AHİK-də Ulu Öndərin xatirəsi anılıb

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görən, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən edən və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilən Heydər Əliyevin xidmətləri yalnız öz xalqının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, ümummilli lider müdrik rəhbər kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir.

Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmləndirilməsində, sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar ittifaqlarının yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsi hazırlanmış və təsdiq üçün Milli Məclisə təqdim edilmişdir. Ulu öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edilmişdir.

Ulu öndərin yaxından köməkliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilmişdir.

Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır.

Ulu öndərin AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini iftixarla söyləməsi ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi.

S.Möhbalıyev deyib ki, Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı ölkə Prezidenti İlham Əliyev cənablarından da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.

Möhtərəm prezidentimiz təşkilatımızın yaradılmasının yubileyləri, AHİK-in qurultayları ərəfəsində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında, kurort, turizm sistemi və səhiyyənin inkişafındakı xidmətlərinə görə həmkarlar ittifaqlarının 450 işçisini fəxri adlarla, orden və medallarla mükafatlandırmışdır.

Bu gün hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həmkarlar ittifaqlarının da tamamilə dəstəklədiyi və maraq dairəsində olan sosial islahatları uğurla davam etdirilir. Cari ildə 4 milyon 200 mindən artıq insan çox geniş sosial paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı, müavinətlər təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır.

Ölkədə aparılan islahatlar, eyni zamanda Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident xalqına, xalq isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görəririk ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.

AHİK sədri daha sonra vurğulayıb ki, Prezident İlham Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşmış, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açmışdır. Bu siyasətin həyata keçirilməsinə Mehriban xanım Əliyeva dəyərli töhfələr verir. Mehriban xanımın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilibdir. Mehriban xanım Əliyevanın Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizin dünyada yüksək və qədim mədəniyətyə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.

Bütün bunlar Azərbaycanın Birinci Vitse-prezidentinin bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə ialik olduğunun parlaq təzahürüdür.

Həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateci hədəflərə uğurla çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə