Bu, bir həqiqətdir ki, demokratik ölkələrdə hər bir siyasi təşkilatın ən sevdiyi və səbrlə gözlədiyi hadisə seçkilərin keçirilməsidir. Aşağıdan-yuxarı, yəni bələdiyyə seçkilərindən başlamış parlament və prezident seçkilərinə kimi, bütün seçki kampaniyaları hər bir siyasi qurum üçün, əsl bayram kimi qeyd olunur. Nədəni məlumdu. Bu haqda çox danışıb başınızı ağrıtmağa lüzum görmürəm. Sadəcə, seçkilərdə siyasi fəaliyyətin nəticəsi ortaya qoyulur və kim xalqdan daha çox dəstək alırsa, o da olur iqtidar.
Amma qəribədir ki, bizim bu əzəli və əbədi dağıdıcı müxalif siyasətçilərimiz hər dəfə seçki kampaniyası başlayanda, pəjmürdə olurlar. Bir-birini təkzib edən bəyanatlar vermək, növbənöv qərarlar qəbul etmək, xalqdan etimad qazanmaq əvəzinə, xalqın etimad göstərdiyi siyasi təşkilata qara yaxmaq və sair bu kimi metodlar, seçkilər zamanı bəzi müxalif partiyaların adət etdikləri köhnə üsuldur. Mən bunun səbəbini heç düşünmədim. Çünki məlum olan bir şey haqqında düşünməyə və baş sındırmağa ehtiyac yoxdu. Bu siyasət dəllalları yaxşı bilirlər ki, onları bu seçkilərdə də növbəti fiasko gözləyir. Axı əvvəlki seçkilərdən ötən dörd il ərzində, zavalsızlar nə vaxt xalqın içinə gedib, onun etimadını qazanmaq üçün fəaliyyət göstərdilər ki, indi də xalqdan səs umsunlar? Bunların işi-peşəsi gah Şimalda, gah Qərbdə, hərdən də Cənubda özlərinə ağa (oxu: sponsor) axtarmaqla keçir. Həm də bir-birləri ilə yarışa girirlər ki, görsünlər kim xaricdə daha çox “imic” qazana bilir. Başları pullu əcnəbi Məşədi İbad ovlamağa necə qarışırsa, bir də ayılıb görürlər ki, növbəti seçki başlayıb. Bunların da seçkilərdə iştrakı üç mərhələdən keçir, amma bu mərhələlər qanunla müəyyən edilən və MSK-nın təyin etdiyi mərhələlər deyil. Onların özlərinə məxsus mərhələlərdir ki, indi bu haqda bir-iki kəlmə deyim, sizlərə də agah olsun. Seçkilərin vaxtı elan olunduğunu eşidən kimi, özlərini necə itirirlərsə, gah baykotdan, gah seçkilərdə iştrak etməməkdən danışıb, sonda toparlanıb, Əlidən, Vəlidən, Məmmədvəlidən ibarət bir siyahı tutub, tələm-tələsik ötürürlər Mərkəzi Seçki Komissiyasına ki, bunlar bizim namizədlərimizdir. MSK da borcunu yerinə yetirib, bu namizədləri alır qeydə. Yazıq seçici də, siyahıya ha baxır, ha axtarır ki, görsün birinin millət üçün xeyirli bir əməli varmı?! Amma tapa bilmir ki, bilmir. Bundan sonra həmin müxaliflərin seçkilərdəki ikinci mərhələsi başlayır. İqtidara qara yaxmaq, eyni zamanda, MSK-nın obyektiv olmadığını addımbaşı bağıra-bağıra söyləmək, onlara görüşlərin keçirilməsi üçün şərait yaradılmadığından şikayətlər və ilaxır. Nəhayət, seçki keçirilir, xalq öz seçimini edir. Beləcə, mojaritar sistemdə özləri üçün müəyyənləşdirdikləri siyahıdan bir kimsə də seçkidə üç faizlik baryeri belə aşa bilmir. Bu zaman müxaliflərin “seçkilərdə iştrakı”nın üçüncü mərhələsi start götürür. Hansısa dairədə, hansısa məntəqədə bir komissiya üzvünün naşılığından hansısa bir yanlışlığı əllərinə keçirib, düşürlər dünyanın canına. Ay aman, qoymayın, iqtidar seçkiləri saxtalaşdırıb, demokratiya pozulub, bizim namizədlərin parlamentə düşmələrinə süni əngəllər yaradılıb, daha nə bilim, nələr. Xaricdə də marığa yatan tülkülər və pişiklər nə çox! Bunların ötürdükləri dezinformasiyaları gerçək kimi başlayırlar beynəlxalq aləmdə yaymağa. Axı kimə məlum deyil ki, indi dünyada ən güclü informasiya təbliğatı aparmağı bacaran düşmənlərimizdi, yəni haylar. Onlara da belə dezinformasiyalar lazımdı ki, onu həqiqət kimi sırısınlar dünyaya. Bununla da, müxalifətimizin “seçkilərdə iştrakı” başa çatır, parlamentdə yer qazana bilməsələr də, yaxşı pul qazanırlar. Əslində, onlara da elə bu lazımdı də... Guya özləri bilmirlər ki, bu millət onlara səs verəsi deyil? İqtidarın ağacəkmə kampaniyasına yüz minlərlə adam könüllü olaraq qatıldığı halda, on-on beş partiyanın yığışıb keçirdikləri mitinqə cəmi yüz-yüz əlli adam gəlirsə, seçkilərin belə olacağını müxaliflərin özləri guya əvvəlcədən hesablamamışdılar?

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...