Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində iştirak etmək üçün mayın 8-də Moskvaya səfər edəcək. SİA xəbər verir ki, Nikol Paşinyan bunu mətbuat konfransında deyib. O, həmçinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün planlaşdırıldığını bildirib.

“Sabah Avrasiya İqtisadi Birliyinin ali şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedəcəyəm. Mənim Rusiya prezidenti ilə ikitərəfli görüşüm olacaq”, - deyə Ermənistan hökumətinin başçısı vurğulayıb. Onun sözlərinə görə, görüşdə “yığılıb qalmış problemlər” müzakirə ediləcək.

“Rusiya ilə münasibətlərin gündəliyi çoxtərəflidir. Bu müddət ərzində bir çox problemlər ortaya çıxıb. Biz, həmçinin İrəvan ilə Moskva arasında dostluq münasibətləri kontekstindən mənfi nüansları çıxarmaq üçün müzakirələr aparacağıq”, - deyə Nikol Paşinyan əlavə edib.

Qeyd edək ki, bu il Avrasiya İqtisadi Birliyinə Ermənistan sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə