Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına başlayıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarda Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq keçən millimiz bu dəfə Rusiyanın məşhur kurort şəhəri Kislovodska yollanıb. Dünən Vətəni tərk edən komandamız fevralın 27-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi hazırlıq prosesində iştirak edir. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək. Nümayəndə heyətinin rəhbəri federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovdur.
Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə