Arif Hacılı bu dəfə necə düşükləyir?

Parlament seçkiləri ərəfəsində müxalifətin var-gəli, seçkilərdə iştirak etmək qərarı və marağı başadüşülən və hətta tədqirə layiq addımdır. Bu, demokratik ictimai-siyasi mühitdə seçki ab-havasının göstəricisi kimi də qiymətləndirilə bilər. Düzdür, düşərgənin radikal qanadı hesab edilən AXCP-“Milli Şura” cütlüyü və oradakı bir neçə cırtdan partiyalar, eləcə də cəmiyyətdə heç bir nüfuzları olmayan ayrı-ayrı şəxslərin boykot qərarlarını çıxarsaq, bütövlükdə müxalifətin seçkilərə qatılmaq qərarı, parlamentə düşmək iddialıların mövcudluğu siyasi gündəmə müəyyən rənglər qatır. Bəri başdan deyə bilərik ki, boykot qərarını verən tərəflər əslində namizəd tapa bilmirlər və hətta məğlub olacaqlarını da indidən dərk edirlər. Amma bu da öz yerində…

Məsələnin digər tərəfi isə, seçkilərə qatılıb, iddia irəli sürənlərin həmin iddiaları çərçivəsində necə deyərlər, ağını çıxarmasıdır. Söhbət adının mühacir ticarətində hallanndığı Müsavatın saxta başqanı Arif Hacılıdan gedir. Belə yerdə adama deyərlər ki, seçkilərə qatılırsansa, xub, qatılıb siyasi mövqeyini ictimailəşdirməyi planlaşdırırsansa, çox pakizə, hətta sona qədər mübarizə apararaq, təmsil etdiyin siyasi partiyanın maraqlarını gen-bol təbliğ edəcəksənsə, lap əla, amma…

Amması isə budur ki, axı nəyə görə Arif Hacılı sözün əsl mənasında düşük, başından böyük fikirlər səsləndirərək, hələ də ictimai rəyin ona ünvanladığı sualları cavablandırmır? Yəni saxta sənədlər satıb, insanları dələduzluq yolları ilə Avropaya göndərən, indi isə deport edilən vətəndaşların ah-naləsini boynunda daşıyan Hacılı indi də, parlament seçkilərinə qatılmaq qərarlarını vermiş müsavatçılar arasında siyasət və dövlət xadimlərinin, keçmiş parlament üzvlərinin, professorların, elmlər doktorlarının, hüquqşünasların, vəkillərin, politoloqlarının, gənc siyasi fəalların və s. olduqlarını bəyan edib. Bu da əliyül-əla! El dili ilə desək, bu meydan, bu da şeytan. Lakin həmin mövzunu davam etdirənə qədər qayıdım bir az əvvəlki illərə...

Yəni şeytan demişkən, elə həmin müsavatçıların sabiq başqanı İsa Qəmbəri xatırlaya bilərik ki, o dəfələrlə öz maraqları, dividentləri xatirinə şeytanlarla, cinlərlə belə əməkdaşlıq etdiyini gizlətməyib. Xatırlaya bilərik ki, bir zamanlar həmin bu İsa Qəmbər Almaniyada erməni milli konqresinin o zamankı təmsilçisi Aram Manukyanla separat danışıqlara gedib və Müsavat partiyası ilə erməni təşkilatı arasında memomarndum imzalamışdı. Yaxud, bu həmin adamdır ki, 1992-ci ilin fevralının əvvəlində Xocalıda qırğın baş verərsə, bu müxalifətin hakimiyyətə gəlişi, Ayaz Mütəllibovun isə istefası prosesini sürətləndirəcək tipli fikir səsləndirmişdi. Bir sözlə, bu həmin Qəmbərdir, “KQB” agenti, xain və xain olduğu qədər də siyasi bic!

Beləliklə, qayıdıram Arif Hacılının seçkilərə qatılacaq müsavatçıların hansının nə işlə məşğul olması bəyanatına. O, həmin bəyanatı çərçivəsində bildirib ki, parlament seçkilərinə qatılacaq şəxslər arasında “prezident olmuş şəxs də var” (???!!!-R.N.) Əcəba, görəsən bu hansı şəxsdir ki, “prezident” olub və xalq da ondan bixəbərdir? Məgər yalan danışmaq bu qədərmi asandır Arif Haclı üçün? Yəqin ki, o belə ucuz şeylərə o qədər alışıb ki, hətta bu gün-sabah həmin şəxsin kosmosa ilk dəfə uçmuş Yuri Qaqarin, bəlkə də Roma Papası, hətta Corc Vaşinqton olduğunu da iddia edər. Nə var ki, burada, sözdür da, buraxır havaya – ha ağızdan buraxdı, ha da başqa yerindən…

Söz yox ki, Arif Hacılı burada məhz müsavatçıların sabiq başqanı İsa Qəmbəri nəzərdə tutur. Fəqət 2003-cü ilin oktyabrında xalqın seçki və seçim iradəsinin əksinə gedərək, İsa Qəmbəri zorla “prezident” etmək cəhdlərini də kimsə unutmayıb. Paytaxtda və ölkədə seçkilər fonunda ictimai-siyasi sabitliyi pozmaq cəhdləri ilə qəlyanlı “KQB” agentini zorla xalqa sırımağa çalşan Arif Hacılı yenidən həmin eşqə düşüb. Düşüb və sözün həqiqi mənasında düşüklüyüb! Bundan sonra isə, hələ də ümid edir ki, onun namizədləri parlament seçkilərində uğur-filan qazanacaq. Amma Hacılı bir reallığıda unudub ki, bu gün xalq siyasi dolğunluq baxımından daha da müdrikləşib və artıq bu cür sərsaq düşüncələri bölüşmür. Hər halda, əgər Arif Hacılı həqiqətən də seçkilərə ciddi hazırlaşırsa, bax belə axmaq, sərsəm bəyanatları ilə onsuz da nüfuzu olmayan partiyasını daha ağır vəziyyətdə qoymasın…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...