"Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib"

Tarixi yol keçən Azərbaycan mətbuatı müstəqillik dövründə tam azad mətbuat kimi fəaliyyət göstərməyə başlayıb. Təbii ki, azad mətbuatın fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindəndir. Azərbaycanda söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil: "Azərbaycanda gələcəkdə də, bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz, məhz bu yolla uğurla inkişaf edə bilər".

Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradılıb. Ümummili Lider Heydər Əliyevin söz və media azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunan peşəkar media fəaliyyətdədir. Azərbaycanda yüzlərlə qəzet, jurnal, onlarla televiziya və radio kanalı var.

"SOSİAL ŞƏBƏKƏLƏRİN VƏ İNTERNETİN YARATDIĞI İMKANLAR BEYNƏLXALQ VƏ REGİON MEDİALARI İLƏ ƏLAQƏLƏRİMİZİN İNTENSİVLƏŞMƏSİNƏ ŞƏRAİT YARADIR…"

Qlobal Jurnalistlər Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "Qloballaşma dövründə medianın inkişaf trendləri: Risklər və imkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir: "Biz neftdən gələn gəlirləri digər sahələrin inkişafına yönəldərək, müasir infrastruktur yaratmışıq. Neft gəlirlərindən istifadə edərək, Azərbaycan mediası üçün də yaxşı imkanlar yaratmışıq. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Bu gün Azərbaycanda media azad şəkildə inkişaf edir. İnternet tam azaddır. Sosial şəbəkələrin və internetin yaratdığı imkanlar beynəlxalq və region mediaları ilə əlaqələrimizin intensivləşməsinə şərait yaradır və biz bundan bəhrələnirik. Dövlətimiz azad mediaya dəstək verir. KİV-lərə qrantlar verilir, jurnalistlərin problemlərinin həllinə yaxından kömək göstərilir, onların mənzil-məişət şəraiti yaxşılaşdırılır".

Əminliklə qeyd edə bilərik ki, bu gün kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası daha da zənginləşdirilib, mediaya dövlət dəstəyi sistemli şəkil alıb və jurnalistlərin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Belə qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Qloballaşan dünyada baş verən hadisə və proseslərə mətbuatın operativ reaksiya verməsi önəmlidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu önəmlidir. Erməni lobbisinin Azərbaycan qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırılmalı, erməni təbliğatı faktlar əsasında ifşa olunmalıdır. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşməli, mətbuatımız bütün faktları ortaya çıxarmalıdır. Prezidentin köməkçisinin qeyd etdiyi kimi, müasir dünyamızda dünyada haqqa, ədalətə qarşı olan dövlətlər də var: "Onların qurduğu rejimlər sülhü təhdid edir, terror aktları törədərək, xalqların dinc həyatını pozur, insanları yurd-yuvasından didərgin salır."

"MÜASİR DÜNYANIN ƏDALƏTSİZLİKLƏRİ FONUNDA BU İŞĞAL DAVAM EDİR"

Əli Həsənov onu da bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salıb: "Bu gün onlar qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Biz, o insanlar üçün haqq, ədalət axtarırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə, ikili standartlar səbəbindən, həyata keçmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi, didərgin salınmış insanların doğma yurdlarına qayıtması üçün şəraitin yaradılması tələb olunur.

Ermənistan isə, 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir".

"ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN "BİR MİLLƏT, İKİ DÖVLƏT" FORMULU BU GÜN BİZİM BÜTÜN SAHƏLƏR ÜZRƏ BİRLİYİMİZƏ XİDMƏT EDİR"

Konfransda Əli Həsənov Türkiyənin də haqsızlıqlarla üzləşdiyini bildirərək, qeyd edib ki, 100 il bundan əvvəl baş vermiş hadisələri qardaş ölkənin adına yazaraq, onları soyqırımı törətməkdə ittiham edirlər: "Lakin erməni terrorist qrupları həm türklərə, həm də azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktları törədiblər. Türk diplomatlarına qarşı müxtəlif vaxtlarda terror hücumları həyata keçirilib. Həmçinin, ötən əsrin ortalarınadək azərbaycanlılara qarşı üç dəfə soyqırımı törədilib. Bu soyqırımıları nəticəsində, ümumilikdə, 100 minə yaxın, Dağlıq Qarabağ münaqişəsi zamanı isə, 30 minədək azərbaycanlı qətlə yetirilib. Bütün bunların səbəbkarı erməni millətçiləridir".

Əli Həsənov onu da bildirib ki, Azərbaycan mediasının imkanlarından istifadə edərək həm ölkəmizin, həm də Türkiyənin problemlərini dünyaya çatdırmağa çalışırıq: "Diasporumuzu və mediamızı birləşdirməli və haqsızlıqlara qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan Türkiyənin "Sülh çeşməsi" əməliyyatına dəstək verir. Haqq işində Azərbaycan Türkiyənin yanındadır. Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət edir".

Azərbaycan dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim edilir və bu təbliğat daha da gücləndirilir. "Bilirsiniz ki, biz Azərbaycan mediasının həm regional, həm də qlobal media trendlərini inkişaf etdirdiyimiz kimi, bizə aid olan bəzi faktların, informasiyanın, həqiqətlərin regionumuzda və dünyada yayılmasında, gördüyümüz işlər haqqında hər kəsin məlumatlanmasında maraqlıyıq" deyən Əli Həsənov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin multikultural cəmiyyətdə yaşadıqlarını da vurğulayıb. Qeyd edib ki, azərbaycançılıq məfkurəsi ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların bütün məsələlərdə yanında olmasını hədəfləyən ideologiyadır".

Azərbaycan artıq özünü, öz müstəqil dövlətçilik tarixini dünyaya təqdim edib. Paytaxt Bakı artıq dünyanın, Qərb ölkələrinin dialoq mərkəzinə çevrilib. Dövlət başçısının rəhbərliyi altında əldə olunmuş uğurların qorunmasında, Azərbaycanın haqlı mövqeyinin müdafiəsində milli mətbuatımız öz səy və qüvvəsini əsirgəməməlidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...