Türkiyənin dəhşətli koksaki virusu Azərbaycana da gəlib? HƏYƏCAN

Son günlər Türkiyədə, xüsusən də uşaqlar arasında koksaki virusu yayılıb. Azərbaycandan hazırda Türkiyəyə xeyli sayda turistin getdiyini nəzərə alsaq, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı ola bilər. Bəs görəsən ölkəmizdə bu xəstəlik aşkarlanıbmı və bunun qarşısının alınması üçün hansı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva ölkəmizdə koksaki virusunun aşkarlanmadığını dilə gətirib: “Sərhəddən keçən və hər hansı xəstəliklərlə bağlı şübhəli bilinən bütün vətəndaşlar müayinə olunur. İndiyədək aparılan müayinələr zamanı koksaki virusu qeydə alınmayıb”.

Direktor müavininin sözlərinə görə, bütün yoluxucu xəstəliklərin də ölkəyə keçməməsi istiqamətində gücləndirilmiş işlər davam etdirilir: “Ümumiyyətlə Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət tam sabitdir”.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov da açıqlamasında indiyədək bununla bağlı hər hansı problem yaşanmadığını dilə gətirib: "İndiyədək koksaki virusuna görə, bilet geri qaytarılması faktına rast gəlməmişik . Hər il olduğu kimi, bu il də qardaş ölkə olan Türkiyə azərbaycanlı turistlərin istirahət üçün ən çox üstünlük verdiyi xarici ölkələrdən biridir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. Koksaki virusu qrip virusu kimi əsasən hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə