Dəri xərçənginin əsas səbəblərindən biri BƏLLİ OLDU - DERMOTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Dəridə xərçəng əmələ gəlməsinin ən birinci faktorlarından biri günəş şüalarıdır". Bu sözləri SİA-ya açıqlamasında dermotoloq Vaqif Abdullayev deyib.

O bildirib ki, dəri xərçənginin əmələ gəlməsində genetika və digər faktorlar da təsir göstərir: "Günün altında zaqar almaq üçün istifadə etdiyimiz yağlarla dəri günəş şüaları altında daha çox qaraldığı, yandığı üçün dəri xərçəngi ehtimalını artırır. Mütləq şəkildə günün altına çıxanda SPF kremlərdən istifadə etmək lazımdır. Dünyada qəbul olunan son təhlükəsizlik standartlarından biridir ki, zaqar almaq üçün istifadə olunan məhsulların tərkibində həmişə az da olsa, SPF maddələr var. İnsanlar başlanğıc olaraq 50 SPF-dən başlamalıdırlar. Dənizə gedəndə 50 SPF istifadə etməlidirlər. Bir müddət sonra 30, 20, 10, 8 SPF istifadə edə bilərlər. Bu, daha təhlükəsiz olar.

Belə bir araşdırma var ki, iki və daha çox günəş yanığı alan insanlar dəri xərçənginə tutulmada daha yüksək risk qrupundadırlar. Ona görə mütləq uşaqlıqdan SPF kremləri istifadə etməyə vərdiş olunmalıdır. Burada brendə də diqqət edilməlidir. Bioderma, dünyada tanınmış normal şirkətlərin günəş kremlərindən istifadə edilməlidir. Mənşəyi bilinməyən şirkətlərin SPF-ləri təhlükəli ola bilər. Keyfiyyətiz məhsullardan istifadə edəndə effekt verməyə bilir.

Dermotoloq olaraq ona görə solarium, yaxud zaqaredici yağları məsləhət görmürük. Məsləhət odur ki, gündən qoruyulardan istifadə olunsun. Başa papaq qoyulmalıdır, başda saç yoxdursa, mütləq başın dərisinə, qulaqlara, buruna SPF kremlər çəkilməlidir".

"SPF- lərə gəldikdə isə fərqli rəqəmlər görə bilərik. SPF 30, SPF 50, SPF 10, SPF 100 və sair. günəş kremləri var. Əslində maksimal SPF 50-dir. Kremin üzərində olan SPF 100, SPF 80 əslində daha çox marketinq xarakteri daşıyır. Hər günəş altına çıxanda SPF 50-dən istifadə edilməlidir. Günün altında 3-4 saat davamlı qaldıqda SPF 50-ni iki saatdan bir yeniləmək lazımdır.

SPF-lərin suya davamlı və davamlı olmayan növləri də var. Suya davamlı növü deyilsə, dənizə girdikdə mütləq yenidən kremi yeniləmək lazımdır. SPF 30 və 20-ni bir saatdan bir yeniləmək lazımdır. Ən vacib məqam odur ki, SPF kremlərdən mütləq istifadə olunmalıdır. SPF kremlər dərimizim qocalmasının, dərimizin günəş yanıqlarından, dəri xərçəngi əmələ gəlməsinin qarşısını alır. Dəri xərçənginin əsas səbəblərindən biri günəş şüalarıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə