Beynəlxalq Daun Sindromu Günü qeyd olunub - TƏDBİR

Bu gün Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyinin və YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 21 mart Beynəlxalq Daun Sindromu gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutub.

Tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin və YAP Nizami rayon təşkilatı Gənclər birliyinin sədri Sevinc Abdullayeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək uşaqları Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Tədbiri izləyənlər arasında YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, millət vəkili İqbal Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da olub.

Çıxışlardan sonra bədii hissəyə start verilib. Sənət adamları iləbərabər, daun sindromlu istedalı uşaqlar da tədbiri öz çıxışları ilə şənləndiriblər.

Sonra Novruzun atributları olan Kosa və Keçəl uşaqları əyləndirib, onlara bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyi 2013-cü ildən bəri fəaliyyətdədir. Birliyə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Qayğı Uşaq Reabilitasiya Mərkəzi daxildir. Hər iki mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 5 yaşından yuxarı Daun sindromlu şəxslər, Qayğı Uşaq Reabilitasiya Mərkəzində isə 3-7 yaş arası serebral iflicli uşaqlar reabilitasiya keçirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə