"Asılılıqlar xəstəlik formasında özünü göstərir" - PSİXOLOQ İZAH ETDİ

"Asılılıqlar xəstəlik formasında özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, siqaret, telefon asılılığı, narkotik, içki və qumar asılılığının hər biri zərərli vərdişlərə aiddir: "Təəssüflər olsun ki, insanlar bəzən zərərini bilərək bu vərdişlərə yiyələnirlər. Amma insanların ən çox düşüncəsi ondan ibarət olur ki, istədiyi vaxt bu pis vərdişi dayandıra biləcək. "Mən iradəliyəm, nə zaman istəsəm, bu prosesi saxlaya biləcəm" deyə düşünürlər. Təəssüflər olsun ki, prosesin içində anlayırlar ki, nə qədər güclü və iradəli olsalar da, bunun öhdəsindən gələ bilmirlər.

Qumar asılılığı əslində maddi marağa bağlı olduğuna görə, insanların da əksəriyyətinin maddi marağı hər zaman yüksək olduğu üçün onlar bundan imtina edə bilmirlər. "Bu dəfə qazanmadımsa, gələn dəfə qazanaram" düşüncəsi yaranır. Bəzən də hər şeylərini itirirlər, yenə də qazanacam deyə, ümidlə yenidən bu işə başlayırlar. Qumar narkotik asılılığı deyil, telefon deyil, içki deyil, ancaq daxilə qəbulla bağlı proses deyil, buradakı proses sadəcə insanların nəyisə qazanması üçün motivasiyadır. Adından bəlli olduğu kimi də bu bir asılılıqdır. Asılılıqla mübarizə aparmaq üçün insanın, həqiqətən də, iradəli olması lazımdır. İradəli olmasa, bu proses çox çətin həyata keçir, demək olar ki, ömür boyu getmir. Hər şeyini itirənə qədər insan qumar oynamağı dayandıra bilmir. Ona görə də başlamamaq lazımdır. İnsan başladıqdan sonra bu işi sonlandırması çox çətin başa gəlir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə