Baş örtüyündən milli azadlıq hərəkatına KÖŞƏ

Düşünürəm, görəsən İranın yüksəkvəzifəliləri bunu fikirləşmişdilər? Fikirləşmişdilər ki, belə olacaq? Məncə fikirləşməyibmişlər. Çünki fikirləşsəydilər ki, baş örtüyünün kənarından azca görünən saça görə İran başdan başa od tutub yanacaq, vallah, göz yumardılar o azca saça. Ta bu məsələni böyüdüb özlərini də odun-alovun içərisinə atmazdılar. O od-alov ki, artıq iş otaqlarının qapısının ağzındaca çırt-çırtla yanır.

Bir vaxtlar Tehran küçələrində qısa ətəkli, başı açıq qadınlar gəzirdilər. Heç o vaxt əxlaq polisi də yox idi. Heç əxlaq polisinə ehtiyac da yox idi. Nə o vaxt, nə də bu vaxt. Çünki geyim əxlaq deyil, əxlaq da geyim deyil.

Əxlaq geyimin içindəki insanın içindədir. Bunu İranın yüksəkdə əyləşənləri də, 70-ci illərdə qadınlara məcburi şəkildə geyindirilən hicabın daimiliyinin qorunması üçün yaradılan əxlaq polisi də bilməmiş olmaz.

İnsanları əsarətdə saxlamaq üsulu idi bu, başqa heç nə. Gənc bir qızın döyülərək öldürülməsi sizlərdən birinin saçından az bir hissə görünərsə, “aqibətiniz bu olar”ın nümayişi idi. Bəlkə də, səsinizi hansısa bir məsələdən yana çıxararsınızsa, cəzanın belə olacağının nümayişi idi.

İllərlə insan hüquqları tapdalanan, kişili-qadınlı yumruq altında saxlanılan qonşu ölkədə çox yəqin ki, səbr kasası dolmuşdu. Kasada yer qalmadığı üçün təbii ki, içindəki aşıb ətrafa tökülməli idi.

Belə də oldu. Məhsanın acı taleyi, döyülərək güclü xəsarət alması, təhqir olunması insanları ayağa qaldırdı. Hansı ki, indiyədək İranda yüzlərlə, bəlkə də minlərlə qadın belə zorakılıqlarla üzləşiblər. Onların baş örtüyü boğazlarının kəndirinə çevrilib. Həyatlarını sonlandırıb.

“Ta bəsdir, zülm bu qədər yetər, təhqir bu qədər yetər”,- deyən insanlar günahsız Məhsanın zorakılığın qurbanı olmasına dözməyərək səslərini qaldırdılar. Bu səsləri yerindəcə boğmaq istəyənlər isə bilmədilər ki, artıq dövr o dövr deyil. İnsanların səbri daşıb, canları boğazlarına yığılıb.

Vallah, bilsəydilər ki, nəticə belə olacaq, məsələni bu qədər genişləndirməzdilər. Ancaq düşünmədilər, ağıllarına belə gətirmədilər.

Nəticə isə belə oldu ki, İran iki aydır ki, od tutub yanır. Baş örtüyü məsələsi böyüyüb milli azadlıq hərəkatına çevrilib. İndi hər gün İranda etiraz aksiyaları tüğyan edir. Aksiya iştirakçıları hakimiyyətin dəyişilməsini tələb edirlər.

Hakimiyyət isə hələ də özünü qorumaqda, aksiya iştirakçılarını sakitləşdirmək, evlərinə göndərmək üçün güclərdən istifadə etməkdəir. Belə ki, Məhsanın ardınca 448 nəfəri də göndəriblər ki, onlardan tək 60-ı 18 yaşadək uşaq, yeniyetmə, gənc, 29-u qadındır. 10 mindən artıq etirazçı tutulub həbsxanalara doldurulub. Lakin nə fayda. Artıq ox yaydan çıxıb. Geriyə dönməsi mümkünsüzdür.

Oxu yaydan qarşıya doğru yollayanlar isə molla rejiminin baş bilənləri, insanların geyimi ilə əxlaqını səhv salanlardır. Yenə deyirəm, səhv salırlar ki, geyim əxlaq, əxlaqsa geyim deyil. Əxlaq ayrı bir məsələdir. Görünməz yerdədir. Onu yalnız sahibi nümayiş etdirdikdə görmək olur.

Həqiqətən çox maraqlıdır, qarşında baş əydirmək üçün insanların başlarına bağladığın örtük indi azadlıq bayrağına çevrilib başın üzərində dalğalanır. Bu bayrağın dalğasının küləyi günbəgün güclənir, insanları meydanlara azadlıqlarını tələb etməyə səsləyir. Bu bayrağın dalğasının küləyi molla rejimini qarşısına alıb İrandan uzaqlaşdırmağa çalışır.

Bu külək artıq molla rejiminin başında daynanların üzünə ahəstəcə toxunmaqdadır. Ahəstəcə. Lakin günlər sonra onun bir sillə kimi üzlərə çırpılacağı da şübhəsizdir. Çünki İrandakı ictimai-siyasi havalar bundan xəbər verir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə