İlin son yazısı və ya yeni il qabağı ictimai arzular


Bu, bir qaçılmaz ənənədir ki, hər dəfə köhnə ili yola salıb, yeni ili qarşılamaq ərəfəsində, insanlar yola salmaqda olduqları köhnə illə bağlı özlərinə hesabat verir və yeni illə bağlı gözləntiləri haqqında düşünürlər. Biz də, bu bəşəriyyətin bir üzvü, böyük VƏTƏNİMİZ olan YER kürəsinin bir sakini kimi bu ənənədən uzaq deyilik. Amma bu dəfə köhnə illə yeni ilin qovşağında, mən bir vətəndaş olaraq, cəmiyyətimizlə bağlı düşüncələrimi oxucularımla bölüşməyə ehtiyac hiss elədim. Şükürlər olsun Tanrıya, artıq neçə illərdir ki, hər ilimizi bir-birindən xoş əhval-ruhiyyə ilə yola salır, yeni ili daha böyük arzularla qarşılayırıq. Ölkəmiz hər il yeni-yeni nailiyyətləri ilə köhnə ili yola salır və yeni böyük ümidlərlə, arzularla təzə ilə qədəm qoyur. Ölkədə sabitlik hökm sürür, iqtisadiyyatımız ilbəil sürətlə inkişaf edir, canımız Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artmaqda davam edir, ordumuz dünyanın ən güclü orduları sırasında bərqərar olub, insanların sosial problemlərinin həlli ilə bağlı inqilabi addımlar atılır, ən başlıcası, cəmiyyətimiz saflaşmaqda davam edir. Ötən ilin ən əhəmiyyətli hadisələri sırasında, məhz son iki mühüm amil xüsusi diqqəti çəkir və bu baxımdan, inanmamağa əsas yoxdur ki, növbəti ildə həmin məqamla bağlı daha böyük dəyişikliklərin şahidi olacağıq. Yola saldığımız 2019-cu ildə qürurverici, sevinc hissi ilə qeyd edilməli o qədər uğurlarımız oldu ki, onların hər biri haqqında yazmalı olsam, nəinki bir köşə yazıya, heç bütöv bir qəzetə də sığmaz. Odur ki, uğurlarımız haqqında düşünməyi və qürur duymağı buraxıb oxucunun öhdəsinə, keçirəm birbaşa mətləbin tən ortasına. Mətləbin ortasından isə, bizim gələn il üçün cəmiyyətimizlə bağlı arzularımız boylanır. İndi onları deyim, siz də qoşulun mənə və ürəkdən bir "AMİN" deyin. Birinci və ən başlıcası, bədnam qonşularımıza Allahdan bir azca ağıl istəyirəm. Bu bədbəxtlər hələ də anlamaq istəmirlər ki, məsələnin uzanması, son nəticədə, Ermənistan adlanan bir ölkənin varlığını sual altında qoyur. Deyərsiniz ki, çox yaxşı, qoy məhv olsun. Vallah, mən də onlara canım yandığından demirəm. Yenə özümüzə yazığım gəlir. Azərbaycan torpaqları hesabına yaranan bu dövlət məhv olsa və haylar dövlətsiz qalsa, yenə daraşacaqlar dünyanın canına bit-birə kimi. Sonra başlayacaqlar qan sormağa. Biz də, necə deyərlər, "Əli xoflu" millətik, yenə hamıdan çox bizim onlara yazığımız gələcək və keçirəcəyik yuxarı başa. Ora da keçən kimi deyəcək ki, bu yuxarı baş mənim ulu babam Aram Qutyandan qalıb. Odur ki, deyirəm, Allah könüllərinə insaf, başlarına da ağıl qoysun ki, Qafqazlarda dinclik bərqərar olsun. İkinci arzum, on illərdir əyləşdikləri postda millətə xidmət etməli olduqlarını unudub, özlərinə, balalarına, nəvələrinə, nəticələrinə, kötücələrinə, hətta ayrıcalarına da villalar tikən məmurlarımıza Allahdan insaf, mərhəmət və bir az da vicdan diləyək. Onsuz da, onların da tamah dişləri çəkilməyə başlayıb, amma biz arzu edək ki, özləri haqqın yoluna gəlsinlər və "stomatoloq"un naqqaşına (məcazi mənadakı "stomatoloq"un kimliyini yazmağa nə hacət?), ya da kəlbətininə ehtiyac qalmasın. Nəhayət, üçüncü arzumuz da ibarətdir ondan ki, Allah bu millətə bir ağıllı-başlı müxalifət yetirsin. Deyəcəksiniz ki, şükür Allaha, noolub müxalifətimizə, qara yaxırlar, şər-böhtan deyirlər, hətta söyüş də söyürlər. Daha neyləməlidi ki, müxalifət? Elə mən də onu deyirəm də. Allah bu millətə, bu ölkəyə qarayaxmadan, təhqirdən, şər-böhtandan, söyüşdən iraq bir müxalifət yetirsin ki, onun da bu ölkənin inkişafında, az da olsa, payı olsun. Yəni reallığı qəbul eləsin, gerçək nöqsanlardan danışsın, konstruktiv fəaliyyətilə cəmiyyətdə, heç olmazsa, iki-üç faizlik reytinq əldə eləsin. Yoxsa bu gedişlə bizim məmləkətdə müxalifətçilik institutu sıradan çıxacaq. Bir siyasi qüvvəni ki, cəmiyyətin bir faizi də qəbul eləmir, ondan nə müxaliflik gözləyə bilərik axı? Xülasə, mən yeni il qabağı ictimai arzularımı sadaladım. Amin deyən dillər var olsun. Deməyən bir-iki nəfər də olacaq ki, onlar da sağ olsun. Çünki tək-tük pislər də olmalıdır ki, yaxşıların qiymətini vermək mümkün olsun. Bu ilin son yazısında bu qədər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bütün oxucularımı təbrik edir və 2020-ci ildə ölkənin qazanacağı uğurlarda onların da paylarının olmasını arzu edirəm. AMİN!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə