bunlar adi səfərlər deyil və mühüm infrastruktur obyektlərinin, yeni sənaye müəssisələrinin, aqrar istehsalat komplekslərinin açılışı ilə müşayiət olunur. Ölkədə abadlaşma ilə yanaşı, sosial problemlərin də həlli bir daha ölkə Prezidentinin verilən vədlərinin uğurlu nəticələridir. Ən böyük şirkətlərin hesabatları da bunu bir daha təsdiqləyir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyəti baxımından Azərbaycan dünyada 34-cü yerdədir və inkişaf etmiş bir çox ölkələri qabaqlayır. "Opinion Way" şirkətinin sorğusunda qoyulan "İlham Əliyevin qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı proqramı və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində, sizcə, regionlar inkişaf edibmi" sualına respondentlərin 93 faizindən çoxunun müsbət cavab verməsi bu inkişaf fonunda tam təbii görünür: bölgə insanı həyatın yaxşılığa doğru dəyişdiyini hər addımda hiss edir və bunu qiymətləndirir.

Prezident regionlara hər bir səfəri zamanı mövcud problemlərlə şəxsən maraqlanır, ictimaiyyət nümayəndələri və sadə insanlarla birbaşa ünsiyyətdə olur, onları düşündürən məsələlərin həllinə dair yerindəcə tapşırıqlar verir. Bu səfərlərin və əhali ilə görüşlərin nəticəsi olaraq, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönələn çoxsaylı sərəncamlar imzalanıb, yeni infrastruktur layihələrinin icrasına, şəhər və kəndlərin abadlaşdırılmasına külli miqdarda vəsait yönəldilib. Göründüyü kimi, regionlara səfərlərin faydalılıq əmsalı yetərincə yüksəkdir və sorğu iştirakçılarının 90,4 faizi bununla bağlı sualı müsbət cavablandırıb.

"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir"

"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Bəli, məhz bugünükü uğurlar əsil siyasətin, görülən real işlərin məntiqi nəticəsidir ki, yola salacağımız 2019-cu ilin son günlərində Azərbaycan inkişaf etmiş dünya ölkələri sırasında 45-ci yerdə oldu. "Bizim hamımızın vəzifəmizdir ki, ölkədə bu siyasəti davam etdirək, əldə olunan uğurları artıraq və hərtərəfli inkişaf üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməl üzərində müasir Azərbaycan yaradaq" deyən Prezident İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə və işləkliyinə nail olmuşdur.

Xüsusi olaraq, vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində də 2019-cu il ərzində beynəlxalq münasibətlər sistemində regional və qlobal miqyasda Azərbaycanın atdığı addımlar və əldə edilən diplomatik nəticələrdən danışaraq, yola salacağımız cari ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirib.

"Müstəqillik və inkişaf yolu ilə gedəcəyik və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz"

Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində jurnalistlərin dövlətin ümumi işlərində çox böyük töhfə verdiyini deyib: "Sizə uğurlar arzulayıram. Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz".

Dövlət başçısı bildirib: "Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz. Fürsətdən istifadə edərək sizə və bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu münasibətlə və Yeni il münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz".

Göründüyü kimi, bütün bunlar, bir daha onu təsdiqləyir ki, xalqımız Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra da daha böyük nailiyyətlərə imza atacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə