Reallıqlar fonunda PARADOKSALLIQ – TƏHLİL

Azərbaycanın haqlı mövqeyini, həqiqətləri, reallıqları görməməzliyə vurmağa çalışanlar 44 günlük müharibə dönəmində də, anti-terror tədbirləri zamanı da rəsmi Bakının qanuni şəkildə hərəkət etdiyinin, beynəlxalq hüququn norma və prinsplərinə zidd heç nəyə yol vermədiyinin şahidi oldular. Şahidi oldular ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək, ərazilərini terrorçulardan təmizləmək, təhlükəsizliyi, stabilliyi təmin etmək uğrunda haqlı mübarizə aparır. Amma bunu gördükləri halda da, bunun şahidi olduqları halda da reallıqları qəbul etməyənlər ölkəmizə qarşı ədalətsiz yanaşma sərgilədilər və təəssüf ki, bu paradoksallıq hələ də davam etməkdədir.

Beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymayanlara qarşı hansısa sanksiya barədə düşünülməyib və hələ də düşünülmür

Azərbaycan ərazilərini işğal edən, ölkəmizə təcavüz edən və düz 30 ilə yaxın müddət ərzində torpaqlarımızı qanunsuz olaraq nəzarətində saxlayan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymadığı halda, dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən heç bir sanksiyaya, heç bir təzyiqə məruz qalmadı. BMT kimi mötəbər bir qurum Ermənistanın silahlı birləşmələrinin qeyd-şərtsiz olaraq Azərbaycan ərazilərini tərk etmələrini tələb edən dörd qətnamə qəbul etsə də, rəsmi İrəvan buna düz 30 il məhəl qoymadı və bunun özünə də bir reaksiya verilmədi. Heç bir beynəlxalq qurum rəsmisi belə BMT qətnamələrinin də olsa icrası tələbi barədə Ermənistana xatırlatma da olsa etmədi. Soyqırımlara imza atan Ermənistana buna görə də heç bir qınaq olmadı. Azərbaycan ərazilərində düz 30 il müddətində bütün təbii sərvətlər vəhşicəsinə talandığı zaman da səsini çıxaran beynəlxalq qurum, yaxud da hansısa qurumun rəsmisi tapılmadı. Ərazilərimizi tərk etdikləri zaman torpaqlarımıza mina basdırıldığına görə də ermənilər sorğulanmadı. Mina terroru edənlərdən bunun hesabını soran bircə dənə də olsa beynəlxalq qurum görmədik. Bir-birinin ardınca hələ də minaya düşərək ya həyatını, ya da sağlamlığını itirən dinc Azərbaycan vətəndaşlarının mina terrorunun qurbanı olmalarına görə Ermənistan tərəfi heç qınanılmadı da. Əksinə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti məşkunlaşan və öz xoşu ilə Ermənistana köç edən ermənilərə görə onlara milyonlarla dollar vəsait yardımı edildi. Ərazilərini Ermənistan silahlılarının, terrorçularının basdırdığı minalardan təmizləyən Azərbaycana belə yardımlar haqqında da düşünülmədi. Halbuki, ərazilərin minalardan təmizlənməsi də maddi vəsait tələb edir və eyni zamanda mina terroru ilə yanaşı, istənilən layihəyə, prosesə maneçilik də törədir, ümumilikdə ziyan da vurur. Bunlar hayların uydurmaları, illüziyaları deyil, göz önündə olan reallıqlardır və bu qədər reallıqların fonunda müşahidə edilən paradoksallıq dünyanın gözü qarşıdında hələ də seyr edilir, özü də düz əsrin üçdə birinə yaxın müddət ərzində.

Münaqişənin hərbi yolla həllini istəməyənlərin onun diplomatik yolla həllinə nail ola bilmədikləri halda, nəyəsə ağız büzmələri yersizdir

Münaqişənin dinc yolla həll edilməsi üçün düz 30 ilə yaxın müddətdə səbr edən, diplomatik yolla həll edilməsinə çalışan rəsmi Bakı, sonda Ermənistan tərəfinin buna məhəl qoymadığına tam əmin olduqdan sonra məsələnin hərbi yolla həllinə nail oldu, hansıki, həmin o susqunluq nümayiş etdirənlər, reallıqları, həqiqətləri görməməzliyə vuranlar buna görə indi Azərbaycanı hədəfə almağa çalışırlar. Onlardan sual olunur ki, əgər məsələnin hərbi yolla, özlərinin dedikləri kimi ifadə etsək, güc yolu ilə həllini istəmirdilərsə, niyə 30 ilə yaxın müddət ərzində münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışırdılar və həllinə bircə dənə də olsa tövhə vermək istəmirdilər? Axı bu münaqişə həll edilməli idi və həllinin iki yolu var idisə, biri diplomatik yol idi, digəri də hərbi yol. Əgər hərbi yolla həllini istəmirdilərsə, deməli, diplomatik yolla həllinə nail olmalı idilər və buna nail olmadıqları halda bizim öz məsələmizi özümüzün həll etməyimizə ağız büzmələri yersizdir. Ümumiyyətlə, indi ağız büzənlərin mövqeləri ilə iddiaları arasında kəskin fərq, təzad, paradoksallıq var və bunu isbat etmək heç də çətin deyil.

Dünyanın üç ölkəsi, ABŞ, Fransa və Rusiya həmsədr ölkə olaraq, haqqında qeyd olunan münaqişəni həll etmək üçün mükəlləf idilər. Halbuki onlar bu qədər illər ərzində ancaq deklarativ bəyanatlarla kifayətlənməyi məqbul hesab etdilər. Bir sözlə, məsələnin həlli istiqamətində heç bir real iş görmədilər. Müxtəlif platformalarda görüşlər keçirməklə öz işlərini bitmiş hesab edənlər indi Azərbaycanın məsələsini öz hesabına, öz gücü ilə həll etməsindən sonra elə bil yuxudan ayılan kimi olublar və regiona, eləcə də danışıqlara burun soxmağa çalışırlar. Azərbaycanın təklifi ilə artıq danışıqlar ikitərəfli qaydada aparıldığı halda, razılaşmalara da nail olunduğu halda, Qərbin, yaxud da Avropanın ortaya atılmasına indi nə ad qoymaq olar? Belə ortaya düşən idilərsə, artıq keçmişdə qalan münaqişə mövcud olduğu zaman ortaya atılardılar və əgər o zaman fəaliyyətsizlik nümayiş etdiriblərsə, indi qondarma canfəşanlıqları çox bayağı görsənir və bu elə əsl təzad, əsl paradoksallıq deməkdir.

Ən gülünc, təzadlı və paradoksal məqam səfir Libbinin “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına müsahibəsində dedikləridir

Ən maraqlı, daha doğrusu, ən təzadlı və paradoksal məqam ondan ibarətdir ki, Ermənistan tərəfi artıq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, bəzi kənar qüvvələr hələ də bunu etiraf etməkdən boyun qaçırırlar. Xatırladığımız kimi, Rusiya Prezidenti Vladimir Putin demişdi ki, Ermənistan özü Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edirsə, o zaman Rusiya buna başqa heç bir reaksiya verməz. Əslində, bu çox doğru yanaşmadır və həqiqətən də Rusiya lideri məntiqi şəkildə cavab verib. Amma indi bir çoxları bunu ya başa düşmürlər, ya da özlərini qanmazlığa qoymaqla, çox təzadlı mövqe nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyünü Ermənistan tərəfi tanıdıqdan sonra, erməni baş nazir bunu rəsmi yığıncaqda özü ifadə etdikdən sonra hansısa ölkə rəsmisinin, yaxud da hansısa beynəlxalq qurum rəsmisinin bunu nəzərə almadan bir də həmin məqamla bağlı fikir səsləndirməsi heç bir məntiqə və normaya sığışa bilməz, heç sığışmır da.

Artıq üç ildən çoxdur ki, ABŞ səfirləri, daha dəqiq desək, əvvəlcə Erl Litzenberqer, indi isə Mark Libbinin məhz Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfər etməkdən qəti şəkildə imtina etmələrinə qətiyyən don geyindirmək olmur. Səbəblərini də özləri bilirlər, amma biz onların olmayan ağıllarından keçəni də, nəzərdə tutduqları səbəbləri başa düşmürük, daha doğrusu başa düşmək istəmirik. Çünki heç bir məntiqə sığışmır. Maraqlıdır, əgər ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda problem nədir ki, Amerikanın Azərbaycandakı səfiri Şuşaya səfər etməkdən boyun qaçırır? Ən gülünc, təzadlı və paradoksal məqam isə səfir Libbinin “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına müsahibəsində dedikləridir. “Aydındır ki, qaytarılan ərazilər bir qədər fərqlidir. Daha çox koordinasiyaya ehtiyac var. Ancaq mən hardasa təşkil olunan şounun iştirakçısı olmaq istəmirəm. Ona görə də vaxtı gələndə bunu edəcəm”, deyən ABŞ səfiri nə sayıqladığını deyəsən özü də başa düşmür. Bu adam hansı şoudan danışır? “Fərqli” dedikdə nəyi nəzərdə tutur? Bir belə sayıqlama olmaz axı. Ən azından Amerika boyda yekə bir ölkənin səfirinin belə təzadlı fikirlər səsləndirməsi hədsiz dərəcədə gülüncdür. Yəni həqiqətən də ABŞ səfiri elə hesab edir ki, rəsmi Bakının Azərbaycanda akkreditə olunmuş diplomatların nümayəndələri üçün təşkil etdiyi Şuşa səfərlərini məhz belə xarakterizə edə, onu şou adlandıra bilər? Doğrudan da Amerika səfiri başa düşmür ki, belə fikir səsləndirməklə təkcə Bakıya qarşı deyil, diplomatik nümayəndələri Şuşaya böyük nümayəndə heyətlərinin tərkibində səfər etmiş bütün ölkələrə qarşı qəbuledilməz hörmətsizlik edir? Amerikalı diplomat dərk edə bilmir ki, əvvəla digər səfirliklərdən olan həmkarlarını hansısa şounun iştirakçısı adlandırır və bunun ardınca da həmkarları ilə, digər ölkənin diplomatları ilə bir səyahəti özünə sığışdırmadığını bəyan etməklə normaları da ayaqlayır.

Amerikalı diplomatın timsalında kimsə özünü haylara göstərmək üçün axmaq sayıqlamalarla çıxış edirsə, özünü rüsvay etmiş olur

Şüşa Azərbaycanın mədəniyyət paytaxtı sayılır və həmin şəhərə səfər etməkdən boyun qaçırmasına görə “izahat” vermək istədiyi zaman amerikalı diplomatın söylədikləri həm gülüncdür, həm də təzadlı. Doğrudur, onun sonradan Azərbaycanın mədəniyyət paytaxtına, Şuşaya səfər edib-etməməsi artıq bizi bir o qədər maraqlandırmır. Amerikalı diplomat guya Şuşaya səfər etməsə idi nə olacaqdı? Məsələ burasındadır ki, Şuşanın da digər şəhərlərimiz kimi Azərbaycana məxsus olduğunu hər kəs bilirsə və bunu Ermənistan tərəfi də etiraf etdisə, deməli, hansısa diplomatın özünü ermənilərə də “göstərmək” niyyəti də mənasızdır. Əgər həqitən də amerikalı diplomatın timsalında kimsə özünü haylara göstərmək üçün belə axmaq sayıqlamalarla çıxış edirsə, birinci növbədə özünü rüsvay etmiş olur, çünki bununla nəyə isə nail ola bilmir. Digər tərəfdən də, bunun artıq ermənilər üçün də fərqsiz olduğunu nəzərə aldıqda, ümumiyyətlə mənasız davrandığı ortaya çıxır. Artıq ermənilər də hamı kimi qəbul edirlər ki, Şuşa Azərbaycana məxsusdur və bəzən aralarında hansısa sayıqlayan revanşistlər nə isə uydurma uydursalar belə, haylar bunun əksini daha təsəvvürlərinə belə gətirə bilmirlər.

Ümumiyyətlə, təkcə ABŞ səfiri Libbi deyil, hansısa diplomat, yaxud kimsə müvafiq şəkildə ermənilərə özünü göstərmək niyyətinə düşmüş olsa böyük səhvə yol vermiş olar. Artıq Azərbaycanın öz əzəli və əbədi torpaqlarını, ərazilərini işğaldan azad etdiyini erməni cəmiyyəti başa da düşüb, qəbul da edib. Təsadüfi deyil ki, bu boyda dünyada bu yekəlikdə lobbiyə arxayın ola bilən erməni baş nazir Nikol Paşinyanın özünün də artıq reallıqla barışmaq məcburiyyətində qaldığı göz önündədir. Deməli, çarəsizliyik, reallıqla barışmaqdan başqa yolun olmaması artıq inkar edilə bilməz. Belə olan halda, hansısa bir ölkə diplomatının, yaxud hansısa bir siyasətçinin, hansısa beynəlxalq qurum rəsmisinin özünü ortaya atması gülünc olduğu qədər də təzadlı görünür. Daha dəqiq desək, haylar özləri belə həqiqətləri, reallıqları qəbul etdikləri halda, yəni reallıqların fonunda kimlərinsə buna əks mövqe nümayiş etdirməsi paradoksallıqdır və hər halda bunu müşahidə edən dünya ictimaiyyəti həmin təzahürə heç də yaxşı baxa bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə