Gözləyək, müşahidə edək və görək KÖŞƏ YAZISI

Parlament seçkilərində iştirak edəcək bir çox müxalifət partiyaları artıq seçkilərə hazırlıq proseslərinə başlamaqla yanaşı, bir-birləqi ilə rəqib ola biləcəkləri dairələrdə üstünlüyü ələ almaq istiqamətində amansız mübarizəyə başlayıblar. Belə ki, mətbuatda gedən məlumat və informasiyalardan da görünür ki, hər bir partiyanın təmsilçisi özünü “öncül” görür və bunu anlamaq da çətin deyil. Daha dəqiq desək, iqtidara qarşı siyasi mübarizə aparan müxalifət düşərgəsi indi də bir-birlərinə qarşı qızğın mübarizəyə start veriblər.

Demokratik seçkilərə qatıldıqlarını bu addımları ilə etiraf edirlər

Düzdür, bütün bunlar təbii anlaşılmalıdır, çünki əgər müxalifət parlament seçkilərinə gedirsə, bir-iki partiya və qurumun “boykot” qərarları ümumiyyətlə, heç bir rol oynamır və eyni zamanda, düşərgənin digər təmsilçiləri tərəfindən birmənalı olaraq rədd edilir, o cümlədən, seçkilərdə iştirak qərarı vermiş müxalifət iddialıları seçki qanunlarına uymaqla, demokratik seçkilərə qatıldıqlarını bu addımları ilə etiraf edirlər.

Halbuki, erkən parlement seçkilərinin keçirilməsi qərarının verilməsinə qədər həmin partiyalar da digərləri kimi “qeyri-şəffaf seçki” mövzuları ətrafında var-gəl etməkdə idilər. Bu gün isə hər şey başqadır və ölkədə həyata keçirilən islahatlar içində siyasi islahatların da aparılması bütövlükdə düşərgə təmsilçilərinin baxış bucaqlarının dəyişməsinə səbəb olub.

Beləliklə, parlament seçkilərində iştirak qərarını vermiş müxalifət partiyaları indi sosial şəbəkələrdə, mediada və s. informativ məkanlarda özlərinə rəqib gördükləri digər müxalifət təmsilçilərinə meydan oxuyur, hətta vəziyyət bir sıra hallarda sərt tənqidlərdən, keçmiş xəyanətlərdən təhqirlərə qədər gedib-çıxır. Bunün üçün isə bir sıra misallar gətirmək olar. Yəni onları sadalamağa da dəyməz əslində...

Fakt isə budur ki, seçkilər necə deyərlər, qapının ağzını kəsdirib və söz yox ki, biz burada bilavasitə seçkilərə aid köhnə, lakin əbədi qalacaq şüarı xatırlatmaq istərdik – qoy güclü qalib gəlsin. Ancaq müxalifətin zəifliyinin bir-birləri ilə müarizədə hansı güc göstərəcəkləri də etiraf edək ki, sual doğurur. Hər halda, gözləyək, müşahidə edək və görək...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə